Qorxulu Tehran və sərt Kreml: Bakı üçün təhlükəli ittifaq – TƏHLİL
Bizi izləyin

Nida.az

Qorxulu Tehran və sərt Kreml: Bakı üçün təhlükəli ittifaq – TƏHLİL

Ukrayna böhranından sonra Qərbin “sərt üzü” ilə qarşılaşan Rusiya regionda İranla birgə anti-qərb koalisiyası formalaşdırır. Məlumatlara görə, Rusiya İrana “S-300” zenit-raket komplekslərinin çatdırılması haqqında danışıqları bərpa edir. Artıq hər iki ölkənin müdafiə nazirləri bu məsələni bir masada müzakirə edib.

Halbuki Rusiya BMT-nin İrana qarşı hərbi texnikanın çatdırılmasını qadağan edən 1929 saylı qətnaməsindən sonra “S-300” komplekslərinin çatdırılması haqda müqaviləni 2010-cu ildə birtərəfli qaydada ləğv etdi. Lakin zaman keçdi və geosiyasi vəziyyət tamamilə dəyişdi. Moskvaya bu gün Qərbə qarşı güclü müttəfiqlər lazımdır. Hərçənd İran Qərblə nüvə danışıqlarını intensivləşdirməyə və sanksiyaların yumşalmasında maraqlıdır. Amma görünür, Tehran da vaxtilə ona qarşı çıxmağa məcbur edilən Rusiyanın düşdüyü vəziyyətdən istifadə etmək niyyətindədir.


Göründüyü kimi, Moskva və Tehran bir araya gəlib “ümumi düşmənə” – Qərbə qarşı birləşə bilərlər. Bizim üçün əsas sual regionda yarana biləcək güclü anti-qərb koalisiyasının Azərbaycana necə təsir edəcəyidir. Söhbət Bakının Qərb və Rusiya kimi iki nəhəng arasında apardığı balans siyasətinə İran faktorunun da əlavə olunmasından gedir.

Azərbaycan anti-qərb və anti-İsrail siyasəti yürütməlidir?


Azərbaycan Rusiya ilə münasibətlərini yüksək səviyyədə saxlamağa çalışır. Qərb sanksiyaları fonunda Moskvaya iqtisadi dəstək verməsi də Bakının anti-Rusiya siyasətində yer almaq niyyətinin olmadığını göstərdi. Lakin Rusiyanın bu xoş münasibəti hara qədər dəyərləndirəcəyi də sual altındadır. Kreml Bakının Qərbə “gülümsəməsini” heç vaxt müsbət qarşılamayıb.

İranla münasibət formaca eyni olsa da, bir qədər fərqlənir. Çünki ikitərəfli münasibətlər uzun illərdən sonra yalnız ötən il yoluna düşdü. Prezident İlham Əliyev və Həsən Ruhaninin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərdə xeyli ümidlər yaratdı. Lakin Tehranın anti-İsrail ritorikası müəyyən fasilələrlə bu gün də davam edir və Bakı da Tehranda həmişə “İsrailin dostu” olaraq xatırlanır.

Bu gərgin münasibətlər fonunda Rusiya və İranın anti-qərb koalisiyası yaratması Azərbaycan üçün xarici siyasi kurs baxımından ciddi təhlükəyə çevrilə bilər. Əsas təhlükə isə ikitərəfli təzyiqin güclənməsidir. Rusiya Azərbaycanı anti-qərb, İran isə anti-İsrail ölkə olaraq görmək istəyəcək.

Bakının indiyə qədər təzyiqlər qarşısında öz balans siyasətini dəyişmədiyini nəzərə alsaq, yarana biləcək hansısa təhdiddən çəkinəcəyini demək çətindir. Lakin yeni anti-qərb koalisiyasının yarada biləcəyi çətinliklər bununla bitmir.


Bakı ətrafında siyasi-iqtisadi halqa


Rusiya-İran yaxınlaşma perspektivi Azərbaycan ətrafında yeni halqa yaradacaq. Cənubdan İran, Şimaldan Rusiya ilə əhatələnən Azərbaycan qarşı tərəfdə düşmən Ermənistanla üzləşir. Arzuolunmaz vəziyyətdə “işıq yanan tərəf” Gürcüstandır. Gürcüstan Azərbaycan üçün Qərbə çıxış və enerji infrastrukturu üçün əsas yoldur. Türkiyə vasitəsilə də çıxış mümkündür. Lakin bu ölkə ilə sərhədlər blokadada olan Naxçıvan Muxtar Respublikası ilə məhdudlaşdığı üçün vəziyyət bir qədər dəyişir.

Anti-qərb koalisiyası yaranacağı təqdirdə Rusiyanın Azərbaycana yaradacağı ilk maneə Gürcüstandan keçir. Bu günlərdə gündəmə gələn məsələ də bunu deməyə əsas verir (http://publika.az/p/60393).

Rusiya prezidenti Vladimir Putinin sabiq məsləhətçisi, iqtisadçı Andrey İllarionovun açıqlaması ciddi təhlükələrdən xəbər verir.


“Hazırda Avaro-Kaxetiya yolu yenidən qurulur. Bu yol gələn ilin yazında Şərqi Gürcüstana hərbi texnikanın çatdırılması üçün kanal ola bilər. Rusiya Baş Qərargahı üçün Ermənistana və Dağlıq Qarabağa quru dəhliz lazımdır. Bu halda Azərbaycandan Türkiyəyə uzanan boru kəmərləri də kəsilmiş olacaq”, - deyə Putinin keçmiş məsləhətçisi bildirib.


Bu, Qərbin Rusiyadan fərqli enerji mənbəsi olaraq gördüyü Bakı qazının oyundan çıxarılması baxımından da Moskvaya sərf edir. Bakı qazına əlavə mənbə olması ehtimal olunan İran da avtomatik olaraq sıradan çıxır.
Rusiya ilə eyni masada oturacağı halda, İranın özü bu ssenaridə köməkçi rolunu oynaya bilər. Tehranın Ermənistana “tarixi sevgisi” və Azərbaycana tarixi mənfi münasibəti bəllidir. Bölgənin yeni siyasi coğrafiyası İrəvan üçün göydəndüşmə ola bilər. Lakin hələlik hər şey ehtimallar üzərində qurulub.


Daha bir ehtimal İranın Avrasiya İqtisadi İttifaqına qoşulmasıdır. Bu baş verərsə, Azərbaycan ətrafında üç ölkənin iqtisadi çevrəsi yaranacaq. Bu da Ermənistanın düşdüyü blokadadan çıxışı və perspektivdə Bakı üçün arzuolunmaz Rusiya-İran-Ermənistan ittifaqı deməkdir.


Pekin oyuna girir?


Bölgədə anti-qərb koalisiyasından doğan digər ehtimal dəmiryol nəqliyyatı üzərində yarımçıq qalan işlə bağlıdır. Söhbət Azərbaycanın da qoşulduğu “Şimal-Cənub” dəmiryol xəttindən gedir. Bu layihəyə görə, Azərbaycan dəmiryolları şəbəkəsi ilə İran dəmiryolu şəbəkəsi birləşir, bu şəbəkəyə Rusiya da qoşulur və uzaq Şərqə qədər uzanır.

Uzaq Şərqdən Qərbə doğru uzanan nəqliyyat dəhlizlərində də Bakının tranzit olaraq xüsusi yeri var. Hansı ki, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan tranzit-nəqliyyat dəhlizi ideya olaraq gündəmdədir. Başda Çin olmaqla, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) çevrəsindəki ölkələrsə buna qarşıdır.

Ötən ilin sentyabr ayında Rusiya mediası diqqət çəkən iddia irəli sürdü: Azərbaycan və Türkmənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) cəlb oluna bilər. Bunun üçün xüsusi ssenarilərin hazırlanması məsələsi də gündəmdədir. Məqsəd də Xəzər üzərindən yaradıla biləcək Kabil – Aşqabad – Bakı – Tiflis tranzit-nəqliyyat dəhlizinin qarşısını almaqdır. ŞƏT-ə münasibətdə Azərbaycan Türkmənistana nisbətən loyaldır. Türkmənistan Qərbə çıxış əldə etmək istəsə də, bu coğrafi baxımdan çətin görünür. Azərbaycan və Türkmənistanın ABŞ-ın Böyük Yaxın Şərq layihəsinin mürəkkəb şimal sərhədi olması da diqqət çəkir. Azərbaycanın ŞƏT-ə qoşulmasında Çin də maraqlıdır. Bu isə Rusiya və İranın yaradacağı anti-qərb koalisiyasına Pekinin dolayısı dəstəyi deməkdir.

Xəzərdə arzuolunmaz vəziyyət: Tehran və Moskva dənizə hakim ola bilər


Qərb bu ssenarilərdən xəbərdardır və oyunu pozmaq üçün ilk hədəfi Tehranla Moskva arasında münasibətlərə zərbə vurmağa yönəldə bilər. İlk zərbənin Xəzərdə endiriləcəyi ehtimal edilir. Belə ki, İran və Rusiya arasında Xəzərdə bufer zona yaratmaqla, hansısa nəticə əldə etmək mümkündür. Çünki Moskva və Tehranın regionda yaxınlaşması Bakı üçün Xəzərin statusu məsələsində də arzuolunmaz ola bilər.

Bu yaxınlaşma Rusiya və İranın Xəzərin statusunda üst-üstə düşməyən mövqelərini dəyişdirəcək.

Hazırda Xəzərin hüquqi statusu ilə bağlı üç əsas yanaşma var.

Birincisi, beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qədər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır.


İkincisi, 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə Müqaviləyə uyğun olaraq hər bir ölkə üçün 12 millik dəniz suları nəzərdə tutur, qalan ərazi isə sahil ölkələrinin ümumi istifadəsinə verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır.


Üçüncüsü, dənizin beş ölkə arasında bərabər bölünməsi nəzərdə tutulur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərdə ən uzun sahili olan dövlətlər - Qazaxıstan və Rusiya qarşı çıxır.

Tehran-Moskva yaxınlaşması fonunda regionda iki güc mərkəzi Xəzəri öz maraqlarına uyğun formada bölə bilərlər. Təbii ki, bütün bunlar ehtimallardır. Lakin təhlükənin olmadığı da demək deyil.


Bakı üçün çıxış yolu regionda Ankara və Tiflislə ittifaqın yaradılmasıdır. Son iki ildə bu ittifaq qeyri-rəsmi şəkildə formalaşır. Mütəmadi olaraq üçtərəfli görüşlərin keçirilməsi da bunu deməyə əsas verir. Lakin ittifaqın nə dərəcədə uğurlu olacağını indidən demək çətindir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm