• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Almaniya Dağlıq Qarabağ problemində vasitəçi ola bilərmi? - TƏHLİL

  • Nida.az
  • 24 Yanvar 2015 18:07
  • 408 Baxış
Almaniya Dağlıq Qarabağ problemində vasitəçi ola bilərmi? - TƏHLİL

Problemə rəsmi və qeyri-rəsmi münasibətlərin yeknəsəqliyi Qarabağ məsələsi üçün bu vaxta qədər bəlkə də ən xarakterik siyasi detal olub; böyük dövlətlərin, nüfuzlu təşkilatların başçıları həmişə ən yaxşı halda atəşkəs rejiminin gözlənilməsinin zəruriliyini deyib, münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyini bildiriblər...

Demirik ki, burada hansısa səhv və yaxud da yanlışlıq olub. Sadəcə, belə təsəvvür yaranıb ki, sanki onlar sözü bir yerə qoyaraq problemin strukturu və onun geosiyasi mahiyyəti, beynəlxalq hüquqi və ümumi humanitar spesifikası haqda danışmamağı qərara alıblar.

Bu baxımdan Almaniyanın kansleri xanım Angela Merkelin son bəyanatı olduqca maraqlı oldu. Xanım Merkel ikicə cümlə ilə elə bir şeyi dedi ki, böyük dövlətlərin başçıları, hətta ən yaxın müttəfiqlər belə ona toxunmamağa üstünlük verirdilər-o, problemdə Rusiyanın iştirakına işarə etdi...

Düzdür, münaqişədə Rusiyanın rolu heç vaxt inkar edilməyib. Amma Rusiya bu aspektdə yalnız regiondakı proseslərə təsiri olan və böyük vasitəçilik potensialı olan dövlət kimi anılıb, onun münaqişədə rolu haqda həmişə böyük bir sükut müşahidə olunub.

Qərbin Ukraynanın problemlərinə münasibətindəki daha realist və birmənalı çalarlar Azərbaycanda bir qədər qısqanclıq yaradırdı. Amma o vaxt da yazırdıq ki, Ukraynanı qısqanmayın, ola bilsin, Ukraynadakı problemə münasibət müəyyən mənada MDB-nin digər bölgələrindəki problemlərə də açar olacaq və Qərb dövlətlərini həmin problemlərə daha birmənalı münasibət sərgiləməyə sövq edəcək...

Angela Merkelin çıxışında daha bir not da sezildi. O, dövlətinin problemdə vasitəçi ola bilməsinə də işarə etdi, amma bunu bir qədər dumanlı tərzdə ifadə etdi - bildirdi ki, Avropa Birliyi də münaqişənin nizamlanmasına öz töhfəsini verə bilər...

Avropa Birliyinin vasitəçiliyi haqqında əvvəllər də fikirlər səslənmişdi. Demək olar ki, Fransa prosesdə Avropa Birliyini təmsil edir. Amma belədirmi? Hamı bu vaxta qədər Avrop Birliyi deyəndə daha çox Almaniyanı düşünüb...

Almaniya Minsk Qrupunun üzvüdür. Amma o da bəllidir ki, Minsk Qrupundan problemlə daha çox üç dövlət-Rusiya, ABŞ və Fransa məşğul olur.

Bu üç sadalanan dövlət təəssüf ki, Ermənistana münasibətdə tamam neytral sayılmır: onlardan ikisi Ermənistanla etno-siyasi (bu ölkələrdə böyük erməni elektoratları var), digəri isə geosiyasi öhdəliklərlə bağlıdır. Birinci iki dövlət-ABŞ və Fransa maksimum dərəcədə çalışırlar ki, bunu prosesdə sezdirməsinlər, amma üçüncü dövlət-Rusiya Ermənistanla özünün hərbi-siyasi və geosiyasi ittifaqını heç vaxt ört-basdır etmək niyyətində olmayıb, onun təmsilçiləri həmişə bəyan ediblər ki, Ermənistan onların hərbi-siyasi müttəfiqidir...

Həmsədrlərin sayının artırılması ATƏT-in Budapeşt sammitindən başlandı. O vaxt Rusiya ikinci həmsədr oldu. Daha sonra isə həmsədrlərin sayı üçə çatdırıldı. Prinsipcə, bu proses davam edə bilər. Elə Ukrayna prosesinin nizamlanması da göstərir ki, geniş siyasi formatlar da mümkündür...

Əvvəllər Almaniya beynəlxalq həyatda bir o qədər də fəallığa can atmırdı. Bu bəlkə də onunla bağlı idi ki, ölkə özünün tarixi vəzifəsini-parçalanmış Almaniyanı birləşdirməklə və bir də Avropa Birliyinin quruculuğu ilə məşğul idi. Amma indi hər iki proses başa çatıb...

Ziddiyyətlər olsa da, müəyyən iqtisadi çətinliklər yaşansa da, Avropa Birliyi artıq dünya siyasətinə və böyük proseslərdə iştiraka kart-blanş alıb. Bunu müəyyən mənada Almaniyanın da uğuru hesab etmək olar. Bu vaxta qədər Avropada “birinci siyasi skripka” rolunu Fransa oynayırdı. Amma həmişə belə bir fikir olub ki, Almaniyanın iqtisadi qüdrəti gec-tez siyasi gücə transformasiya edəcək...

Bu, müəyyən mənada həm də siyasi liderlərdən də asılı məsələdir. Hiss olunur ki, Almaniyanın kansleri öz dövlətinin “passiv iqtisadi donor” statusu ilə barışmaq istəmir və özü də müəyyən mənada ikinci “dəmir ledi” roluna iddialıdır...

Əslində əvvəlki alman liderləri də regional və qlobal məsələlərdə heç də az təsirli deyildilər. Amma Merkel onların hamısından fəal görünür, həm də bir qədər əvvəldə qeyd etdiyimiz kimi, indi elə bir vaxtdır ki, buna şərait və ən başlıcası isə imkan yaranıb...

Siyasət də müəyyən mənada imkanlardan asılı məsələdir. Nahaq yerə demirlər ki, siyasət mümkün olanın sənətidir. Həm də hər şeyin zamana ehtiyacı var, o səbəbdən ki, zaman daim mümkün olanların sərhədlərini genişləndirir... /Musavat.com, Hüseynbala Səlimov/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR