“Onları idarə edənlərin tapşırığını icra edirlər” - Müsavatçı gənc detalları açıqladı
Bizi izləyin

Nida.az

“Onları idarə edənlərin tapşırığını icra edirlər” - Müsavatçı gənc detalları açıqladı

Bu da liderlik qabiliyyəti olan gənclərin, partiya daxilində söz sahibi ola biləcək, potensiallı gənclərin qarşısını almaq üçün edilmiş hərəkətlərdir.


Müsavat Gənclər Təşkilatı iki qrupa bölünüb və qruplar arasında münasibətlər gərgin atmosferdədir. Məlumatlara görə, qrupların biri hazırki sədr Əhliman Əmiraslanovun tərəfdarları, digəri ilə ötən il təşkilata keçirilən nəticələri ləğv edilmiş seçkilərdə qalib gələnlərdir.

“Mən sədr seçiləndə gizli yollarla mətbuata məlumat ötürürdülər ki, guya pozuntular baş verib”

Ləğv edilmiş seçkinin qalibi Cavid Hacıbəyli Publika.Az –a açıqlamasında lap əvvələ qayıdaraq təşkilatda baş verənləri şərh edib. Əvvəl danışmaq istəmədiyini, lakin buna məcbur olduğunu deyən gənc müsavatçı bəzi xırda detallara da toxunmaq istədiyini açıqlayıb: “Çünki sosial şəbəkələrdə zaman-zaman bizə böhtan atılır. Demokratiyadan danışırıqsa öz içimizdə olanları da tənqid etməliyik. Müsavat Gənclər Təşkilatı hər zaman, əsasən də Tural Abbaslının sədrliyi dönəmində ən güclü gənclər təşkilatı olub. Mən və GT-nin rəhbərliyinə daxil olan Əhəd Məmmədli, Rüfət Hacıbəyli Müsavat GT-nın güclənməsi, üzvlərimizin sayının artırılması, kəmiyyətinə və keyfiyyətinə görə də ölkədə ən böyük gənclər təşkilatı olması üçün əlimizdən gələni etmişik, buna da nail olmuşduq. Həbslər, təzyiqlər, təqiblərlə üzləşmişik dəfələrlə. Bunu hər kəs bilir”.

2013-cü ilin avqust ayında olan nəticələri ləğv edilmiş seçkilərə toxunan C. Hacıbəyli bildirib ki, o, demokratik, ədalətli, qanuni keçirilmiş seçkilər əsasında sədr seçilib: “Lakin, seçkinin nəticələri təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlının verdiyi absurd, uydurma bir arayışla ləğv edildi. Guya seçkidə nəticələrin ləğvinə gətirəcək pozuntular baş vermişdi. Halbuki, belə hallar baş verməmişdi, sadəcə partiyada olan qruplaşmalar və onların sifarişini həyata keçirən bir neçə gəncin provakasiyası nəticəsinə ləğv edildi. Mən sədr seçiləndə gizli yollarla mətbuata məlumat ötürürdülər ki, guya seçkidə pozuntular baş verib. Və həmin şəxslər də özləri bildirirmişlər ki, mətbuata ötürülməsə, partiya bu məsələyə ciddi yanaşmayacaq. Əgər pozuntu var idisə, nə üçün avqust konfransında keçirilən seçkidə yaradılmış say komissiyasının qarşı tərəfdən olan dörd nəfər üzvləri- Elçin Cərullazadə, Əbülfəz Sadıqbəyli, Fərəc Kərimov, Günel Rəhimli seçkinin yekun nəticələrini əks etdirən protokola imza atmışdılar? Pozuntu baş vermiş idisə imza atılmamalı idi. Ancaq sonradan onlara gələn göstərişlə şikayət hazırladılar ki, guya 9 bülleten artıq çıxıb və s pozuntular baş verib. Halbuki bülletenləri onların özləri bir-bir ayrı ayrılıqda saymışdılar”.

“Gənclər təşkilatı heç kimin özəl mülkü deyil ki, istədiklərini çıxarsınlar”

C. Hacıbəyli qeyd edib ki, adlarını sadaladığı və digər üç nəfərə seçkinin nəticələri ləğv ediləndə partiyanın divanı tərəfindən xəbərdarlıq cəzası verilib. Beləliklə, say komissiyasının yeddi üzvünə xəbərdarlıq edilib. “Bundan sonra həmin şəxslərin durub biz tərəfə böhtan atması ki, guya nəticələri saxtalaşdırıblar, verilmiş xəbərdarlıqdan da görünür ki, həmin şəxslərin özlərinə xəbərdarlıq edilib. Partiyadan əvvəl çıxarılan iki gəncimiz də yenidən üzv olmaq üçün müraciət edəcəklər. Amma 17 noyabr konfransından sonra gənclər təşkilatından çıxarılmış Cavanşir Abbaslı, Azər Ağayev, Kərim Kərimli, İlkin Sərdar, Nicat Sərdar tamamilə absurd əsaslara təşkilatdan çıxarılıb. Bu nə biabırçılıq, bu nə rəzalət, bu nə geri təfəkkürlülük?! Buranı Kommunist Partiyasına çevirməyə çalışanların arzuları ürəklərində qalacaq”-deyə o diqqətə çatdırıb.

C. Hacıbəyli vurğulayıb ki, gənclər təşkilatı heç kimin özəl mülkü deyil, istədiklərini çıxarsınlar: “Biz canımızla, hər cür təhlükə, təzyiq və təqiblərə rəğmən gənclər təşkilatını yüksəltdik, qoruduq, indi bu təşkilat üçün bütün məhrumiyyətlərə məruz qalanları təşkilatdan çıxaran zehniyyət heç bir əndazəyə sığmayan qanunsuzluq edərək gəncləri təşkilatdan çıxarırlar! Bu gənclər hakimiyyətdənmi qorunsular, yoxsa təşkilatındakı bəzi qanunsuzluq edənlərdənmi? Təşkilatın sədri deyir ki, mənim çıxarmaq səlahiyyətim yoxdur, guya mən şikayət etməmişəm, amma başqaları şikayət edib, NTK da çıxarıb. Bu bilirsiniz nəyə bənzəyir? Hakimiyyət bizi şərləyib həbs elətdirir, sonra deyirlər bizlik heç nə yoxdur, məhkəmə müstəqildir. Çox gülüncdür, belə idarəçilik olmur, birləşdirici və barışdırıcı mövqe tutmaq lazımdır. Sədr də tərəf tutursa o zaman düzgün idarəçilik olmur. İdarəçilik anlayışı genişdir, bunu hər kəs bacara bilməz”.

“Onları idarə edənlərin tapşırıqlarını icra edir, ambisiyalarını həyata keçirib guya “təmizləmə” aparırlar”

C. Hacıbəyli hesab edir ki, bu qanunsuz hərəkətlər bunu edənlərin öz hərəkətlər deyil: “Onları idarə edənlərin tapşırıqlarını icra edirlər, onların ambisiyalarını həyata keçirib guya “təmizləmə” aparırlar: “Kimdən və nədən təmizləyirlər? Bu da liderlik qabiliyyəti olan gənclərin, partiya daxilində söz sahibi ola biləcək, potensiallı gənclərin qarşısını almaq üçün edilmiş hərəkətlərdir. Müsavat Partiyası 100 ildən çoxdur mübarizə aparır, biz Müsavata karyera üçün gəlməmişik. Müsavat Partiyasına bir daş dəyəndə bizədəymiş hesab edirik, çünki Müsavat adı təkcə partiya ilə məhdudlaşmır. Əminliklə deyirəm ki, Azərbaycanın, üçrəngli bayrağımızın adı birbaşa Müsavatla bağlıdır. İndi bəzi xoşagəlməz hallara görə partiyanı gözdən salmaq olmaz, biz çox narahatıq bundan. Belə halların qarşısını almaq üçün də dözümlü yanaşmağa çalışırıq. Bundan sui-istifadə etmək də yumşaq desək haqsızlıqdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm