Qubad İbadoğlu: “Divana getmək fikrim yoxdur”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu: “Divana getmək fikrim yoxdur”

“Mənim Divana dəvət olunmağım dialoq təklifimin qarşısını almaq məqsədi daşıyır”.


Bunu Publika.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının təsisçisi Qubad İbadoğlu deyib.


Onun sözlərinə görə, Divana dəvət olunmamışdan öncə Arif Hacılı və İsa Qəmbəri mövcud vəziyyətlə bağlı dialoq aparmağa çağırıb: “31 yanvar Məmməd Əmin Rəsulzadənin anım günüdür. Bununla bağlı tədbir keçiriləcək. Təklif etmişəm ki, bu tədbirdən sonra İsa Qəmbər və Arif Hacılının iştirakı ilə mövcud vəziyyəti müzakirə edək. Məqsədim Müsavatda sülhə nail olmaqdır. Lakin bu təklifimə cavab verilməyib. Əvəzində bəzi məsələləri gündəmə gətirərək bizim nizamnaməni pozduğumuzu iddia edir və Divana dəvət edirlər”.


Lakin Q. İbadoğlu Divana getmək fikrində olmadığını bildirib.


“Hazırda ADR-in təşkilatlanması ilə məşğuluq. Divanda iştirak edərək oradakılara deməyə sözüm yoxdur. Əgər gələcəkdə partiyanın fəaliyyətində ciddi dəyişikliklər olarsa və nələrinsə müzakirəsinə ehtiyac yaranarsa, o zaman Divanda iştirak edə bilərik” - deyə o qeyd edib.


ADR təsisçisi Müsavat daxilində yaranmış narazılıqla bağlı istənilən vaxt müzakirələrə hazır olduğunu bildirib: “Lakin onun bir şərtim var. Bütün müzakirələr Müsavat üzvləri üçün açıq olmalıdır. Bağlı qapılar arxasında baş tutan müzakirələrin heç birimizə xeyri yoxdur. Hər zaman fərqli təkliflərlə, təşəbbüslərlə çıxış etmişik və bundan sonra da fəaliyyətimiz bu istiqamətdə olacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm