Xəzərə və Bakıya çıxış: əfqan prezidentin şərəf məsələsi
Bizi izləyin

Nida.az

Xəzərə və Bakıya çıxış: əfqan prezidentin şərəf məsələsi

Azərbaycanın Qərbə çıxış dəhlizi kimi əhəmiyyəti artır.


Publika.az xəbər verir ki, bir sıra digər Asiya ölkəsi kimi Əfqanıstan da Bakıya Avropaya potensial çıxış yolu olaraq yanaşır. Bunun üçün Kabilə ilk növbədə Xəzərə çıxış lazımdır.

Türkmənistanda rəsmi səfərdə olan Əfqanıstan prezidenti Əşrəf Qəninin əsas məqsədi Aşqabad-Kabil qaz kəməri və Xəzər dənizinə çıxış imkanını müzakirə etmək olub.


Əfqanıstanın öyrənilməsi mərkəzinin direktoru Ömər Nessar da Kabil üçün Xəzərə çıxışın vacib olduğunu deyib: “Əfqanıstanın dirçəlişi üçün Xəzərə çıxış mütləq lazımdır. Bu işdə Türkmənistan açar rolunu oynayır. Aşqabad həmçinin, öz qazını əfqan bazarına çıxara bilər. Xəzərə çıxış mümkün olarsa, Kabil Azərbaycan vasitəsilə Avropaya açılacaq”.


Onun sözlərinə görə, prezident Qəni də buna çox ümid edir.


“Qəninin yanaşmasına görə, Xəzər sahillərinə çıxış ölkəni böhrandan qurtara bilər. Bundan başqa, əfqan prezidenti 1990-cı illərdə Şərqi və Cənubi Asiyanın nəqliyyat layihələrinin əsas müəlliflərindən olub. O, Dünya Bankının məmuru olarkən bu istiqamətdə ciddi səylə çalışırdı. Buna görə də, Qəni üçün Xəzər sahillərinə çıxmaq bir növ şərəf məsələdir”, - deyə Nessar qeyd edib.


Qeyd edək ki, 2013-cü ildən tikintisinə başlanılan Türkmənistan-Əfqanıstan dəmiryolu nəqliyyatı Kabil üçün böyük ümidlər yaradır. Bu yol sonradan Bakı-Tiflis-Qars dəmiryoluna birləşdirilə bilər. Bu layihəyə Çinin də marağının olduğu deyilir. Pekinin layihənin sponsoru olması ehtimalları da var.


Mərkəzi Asiya üzrə politoloq Ardaki Dubnov hesab edir ki, layihənin reallaşması Əfqanıstanın sabitləşməsində əhəmiyyətli amil ola bilər: “Bu layihə, eləcə də TAPİ layihəsinin təhlükəsizliyi də ciddi amildir. Bu işdə Pekinin rolu mühümdür”.

Politoloq Andrey Kazansev bildirib ki, Azərbaycan Türkmənistan üçün də Avropaya çıxış yoludur: “Görünür, bu dəhlizə Əfqanıstan da qoşulmaq istəyir. Praktiki olaraq qatarlar Kabildən Türkmənistana, oradan da Xəzər üzərindən bərə vasitəsilə Bakıya gələ bilər. Azərbaycan vasitəsilə BTQ-yə qoşulan qatarlar Avropaya çıxa bilərlər. Bu layihədən Qərbin də maraqlı olduğu görünür”.


Xatırladaq ki, ötən il Aşqabadda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat tranzit dəhlizi üzrə razılaşma layihəsinin müzakirəsi keçirilib.

Görüşün gedişatında onun iştirakçıları bütövlükdə bütün region üçün yeni imkanların təminatına xidmət edən layihənin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, layihə Avrasiya sahəsində ticarət-iqtisadi əlaqələrin aktivləşməsinə imkan yaradacaq. Sözügedən tranzit-nəqliyyat dəhlizi həmçinin, Əfqanıstanın iqtisadi dirçəlişinə, onun böyük regional və beynəlxalq infrastruktur layihələrinə qoşulmasına kömək edəcək.


Lakin bir sıra ekspertlər Pekinin bu məsələdə ikili yanaşmasının olduğunu qeyd edirlər. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) gücləndirilməsi və Asiyada əsas faktora çevrilməsi gündəmə gələrsə, bu nəqliyyat dəhlizi arzuolunmaz olacaq. Hazırda isə ŞƏT-in perspektivlərinin yüksək olmadığı bəllidir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm