• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Vaşinqton-Berlin-Moskva üçbucağının Bakı savaşı - TƏHLİL

  • Nida.az
  • 22 Yanvar 2015 21:15
  • 865 Baxış
Vaşinqton-Berlin-Moskva üçbucağının Bakı savaşı - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə səfərindən dərhal sonra Almaniyaya səfər etməsi diqqət çəkir. Azərbaycan liderinin Ankara səfəri bir sıra suallar baxımından maraqlı idi. Xüsusilə, Rusiyanın “Türk axını”nı planının gündəmə gəlməsindən sonra Bakının müəllifi olduğu “Cənub qaz dəhlizi” layihəsinə təhlükənin yarana biləcəyi ehtimalı səfərin əsas ana xəttini təşkil edirdi. Ərdoğanla İlham Əliyevin qapılar arxasında hansı müzakirələri apardığı məlum olmasa da, liderlərin mətbuatın önündə məmnun görünüşü ciddi problemin olmadığını deməyə əsas verdi.

Azərbaycan liderinin Berlin səfərindən sonra ortaya bir neçə versiya atılıb.

İlk versiyaya görə, Ankara öz maraqlarını nəzərə alaraq enerji layihələrində Bakının mövqeyinə zidd siyasət yeritməyə başlayıb və Azərbaycan lideri də milli maraqlar naminə Avropanın lider dövləti olan Almaniya ilə yaxınlaşmaq kursunu seçib.


Lakin yuxarıda qeyd etdiyimiz kimi, Türkiyə və Azərbaycan liderlərinin məmnunluğu, görüşdən sonra verdikləri bəyanatlar bu versiyanın ciddi olmadığını göstərir.

İkinci mühüm versiya Bakının son zamanlar gərginləşən Ankara-Berlin münasibətlərində vasitəçi olmasıdır. Bu versiya ehtimallar sırasında sonuncu olsa da, yaşamaq hüququ var. Çünki hazırda PKK-nın Avropadakı əsas təşkilatı Almaniyadadır. Berlinin peşmərgəyə dəstək adı altında PKK-nı silahlandırmasına dair iddialar var. Cizrə mahalındakı son hadisələrin arxasında alman kəşfiyyatının dayandığına dair də iddialar səslənir.
Ankara-Berlin arasında əsas problemlərdən biri də Almaniyada yaşayan türklərlə bağlıdır. Bu ölkədə anti-türk çıxışlara tez-tez rast gəlmək olur. Xüsusi məqamlardan biri də Türkiyənin Avropa Birliyinə üzvlüyünün qarşısında əsas maneənin məhz Almaniya olmasıdır. Bu proseslər fonunda Ərdoğanla Merkelin münasibətləri heç də yaxşı deyil.

Ehtimal var ki, Ankaradan sonra Berlinə gedən İlham Əliyev Almaniya kanslerinə türkiyəli həmkarının fikirlərini də çatdırıb. Azərbaycanın Avropanın enerji təminatında əsas qüvvəyə çevrilmək perspektivləri də Prezident İlham Əliyevə vasitəçi olmaq şansları verir.


Təbii ki, bütün bunlar Azərbaycanın dövlət maraqlarından sonrakı məqamlardır.

Berlin səfərində əsas xətt məhz Azərbaycan enerjisidir. Üçüncü və əsas versiya da budur. Almaniya bu gün Avropa Birliyinin lider ölkəsidir. Onun liderliyi təkcə sözdə yox, iqtisadi və siyasi üstünlükdə də özünü göstərir. Bu isə Berlinə Avropanın taleyini öz çiynində daşımaq kimi məsuliyyətli missiyanı üzərinə götürmək imkanı verir. Merkel Bakı qazı vasitəsilə Avropanı Rusiyanın enerji asılılığından qurtarmaqla, Almaniyanın nüfuzunu və şəriksiz liderliyini gücləndirə bilər.


Politoloq Rövşən İbrahimov hesab edir ki, səfərin məqsədi Almaniyanın təşəbbüsü ələ almaq istəyidir: “Rusiya “Cənub axını”ndan imtina etdi. Ukrayna münaqişəsi isə Rusiya enerjisinə alternativlərin tapılmasını aktuallaşdırdı. Əsas alternativ Azərbaycan qazıdır. Almaniya Rusiya ilə münasibətləri normal səviyyədə saxlamağa çalışdığı üçün bu proseslərdən kənarda dayanmaq istəyirdi. Lakin Berlin-Moskva münasibətləri artıq əvvəlki kimi deyil. Bu baxımdan, Merkel təşəbbüsü ələ almaq və Avropada liderliyini qorumaq istəyir”.


Politoloq Rusiyanın “Cənub axını”ndan imtina etməsindən sonra Azərbaycanın aktuallığının artdığını bildirib.


“Avropa Birliyinin enerji təhlükəsizliyində TANAP, TAP faktoru aktuallaşıb. Hesab edirəm ki, Almaniya və Azərbaycan arasındakı danışıqlarda bu məsələ əsas prioritetlərdən olub”, - deyə politoloq bildirib.


Səfər zamanı diqqət çəkən məqamlardan biri də Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq perspektividir. Angela Merkel çıxışında bu məsələyə xüsusi önəm verdi. O, Azərbaycana qoyulan alman kapitalının 2,5 milyard dollar civarında olduğuna diqqət çəkərək, alman şirkətlərinin Azərbaycandakı fəaliyyətindən danışdı.


Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvü Fuad Muradov Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin Almaniyaya səfərinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, bu gün iki ölkə arasında siyasi və iqtisadi münasibətlər yüksək templə inkişaf edir: “Azərbaycan avrointeqtrasiya kursuna sadiqdir və bu prosesdə Almaniya ilə münasibətlər önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyev da səfər zamanı bu məsələlərə toxundu. Xanım kansler də Azərbaycanın əhəmiyyətini vurğuladı. Hesab edirəm ki, bu səfər iki ölkə arasındakı münasibətlərə yaxşı təsir edəcək”.


Almaniyanın Cənubi Qafqazda lider ölkə olan Azərbaycana diqqəti Fransa faktoru ilə də bağlı ola bilər. Çünki son dövrlər Fransa Azərbaycanla ikitərəfli münasibətləri genişləndirib. Bu həm də ikitərəfli iqtisadi layihələrdə özünü göstərir.


“Prezident İlham Əliyevin Angela Merkellə görüşü Azərbaycanın siyasi həyatı üçün əlamətdar hadisədir. Azərbaycanın özü də Avropa Birliyi üçün iqtisadi baxımdan cəlbedici ölkədir. Sirr deyil ki, birlik ölkələri arasında Azərbaycanla məhz Almaniyanın münasibətləri yaxşı deyildi. Amma Berlin səhvini başa düşüb. Xüsusilə də, Fransadan geri qalmaq Merkelə sərf etmir”, - deyə Rövşən İbrahimov qeyd edib.


Almaniya ilə Fransa arasında Avropa Birliyində liderlik savaşının gözəgörünməz formada zaman-zaman davam etməsi faktdır. Bu kontekstdə Berlinin Bakıya xüsusi diqqətinin səbəbi aydınlaşır.

Səfərdə ən mühüm məqam isə Almaniyanın Qarabağla bağlı mövqeyi idi. Münaqişənin ərazi bütövlüyü və sülh çərçivəsində həllinə tərəfdar olduğunu deyən xanım Merkel Rusiyanı ittiham etdi.


“Almaniya Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa görə davam edən münaqişənin nizamlanmasında iştirak etmək istəyir. Biz Azərbaycan Prezidenti ilə münaqişənin dinc yolla həll edilməsi məsələsində vahid mövqeyə gəldik. Almaniya münaqişənin nizamlanmasında vasitəçi olmağa can atır. Biz hesab edirik ki, Avropa Şurası, Avropa İttifaqı bu istiqamətdə birgə təşəbbüslə çıxış edə və münaqişənin nizamlanmasına müəyyən töhfə verə bilərlər. Bununla əlaqədar olaraq Azərbaycan Avropa Komissiyası ilə danışıqlar aparır” - Merkel bəyan edib.


Almaniya kansleri bildirib ki, onun ölkəsi ATƏT-in Minsk Qrupunun üzvüdür və Ermənistanla Azərbaycan prezidentləri arasında həmsədr ölkələr - Fransa, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyir. Lakin Merkel əlavə edib ki, Rusiya Qarabağ münaqişəsinin qızışmasında neqativ rol oynayır: “Hesab edirik ki, bu münaqişənin ancaq bir həll yol var - sülh yolu. Təbii ki, atəşkəsin tez-tez pozulması halları neqativ faktdır. Hesab edirəm ki, burada Rusiya müəyyən rol oynayır. Mən bunu sadəcə olaraq qeyd etmək istədim”.


Alman liderinin bu açıqlamasının Rusiya ilə pisləşən münasibətlərə bağlı olduğunu iddia etmək olar. Lakin bunun Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə xeyir verə biləcəyi ehtimalı da güclüdür.


Politoloq Natiq Miri Publika.az-a açıqlamasında bildirib ki, Ukrayna böhranından sonra ilk dövrlər Rusiyaya qarşı çıxmayan yeganə Avropa ölkəsi olan Almaniyanın bu mövqeyi diqqət çəkir. Onun sözlərinə görə, Rusiya Avropadakı sonuncu dəstəyini artıq itirib: “Avropa güman ki, Moskvaya qarşı hücumlarının sərtləşdirəcək. Rusiyada iqtisadi durum hazırda çox pisdir. Bu isə qarşıdakı dönəmdə bu ölkənin öz problemlərinə başının qarışması və digər məsələlərin arxa plana keçməsi ilə nəticələnə bilər. Misal üçün, Ermənistana verilən dəstək kəsilə bilər. Bu isə Azərbaycana öz torpaqlarının azad olunmasında yeni şanslar yaradır”.


Politoloq münaqişənin həllində Qərbin təşəbbüsü ələ alacağını istisna etmir.

“Bu baş verərsə, ümumi mənzərə bizim xeyrimizə olacaq və ərazi bütövlüyümüz bərpa oluna bilər. Qərb heç vaxt regionun əsas dövləti olan Azərbaycanı itirmək istəməz. Bakı isə ərazi bütövlüyünə dəstək verən gücün yanında olacağını açıqlayıb. Belə olan təqdirdə, Avropa Birliyi münaqişənin həllində aktivləşə və qarşıdakı dönəmdə nəticələrin olmasına çalışacaq”, - deyə o vurğulayıb.


Politoloq Rövşən İbrahimov isə hesab edir ki, Almaniya Dağlıq Qarabağ münaqişəsində birbaşa rol almaq istəyir: “Bu günə qədər Berlin münaqişəyə dair epizodik çıxışları ilə yadda qalıb. Merkelin bu açıqlaması isə kursun dəyişdiyi ehtimalını gücləndirir”.

Sabiq dövlət müşaviri Vəfa Quluzadə də xanım Merkelin açıqlamasını müsbət qiymətləndirir. Lakin o, münaqişənin həllini Rusiyanın çökməsindən sonra mümkün olacağını hesab edir.


“Hər şey Rusiyanın Ukraynadan necə çıxacağına bağlıdır. Əgər Rusiya zəif olaraq çıxacaqsa, bu regiondakı digər münaqişələrin, eləcə də Dağlıq Qarabağ probleminin həllinə təsir edəcək”, - deyə V. Quluzadə vurğulayıb.


Ümumi proseslər isə Azərbaycan lideri İlham Əliyevin ABŞ, Avropa və Rusiya arasında düşünülmüş və effektiv manevr etdiyini göstərir. Bunu hər üç tərəfin Cənubi Qafqazda Azərbaycanın müsbət münasibətini qazanmağa çalışdığı da göstərir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR