• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Minsk qrupu, yoxsa “5-lik SŞ” - MÖVQE

  • Nida.az
  • 26 Yanvar 2015 20:06
  • 1 117 Baxış
Minsk qrupu, yoxsa “5-lik SŞ” - MÖVQE

Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı bu ölkənin kansleri Angela Merkelin Dağlıq Qarabağla bağlı açıqlaması xüsusi maraqla qarşılandı. Xanım kansler ölkəsinin münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədri olmaq istəyindən bəhs etdi.


Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrliyində ABŞ, Fransa və Rusiya təmsil olunur. 1992-ci ildə yaradılan bu missiya 22 il keçməsinə baxmayaraq, münaqişənin həllində ciddi dönüş yarada bilməyib. Bəzi ekspertlərə görə, buna səbəb olan amillər arasında Qərb və Rusiya arasındakı qarşıdurma da var. Son zamanlar isə iki cəbhə arasındakı qarşıdurma kəskin dönəmə qədəm qoyub və bunun Minsk qrupunun fəaliyyətinə də təsirsiz ötüşməyəcəyi gözlənilir. Azərbaycan üçün əsas olan münaqişənin həllinin tezləşdirilməsidir. Bu baxımdan, Minsk qrupu formatında dəyişiklik həll prosesinə müsbət mənada təsir edə bilər. Lakin Avropanın lider ölkəsi olan Almaniyanın Minsk qrupunda təmsil olunması praktiki olaraq mümkündürmü? Məsələ gündəmə gələrkən qarşılaşdığımız ilk sual budur. Azərbaycanda isə məsələyə yanaşma birmənalı deyil.


Almaniyanın həmsədrliyi ATƏT qarşısında qaldırılacaq


ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev Prezidentin Almaniya səfərindən sonra Berlin və Ankaranın Minsk qrupunun həmsədrliyinə daxil edilməsi təklifini irəli sürüb.
A. Quliyev
Almaniya ilə yanaşı Türkiyənin Minsk qrupunun həmsədrliyinə gətirilməsi barədə ATƏT PA-nın fevral ayında Vyanada keçiriləcək qış sessiyasında məsələ qaldıracağını bildirib.


“Almaniya kansleri xanım Angela Merkelin cənab Prezident İlham Əliyevlə yanvarın 21-də keçirtdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəsinin və Avropa Birliyinin daha fəal olacağı haqqında səsləndirdiyi fikirlərini təqdir edirəm. Düşünürəm ki, Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədrliyinə gətirilməsi məsələsi Xarici İşlər Nazirliyi tərəfindən rəsmi olaraq müzakirəyə çıxarılmalı və bu istiqamətdə müvafiq addımlar atılmalıdır. ATƏT PA-nın gələn ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk həll prosesinə yaxından cəlb edilməsi, 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırıram”, - deyə millət vəkili təklifinin mahiyyətini açıqlayıb.


“Rusiya, ABŞ və Fransanı dəyişməklə məsələnin həllini zəiflətmiş olarıq”


Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə Publika.az-a açıqlamasında bunun praktiki olaraq baş verməsini çətin hesab edir. Onun sözlərinə görə, Minsk qrupunun həmsədr ölkələri Cənubi Qafqazdakı dövlətlərlə sıx bağlılığı olan və nüfuzlu ölkələrdən yaranmış qurumdur: “Almaniya güclü ölkədir, amma Cənubi Qafqaz regionunda aktiv işləyən dövlətlərdən deyil. Yaxud burada olan ölkələrlə xüsusi münasibətləri yoxdur. Biz Rusiya, ABŞ və Fransanı digər ölkələrə dəyişməklə əslində məsələnin həllini zəiflətmiş olarıq. Proses ölkələrin müəyyən dövrdən bir növbələşməsi ilə aparıla bilməz. Qarabağ probleminin həllinə təsir edə bilən və nəticəni onlardan tələb edə biləcəyimiz ölkələr Rusiya, Fransa və ABŞ-dır. Bu baxımdan, ən optimalı bu üç ölkədir”.


A. Mirzəzadə həmsədr ölkələri dəyişdirməkdənsə, onlardan daha fəal işləməyi tələb etməyin daha məqbul olduğunu düşür.


“Biz bu qrupdan imtina etsək, problemi sonsuzluğa qədər uzadar və onun həlli potensialını azaldarıq. Bundan başqa, həmsədrləri dəyişsək məsuliyyəti konkret heç kəs daşımayacaq. Həmsədrliyi sadəcə növbətçilik xarakteri daşıyan amorf bir vəziyyətə gətirib çıxarmaq olmaz”, - deyə o bildirib.


“Üçlük beşliyə çevriləndə qarşıdurma və savaş daha da genişlənəcək”


Eyni komitənin digər üzvü Zahid Oruc da Publika.az-a məsələni şərh edərkən bu təklifin əvvəllər də olduğunu bildirib.


“Zaman-zaman Türkiyə və Almaniyanın ATƏT-in Minsk qrupuna cəlb olunması məsələsi səsləndirilib. Azay Quliyev Qarabağ probleminin həllinin hazırki ölü nöqtədən tərpənməsi üçün mövqe axtarışındadır. Onun bu təklifi alqışa layiqdir. Amma biz bir neçə məqamı nəzərə almalıyıq. Həm Almaniya, həm də Türkiyə Minsk qrupunun üzvləridir. Lakin qrupda yer alan bəzi dövlətlərin Qafqazda xüsusi maraqları yoxdur. İstəsə də təsir edə bilməzlər. Məsələn, Finlandiya format təşkil olunanda 11-liyin içərisində yer alıb. Digər tərəfdən, ATƏT-in Minsk qrupunda həmsədrlik institutu təsis olanda konsensus prinsipi tətbiq edilib. Yəni Ermənistan və Azərbaycan tərəfindən hər-hansı biri razılıq verməsə, həmin format dəyişdirilə bilməz. Almaniya və yaxud Türkiyənin prosesə qoşulmasına Ermənistan razılıq verərmi?

Təbii ki, yox. Digər tərəfdən Almaniyanın özünün rol alması ABŞ, Rusiya, Fransanı həqiqətənmi razı salacaq? Onlar da bu prosesə müqavimət göstərəcək. Ən önəmlisi üçlük beşliyə çevriləndə, problem bir az da beynəlmiləşəndə onlar arasında qarşıdurma və savaş daha da genişlənəcək. Sıra sayını artırmaqla problemi həll edəcəyimizi düşünmək o qədər də uğurlu nəticə verməyə bilər”, - deyə komitə üzvü qeyd edib.


Z. Oruc hesab edir ki, üç həmsədr ölkənin fəaliyyətinin məqbul olmadığına dair təbliğatın aparılması informasiya, siyasi və psixoloji müharibədə daha xeyirlidir: “Bunu Avropa Şurasında, ATƏT-də qaldırmaq faydalıdır. Üç həmsədr ölkəsinin yarıtmaz fəaliyyət apardığını, Ermənistana hər hansı sanksiya tətbiq etmək fikrindən uzaq olduğunu beynəlxalq təşkilatların diqqətinə çatdırmalıyıq”.

“Almaniya Fransanı əvəz edə bilər, lakin...”

Keçmiş təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin eksperti Arzu Nağıyev Almaniyanın münaqişənin həllində birbaşa iştirakının Azərbaycanın xeyrinə olduğunu hesab edir. Lakin o, bunu reallaşdırmağın bir qədər çətin olduğunu deyir.

Keçmiş təhlükəsizlik zabiti Publika.az-a açıqlamasında Minsk qrupunun 22 il müddətdə heç bir irəliləyişə nail olmadığını bildirib: “ATƏT-in Minsk qrupu məhz Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında danışıqlar və sülh yolu ilə həll etmək üçün yaradılmış qurumdur. Bu qurum 1992-ci ildə Helsinkidə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ildən Rusiya, ABŞ və Fransa həmsədr kimi qurumda fəaliyyət göstərir və onların bilavasitə vəzifələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə kömək etməkdən ibarət olmalıdır. Təəssüf ki, buna nail ola bilmədilər və 20 ildə heç bir irəliləyiş yoxdur”.


Onun fikrincə, Almaniyanın həmsədrlik məsələsi reallaşarsa, üç dövlətdən birini əvəz edə bilər.


“Özəl maraqlar olduğuna görə Rusiya və ABŞ qrupdan çıxmayacaq. Almaniyaya yerini verə biləcək həmsədr ölkə Fransa ola bilər. Lakin ermənilər buna heç vaxt razılaşmaz. Digər tərəfdən, Almaniya həmsədr olsa belə bu prinsiplərin dəyişəcəyi demək deyil. Yəni bu, inandırıcı görünmür”, - deyə A. Nağıyev qeyd edib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR