• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Prezident İlham Əliyev Davos Forumunda çıxış edib (YENİLƏNİB)

  • Nida.az
  • 22 Yanvar 2015 19:01
  • 548 Baxış
Prezident İlham Əliyev Davos Forumunda çıxış edib (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.

Praktiki baxımdan Azərbaycanda Ukrayna münaqişəsinin təsiri hiss olunmur. Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukrayna münaqişəsinin postsovet ölkələrdəki vəziyyətə təsiri barədə sualı cavablandırarkən deyib.

Prezidentin sözlərinə görə, siyasi baxımdan da Rusiya və Ukrayna ilə yaxşı və dostluq münasibətləri olan istənilən ölkə üçün belə vəziyyət arzuolunmazdır: "Biz yaxınlarını itirmiş insanların acısını bölüşürük və bu faciə təəssüf ki, davam edir. Hər iki tərəfdən günahsız insanlar ölür. Bütün bunlar nə qədər tez bitsə, bir o qədər yaxşıdır".

İlham Əliyev qeyd edib ki, Azərbaycanın özü müharibə və işğaldan əziyyət çəkir: "Hər bir müharibə atəşkəs rejimi ilə başa çatır və buna görə də sülh sazişinin imzalanmasına üstünlük verilməlidir".

Prezidentin sözlərinə əsasən, Rusiya və Ukrayna hakimiyyətlərinin tərəfdaşlarına - MDB-nin üzv ölkələrinə və postsovet dövlətlərə necə münasibət bəsləməsi önəmlidir: "Hazırda bir milyondan çox azərbaycanlı Rusiyada, yarım milyondan çoxu isə Ukraynada yaşayır".

Trend-in məlumatına görə, Prezident İlham Əliyev Forumun “Transformasiya prosesində regionlar: Avrasiya” sessiyasında iştirak edib.

Dövlət başçısı çıxışında deyib ki, Azərbaycan 1991-ci ildə müstəqil olub: "Bu, regionda böyük dəyişiklik, eləcə də bizim qarşımızda böyük vəzifə idi, çünki müstəqil dövlət qurmaq imkanı yaranmışdı. Biz dövlət qurmalı, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan müasir iqtisadiyyat yaratmalı idik”.

İlham Əliyev Azərbaycanda baş verən transformasiyalar barədə də danışıb: “Bizim üçün transformasiya siyasi sistemin transformasiyası demək idi, çünki müstəqilliyin əldə edilməsinə qədər bu bizdə yox idi. Bu, həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına transformasiya idi”.

Prezident bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır və iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir: "Biz neftin qiymətinin təsirindən getdikcə daha az asılı oluruq. Eyni zamanda, beynəlxalq maliyyə institutları, o cümlədən AYİB və digərlərinin yardımı ilə iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün çox iş görülüb".

İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq donor ölkəyə çevrilib və bir sıra layihələri yalnız özü maliyyələşdirir.

Qeyd edək ki, yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu işə başlayıb.

Yanvarın 25-dək davam edəcək və “Yeni qlobal kontekst” devizi altında keçirilən forumun gündəliyinə dünya bazarlarındakı mövcud durum, aparıcı valyutaların məzənnələrindəki dəyişikliklər, neft bazarındakı qiymət, müxtəlif münaqişə ocaqlarının yenidən alovlanması və terror təhlükəsinin artması kimi mövzular daxildir.

Hər il olduğu kimi, bu il də forumun işində dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Tədbirə dünyanın 140-dan artıq ölkəsindən 2500-dən çox nümayəndə qatılıb.

Azərbaycan 20 ildən artıqdır ki, erməni işğalından əziyyət çəkir və danışıqlar prosesi nəticəsiz qalır.

Prezidentin sözlərinə görə, postsovet məkanındakı, eləcə də ümumilikdə bütün dünyadakı münaqişələrə vahid yanaşma olmalıdır, eyni beynəlxalq hüquqi normalar tətbiq edilməlidir.

Dövlət başçısı qeyd edib ki, hansısa münaqişə həll olunmadıqda və həlli yubanan münaqişəyə çevrildikdə, başqa münaqişə doğurur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR