Erməni işğalındakı Alban abidələri: dünya mediasının manşeti - FOTOLAR
Bizi izləyin

Nida.az

Erməni işğalındakı Alban abidələri: dünya mediasının manşeti - FOTOLAR

Avstraliyanın beynəlxalq “Ancient-origins.net” (Qədim mənşələr) saytında Azərbaycan ərazisindəki Alban məbədləri haqqında məqalə dərc edilib.


Publika.az xəbər verir ki, Diaspor Jurnalistləri Birliyinin (DJB) sədri Fuad Hüseynzadənin müəllifi olduğu “Qədim Azərbaycanda Alban xalqının erkən məbəd və abidələri” sərlövhəli məqalədə qədim Alban dövlətinin müasir Azərbaycanın ərazisini əhatə etdiyi qeyd olunur: “Çoxsaylı yazılı tarixi mənbələrin məlumatına görə, qədim Alban dövlətinin tarixi ərazisi eramızın əvvəlindən VIII əsrin əvvəlinədək cənubda Araz çayından şimali Qafqazadək, şərqdə Xəzər dənizinin qərb sahilindən Göyçə gölündən qərbdə yerləşən torpaqlaradək geniş bir sahəni əhatə edir. Makedoniyalı İsgəndərin dövründə Alban hökmdarlığının mövcud olduğunu antik Roma müəllifi Böyük Plini təsdiq edir. Alban dövləti, eramızdan əvvəl təqribən IV-III əsrlərdə formalaşıb, eramızın VIII əsrində ərəb xilafəti tərəfindən işğal edilib. Paytaxtı əvvəlcə Azərbaycanın indiki Qəbələ, sonra isə Bərdə şəhərləri olub. Strabonun məlumatına görə, Albaniya əhalisi 26 dildə danışan tayfalardan ibarət idi”.


Məqalədə qeyd olunur ki, azərbaycanlıların əcdadlarından biri olan albanlar eyni bir ərazidə formalaşıb və özlərinə məxsus zəngin və təkrarolunmaz mədəniyyət qurublar.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyin sədri Faiq İsmayılov bildirib ki, məhz bu baxımdan Azərbaycanın qədim və orta əsrlər tarixinin və mədəniyyətinin tədqiq edilməsində, öyrənilməsində yerli alban mənbələrinin əhəmiyyəti xüsusilə vacibdir.


“Eramızın I əsrindən başlayaraq Roma imperiyası ərazisində yaranmış xristianlıq dini imperiya ilə iqtisadi və mənəvi əlaqələri olan Cənubi Qafqaza da yayılmağa başlayıb. Albaniya çarı Urnayr xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra ölkədə yeni-yeni xristian məbədləri və kilsələr tikilməyə başlandı”, - deyə məqalədə bildirilir.

Bununla yanaşı, Alban dövrü abidələrinin əksəriyyətinin Azərbaycanın bir çox ərazilərində öz ümumi formalarını qoruyaraq dövrümüzə qədər gəlib çatdığı vurğulanır: “Yalnız Qafqaz Albaniyası ərazisində deyil, ümumiyyətlə Qafqazda tikilmiş ilk xristian kilsəsi olan məşhur Kiş məbədi hazırda Azərbaycanın Şəki rayonunun Kiş kəndində yerləşir. Məbədin üzərində hazırda heç bir epiqrafik yazı olmasa da memarlıq-planlaşdırma xüsusiyyətləri, inşaat üslubu və texnologiyası abidənin alban memarlarının yaratdıqları qiymətli sənət əsəri olmasını sübut edir. Dəfələrlə bərpa və təmir edilmiş məbəd zəmanəmizə kifayət qədər yaxşı vəziyyətdə gəlib çatıb. Vaxtilə məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244-cü ildə alban kilsəsinin arxidiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olub”.

Yazıda Azərbaycanın işğal olunmuş ərazilərindəki Alban məbədləri haqqında da məlumat verilir: “Alban memarlığının IV- XVI əsrlərə aid nümunələri bizim dövrə qədər gəlib çatıb. Buna misal olaraq Azərbaycanın Laçın rayonunun Kosalar kəndindəki Ağoğlan məbədi, Xocavənd rayonu Sos kəndindəki Amaras monastırı, Qubadlı rayonundakı Gavurdərə məbədi, Ağdam rayonu Maqadiz kəndində Yegiş Arakel məbədi, Xocalı rayonunda Xansıx və Xacmac məbədləri, Xocavənd rayonu Tuğ kəndində Qırmızı məbəd, Qərbi Azərbaycanda Ağtala məbədi, Ərcivəng məbədi, Tatev məbədi, Uzunlar məbədi, Yenivəng məbədi, Sənain məbədi alban memarlığının dövrümüzə qədər çatmış ən gözəl nümunələridir. Albaniyada xristianlığın yayılmasında böyük xidmətləri olmuş apostol Yeliseyin xatirəsinə ölkədə əsrlər boyu bir çox məbədlər tikilib. Bunlardan bizim günlərə gəlib çatmış ən maraqlısı Azərbaycanın Ağdərə rayonundakı müqəddəs Yelisey monastır kompleksidir. Azərbaycanın Kəlbəcər rayonunun ərazisində, Tərtər çayının sol sahilində yerləşən, xalq arasında Xotavəng və ya Xudavəng, yəni “tanrı məbədi” adlandırılan monastr kompleksi Qafqaz Albaniyası dövləti dağıldıqdan bir əsr sonra - IX əsrdə Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Kompleksdə alban yepiskopunun iqamətgahı və dini maarif mərkəzi fəaliyyət göstərib”.

Məqalədə Alban abidlərinin erməni memarlıq abidlərindən fərqləndiyi nəzərə çatdırılır: “Uzun illə Qafqaz Albaniyasının memarlıq abidələrini tədqiq etmiş alimlərin fikrincə, bu abidələr bir çox xarakterik xüsusiyyətlərinə və memarlıq planlaşdırma üslublarına görə erməni dini memarlıq abidələrindən tamamilə fərqlənir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm