Hacıbəylidən AXCP-yə ittiham: “Yadigar Sadıqlı İctimai Palatadan çıxandan sonra...”
Bizi izləyin

Nida.az

Hacıbəylidən AXCP-yə ittiham: “Yadigar Sadıqlı İctimai Palatadan çıxandan sonra...”

“Müsavat Fuad Qəhrəmanlının təmsil olunduğu partiyadan fərqli olaraq, 1993-cü ildən bu yana heç vaxt hakimiyyətlə gizli sövdələşmələrə getməyib. Bundan sonra da getməyəcək”.


Publika.az-ın məlumatına görə, bu barədə Müsavat başqanı Arif Hacılının qardaşı, partiya Məclisinin üzvü Mustafa Hacıbəyli AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ittihamlarına münasibət bildirərkən deyib.


M. Hacıbəyli Müsavatın Milli Şuraya seçki dövründə daxil olduğunu bildirib: “Seçki bitəndən sonra da çıxdı. Buna görə ittihamlar səsləndirmək tamamilə əsassızdır. Əksinə, siyasi partiyalar içində ən çox təzyiqə məruz qalan Müsavat olub. Müsavat Partiyası İctimai Palatada olarkən Yadigar Sadıqlı oradan çıxmağımızı təklif etdi. Ardınca özü istefa verdi. Daha sonra həbs olundu. Mən onun İctimai Palatadan çıxmağına görə həbs olunduğunu demirəm. Lakin bu fakt var və müəyyən ehtimallara yol açır. Ona görə də belə ittihamlar çox əsassızdır”.


M. Hacıbəyli AXCP-nin müxalifətin birgə mübarizəsinə qarşı olduğunu deyib.


“Arif bəy AXCP sədrinə xoşməramlı münasibət göstərdi. Bizim məramımız demokratik düşərgənin eyni nöqtəyə vurması, seçki mühitinin yaxşılaşması, məhbusların azadlığı üçün birgə mitinqlərin keçirilməsi, ümumilikdə birgə mübarizədir. Müsavat AXCP-yə bunları təklif edir. Lakin göründüyü kimi, onlar buna qarşı çıxırlar. Hesab edirəm ki, bu davranışlarının səbəblərini açıqlamalıdırlar”, - deyə o qeyd edib.


Müsavat başqanının qardaşı Milli Şuranın müxalifətin əsas birliyi olması fikri ilə razılaşmır: “Mən onlara uğurlar arzulayıram. Milli Şuranın tezliklə Azadlıq meydanında mitinq keçirməsini və hakimiyyətə gəlməsini arzu edirəm. Buna yalnız sevinərəm. Lakin biz onlarda belə bir potensialı görmürük. Real nəticələrə nail olmaq üçün demokratik qüvvələrin birgə mübarizəsi fikrimdə qalıram. Onlar buna zərurət görmürlərsə, özləri bilərlər”.


Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavatı hakimiyyətə işləməkdə ittiham edib.


Mübarizənin ön cəbhəsində olmağa iradəsi çatmayanlarla yenidən birlik məsələsini gündəliyə gətirmək heç bir siyasi zərurət və reallığa söykənmir. Milli Şura hakimiyyətə qarşı mübarizə aparanların birliyidir. Ona görə də Milli Şura ilə birlikdə olmağa iradəsi çatmayan, təzyiqlərə görə qurumu tərk edənlər özlərini təkcə müxalifətin birliyindən deyil, həm də xalqın inamından kənarlaşdırıblar.

Birlik mexaniki məfhum deyil, hakimiyyətə, siyasi mübarizəyə münasibətdə ortaq prinsip və baxışlara söykənməlidir. Bəziləri isə bir vaxtlar mübarizənin çətin məqamında meydanda buraxıb getdikləri AXCP və Milli Şura ilə yenidən bir yerdə görünüb hakimiyyətin nəzərində dəyər qazanmağa, həlledici məqamda müxalifətin birliyini parçalamaq müqabilində iqtidardan mandat almağa çalışırlar. Ancaq bu dəfə alınmayacaq”, - deyə o, Müsavat başqanı Arif Hacılının Əli Kərimliyə əməkdaşlıq təklifini şərh edərkən bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm