Əli Həsənov: İsrail mühüm strateji tərəfdaşdır
Bizi izləyin

Nida.az

Əli Həsənov: İsrail mühüm strateji tərəfdaşdır

Azərbaycan İsraili mühüm müttəfiq və strateji tərəfdaş hesab edir. “The Jerusalem Post” qəzetinin məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda səfərdə olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, bəzi kənar “təzyiqlərə baxmayaraq” Azərbaycanın İsraillə münasibətləri inkişaf edəcək. “Bizim bütün qonşu ölkələrlə qarşılıqlı maraqlara söykənən münasibətlərimiz var, o cümlədən bir-biri ilə rəqib olan ölkələrlə”, - deyə Əli Həsənov bildirib. Şöbə müdiri buna misal olaraq Bakının Rusiya və ABŞ ilə münasibətlərini, həmçinin İran, Türkiyə və İsraillə tərəfdaşlığını göstərib.



Əli Həsənov deyib ki, o, yanvarın əvvəllərində Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyip Ərdoğanla görüşündə iştirak edib, ancaq bir dəfə də bunun şahidi olmayıb ki, Türkiyədən kimsə Azərbaycanın İsraillə sürətlə inkişaf edən münasibətlərinin soyumasını, yaxud kəsilməsini tələb etsin.

Qəzet yazır ki, İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Eyni zamanda, ölkənin coğrafi mövqeləri onun İsrail üçün nə dərəcədə mühüm olduğunu göstərir.

Şöbə müdiri deyib ki, İsrailin Azərbaycan üçün əhəmiyyətli ölkə olmasının səbəblərindən biri də onun Yaxın Şərqin mühüm dövləti və regionda qabaqcıl texnologiyalara malik olmasıdır. Bundan əlavə, İsraillə yaxşı münasibətlər Azərbaycana Vaşinqtonda da kömək edir. Belə ki, ABŞ paytaxtında fəaliyyət göstərən yəhudi qrupları və İsrail liderləri amerikalı həmkarları ilə Azərbaycana dair çoxlu müzakirələr və diskussiyalar aparırlar. Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir.

Müəllif vurğulayır ki, Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycanın İsraillə yaxın münasibətlərinin digər müsəlman dövlətləri üçün də bir model olduğunu bildirib.

Prezident Administrasiyasının şöbə müdiri onu da qeyd edib ki, Azərbaycan-İsrail əməkdaşlığının bu cür inkişafı azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərdən irəli gəlir.

Azərbaycanda yəhudi icmasının 2500 il tarixi olduğunu deyən Əli Həsənov deyib ki, hazırda ölkəmizdə doqquz minə qədər yəhudi, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır.



Şöbə müdiri əlavə edib ki, hansısa məsələlərdə İsraillə müsəlman ölkələri arasında anlaşılmazlıq olduğu halda belə, əməkdaşlıq etmək və münasibətlər qurmağın mümkün variantlarını tapmaq olar.


Azertag.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm