• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Satılmısan”, “mənəviyyatsızsan” dedilər – AXCP və Müsavat yenə dava etdi

  • Nida.az
  • 26 Yanvar 2015 15:25
  • 382 Baxış
“Satılmısan”, “mənəviyyatsızsan” dedilər – AXCP və  Müsavat yenə dava etdi

“Mübarizənin ön cəbhəsində olmağa iradəsi çatmayanlarla yenidən birlik məsələsini gündəliyə gətirmək heç bir siyasi zərurət və reallığa söykənmir”.


Publika.az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı Müsavatla əməkdaşlıq məsələsinə toxunarkən deyib.


F. Qəhrəmanlı Milli Şuranın ölkədə müxalifət düşərgəsini bütünlüklə özündə birləşdirdiyini iddia edib: “21 nəfərlik tərkib təkcə müxalifətin deyil, bütövlükdə cəmiyyətin demokratik elitasının Milli Şurada birləşdiyini göstərir. Bu tərkibdə həm ziyalılar, həm siyasətçilər, həm də vətəndaş cəmiyyətinin tanınmış isimləri var. Milli Şura hakimiyyətə qarşı mübarizə aparanların birliyidir. Ona görə də Milli Şura ilə birlikdə olmağa iradəsi çatmayan, təzyiqlərə görə qurumu tərk edənlər təkcə müxalifətin birliyindən deyil, həm də xalqın inamından özlərini kənarlaşdırıblar. Birlik mexaniki məfhum deyil, hakimiyyətə, siyasi mübarizəyə münasibətdə ortaq prinsip və baxışlara söykənməlidir”.


F. Qəhrəmanlı iddia edib ki, bütün həlledici məqamlarda mübarizə aparanları meydanda buraxıb aradan çıxanlarla bir sırada olmaq yenidən parçalanmalara və iqtidardan qaynaqlanan daxili intriqalara gətirib çıxara bilər.


“Bəziləri isə bir vaxtlar mübarizənin çətin məqamında meydanda buraxıb getdikləri AXCP və Milli Şura ilə yenidən bir yerdə görünüb hakimiyyətin nəzərində dəyər qazanmağa, həlledici məqamda müxalifətin birliyini parçalamaq müqabilində iqtidardan mandat almağa çalışırlar. Ancaq bu dəfə alınmayacaq”, - deyə o, Müsavat başqanı Arif Hacılının Əli Kərimliyə əməkdaşlıq təklifini şərh edərkən bildirib.


F. Qəhrəmanlı Müsavatın sosial bazasının olmadığını da bildirib: “Ötənilki mitinqlər də göstərdi ki, partiya adları daşımaq hələ qüvvə olmaq demək deyil. Bu baxımdan, Milli Şuradan kənarda meydana sosial bazasını çıxara bilən, cəmiyyətin etimad göstərdiyi qüvvələr yoxdur. Ona görə də qarşılıqlı etimad prinsipi üzərində qurulmuş və sınaqdan çıxmış insanların birliyi olan Milli Şuranın bu gün alternativi yoxdur. Unutmayaq, etibarsızlar hər dəfə həlledici məqamlarda ön cəbhəni tərk edərək, həm də cəmiyyətin inamına böyük zərbələr vurublar. Bu səhvlərə bir daha imkan verməyə haqqımız yoxdur”.


Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı F. Qəhrəmanlının ittihamlarına sərt reaksiya verib.

Məclis sədri Publika.az-a açıqlamasında AXCP-ni mənəviyyatsızlıqda ittiham edib: “Müsavatı bu məsələdə ittiham etmək ən azı mənəviyyatsızlıqdır. Onsuz da cəmiyyət Müsavatı da, AXCP-ni da yaxşı tanıyır. Cəmiyyət onların heç bir sözün inanmır. Yalnız özləri deyib, özləri eşidirlər”.

N. Sadıqlı Müsavat partiyasının həmişə təmiz siyasət apardığını bildirib.

“Müsavat indiyə qədər heç bir separat danışıqlara getməyib. Partiya həmişə ölkənin demokratik inkişafı üçün çalışıb. Heç kim, o cümlədən AXCP bizə qarşı belə mənasız ittihamlar irəli sürə bilməz. Bu ittihamı irəli sürənlər öz içlərinə, əməllərinə, keçmişlərinə baxsınlar”, - deyə Məclis sədri qeyd edib.


Asif Nərimanlı


Xəbər lenti

DAHA ÇOX XƏBƏR