• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezident xəbərdarlıq etdi: Bizi qarşıda böyük sınaqlar gözləyə bilər

  • Nida.az
  • 27 Yanvar 2015 22:42
  • 2 042 Baxış
Prezident xəbərdarlıq etdi: Bizi qarşıda böyük sınaqlar gözləyə bilər

“Bir il ərzində dünyada müxtəlif hadisələr baş verib, müxtəlif proseslər gedib. Dünyada gərginlik artır, həm Yaxın Şərqdə, həm Avropada qanlı toqquşmalar baş verir, müharibələr davam edir. Bir sözlə, dünyada siyasi böhran davam edir, maliyyə və iqtisadi böhranın yeni mərhələsi başlayıb. Azərbaycanda isə keçən il ərzində bütün işlər müsbət istiqamətdə gedib”.

Publika.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışı zamanı deyib.

Prezident deyib ki, Azərbaycan inamla irəliyə gedir, dayanıqlı inkişaf təmin edilib:

“Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Ölkəmizdə ictimai, siyasi vəziyyət sabitdir, iqtisadiyyata böyük həcmdə investisiyalar qoyulur və iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atılır. Yəni, bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyim çoxsaylı görüşlər, orada səslənən fikirlər bunu bir daha göstərir və Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirirlər.

Yəni, budur bizim bugünkü reallıqlarımız. Dünyada çağırışların sayının artmasına baxmayaraq, Azərbaycanın inamlı, uğurlu inkişafı davam edəcək. Yaxın Şərqdə siyasi və hərbi böhran yaşanır, Avropada vəziyyət gərginləşir, Ukraynadakı vəziyyət daha da kəskinləşir, neftin qiyməti kəskin şəkildə aşağı düşüb. Yəni, son bir il ərzində bütün bu və digər amillər əslində mənfi tərəfə gedən amillərdir. Yəni, mən bu amillərin arasında bir dənə də müsbət amil görmürəm. Amma buna baxmayaraq, Azərbaycan inkişaf edir, insanların rifah halı yaxşılaşır. Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir”.

Dövlət başçısı bildirib ki, 2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. “Yadımdadır, 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər xalq mənə etimad göstərərsə, ilk növbədə, regionların inkişafı ilə məşğul olacağam və proqram qəbul ediləcəkdir. Belə də oldu, 2004-cü ilin fevralında regionların sosial-iqtisadi inkişafı birinci Dövlət Proqramı qəbul olunmuşdur və 5 il ərzində uğurla icra edilmişdir. O vaxt bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaqdır. Ancaq ondan daha çox iş yeri yaradılmışdır. Baxmayaraq ki, o vaxt bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər hələ ki, qabaqda idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. Əlbəttə ki, ikinci proqramı qəbul edərkən artıq Azərbaycan dəyişmişdi. 2009-cu ildə Azərbaycan artıq ayaqda möhkəm dayanmışdı. Artıq bizim gəlirlərimiz gəlməyə başlamışdı. Ona görə hələ 2009-cu ildə ikinci proqramın icrası ilə bağlı demişdim ki, mən heç bir problem görmürəm. O proqram da artıqlaması ilə icra edilmişdir”.

İlham Əliyev vurğulayıb ki, üçüncü proqram da 2018-ci ilə qədər uğurla icra etməlidir. “Baxmayaraq ki, ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişib. İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq. Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə etmişik. Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq.

Bu gün bu salonda bütün rayonların, şəhərlərin icra hakimiyyəti başçıları, tanınmış biznes strukturlarının rəhbərləri əyləşiblər. Yəni, bu proqramın icrası məsələsi böyük dərəcədə sizin fəaliyyətinizdən asılı olacaq. Əlbəttə ki, dövlət öz siyasətini aparır, bu il və gələn illərdə investisiya proqramı icra ediləcək. Bizim düşünülmüş siyasət imkan verir ki, bütün məsələlər həll olunsun. Sahibkarlara kömək davam etdiriləcək, quruculuq-abadlıq, infrastruktur layihələrinin icrası təmin ediləcək, ancaq yerlərdə dövlət qurumlarının və biznes strukturlarının nümayəndələri birgə çalışmalıdırlar ki, işlər daha da sürətlə getsin.

Əgər biz 2004-cü ilə nəzər salsaq görərik ki, son 11 il ərzində Azərbaycan dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bütün göstəricilər bunu təsdiq edir. Sadəcə olaraq bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildən bu günə qədər ümumi daxili məhsulumuz 3,4 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,7 dəfə artmışdır. On bir il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulmuşdur. 2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idisə, bu gün 50 milyard dollardan çoxdur. Görün, biz nə qədər ehtiyat yığmışıq. Baxmayaraq ki, bizim son illərdəki investisiya proqramlarımız çox genişmiqyaslıdır. Ancaq biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmışıq ki, ilk növbədə bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır və bununla bərabər bu, bir sığortadır, istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır. Bu gün bizim valyuta ehtiyatlarımız xidmət edir. Bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Çünki manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər”.

İlham Əliyev qeyd edib ki, bu illər ərzində 1 milyon 360 min yeni iş yeri yaradılıb. Onlardan 1 milyonu daimi iş yeridir.

“Bu da daimi proses olmalıdır. Mən bu barədə dəfələrlə demişəm. Çünki əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun. İşsizliklə bağlı aparılan tədbirlər nəticəsində işsizlik 5 faizə düşmüşdür, yoxsulluq da 5 faiz səviyyəsindədir. Dünyanın aparıcı kredit reytinq agentlikləri Azərbaycanın suveren reytinqlərini artırmışlar. Davos Dünya İqtisadi Forumu ölkəmizi iqtisadi sahədə rəqabətqabiliyyətliliyinə görə 38-ci yerə layiq görmüşdür. Bax, budur əsas makroiqtisadi göstəricilərimiz. İnflyasiya da çox aşağı səviyyədədir, manat da ildən-ilə öz dəyərini artırır.

Ona görə bu statistik rəqəmlərə baxdıqda hər kəs görə bilər ki, biz nə qədər böyük yol keçmişik. Deyə bilərəm ki, heç kim bizə kömək etməmişdir. İndi dünyanın hətta inkişaf etmiş ölkələri xarici yardımdan bəhrələnmək istəyirlər. Xarici yardım olmadan o iqtisadiyyatlar çökür, defolt vəziyyətinə düşür. Qapı-qapı gəzirlər, yalvarırlar ki, onlara vəsait ayırsınlar. İndi yəqin ki, özlərini bir növ o qədər də rahat hiss etmirlər.

Amma Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıbdır. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Bizi bunu da bilirik”.

Prezident vurğulayıb ki, ciddi iqtisadi islahatlar ciddi sosial siyasətlə də tamamlanmalıdır. Bu olmasa, cəmiyyətdə islahatlara o qədər də böyük dəstək olmayacaq.

“Ona görə biz sosial sahəni də prioritet kimi götürmüşük. Yaxşı başa düşürdük, sosial sahə ancaq o vaxt inkişaf edə bilər ki, güclü iqtisadiyyat olsun. Yoxsa, gəl xaricdən alınan kreditlər hesabına sosial sahəni inkişaf etdir. Biz defolta düşən ölkələrin vəziyyətinə düşərdik. Burada rəhbərliyin məsuliyyətli davranışı da qeyd edilməlidir. Bəzi ölkələr ki, indi xarici yardımsız yaşaya bilmirlər, onların rəhbərliyi hakimiyyətə gəlmək naminə çoxlu vədlər vermişlər - maaşları on dəfə qaldıracağıq, pensiya yaşını aşağı salacağıq və s. İnsanlar da onlara inanıb, onlara səs verib. Onlar da hakimiyyətə gələndən sonra gərək o sözləri yerinə yetirərdilər. Bunun üçün resurs yox idi. Ona görə nə etdilər? Getdilər xarici bazarlardan borc aldılar, özlərini asılı vəziyyətə saldılar. Ondan sonra borcun üstünə borc gəldi. Bir borcu qaytarır, o biri borcu götürür və beləliklə, piramida yaranır. Piramidanı təkcə dələduz şirkətlər yaratmır. Bəzi hallarda hökumətlər də yaradır. Bir gün bu piramida dağılmış və həmin ölkələr çox ağır vəziyyətə düşmüşlər. Ona görə siyasi məsuliyyət də çox böyük əhəmiyyət daşıyır.

Sosial sahəyə gəldikdə, sosial islahatların təməlində güclü iqtisadiyyatımız dayanır. Mən bu sahədə də bəzi rəqəmləri qeyd etmək istərdim. 2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565 dollardır. Orta aylıq pensiya 24 dollar idi, hazırda 221 dollardır. Azərbaycanda sosial infrastruktur layihələri son on bir ildə uğurla icra edilmişdir. 2900 məktəb binası, 560 tibb ocağı tikilmiş və ya təmir edilmişdir. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılmışdır. Bax, bu, sosial sahəyə, sosial infrastruktura qoyulan vəsaitin və ayrılan diqqətin təzahürüdür.

Bu illər ərzində sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımıza - məcburi köçkünlərə də biz daim qayğı ilə yanaşmışıq. Son on bir il ərzində 84 qəsəbə yaradılmışdır. Hazırda, 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülmüşdür. Bu məqsədlər üçün 2 milyard manat, yəni, 2,6 milyard dollar vəsait ayrılmışdır. On bir il ərzində 210 min insanı yerləşdirmək asan məsələ deyil. Bu, böyük bir şəhər boyda qəsəbələrdir. Bunu da biz edirik və edəcəyik. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlərimiz var. Bu il də onların problemlərinin həlli üçün həm dövlət büdcəsində, həm Dövlət Neft Fondunda kifayət qədər böyük vəsait nəzərdə tutulur.

Biz bu illər ərzində bütün əsas tarixi, mədəni, dini abidələrimizi əsaslı şəkildə bərpa etmişik və yenilərini tikmişik. Teatrlar, muzeylər - bu sahəyə də nəinki Bakıda, hər bir yerdə, bütün bölgələrdə böyük diqqət göstərilir. Çünki bu, bizim tariximizdir, mədəniyyətimizdir. Biz bunu gələcək nəsillər üçün qorumalıyıq ki, Azərbaycanın davamlı, uzunmüddətli inkişafı təmin edilsin. Biz öz köklərimizə həmişə bağlı olmalıyıq və gənc nəsil də bu ruhda tərbiyə almalıdır. Çünki bu gün qloballaşma prosesi gedir. Düzdür, son vaxtlar bu “qloballaşma” sözü daha az çəkilir. Ancaq proses gedir. Sadəcə olaraq bəzi ölkələr qloballaşma adı altında öz təsir dairələrini genişləndirmək, xalqları bir növ öz milli köklərindən ayırmaq, qoparmaq, o tarixi bağları qırmaq istəyirlər. Budur bunun təməlində dayanan əsas məqsəd. Əlbəttə ki, indi qloballaşma deyəndə bəziləri bunu inteqrasiya, dünyanın yeni inkişaf modeli kimi qələmə verirlər. Ola bilər, müsbət məqamlar da var, onları mən inkar etmək istəmirəm. Ancaq, eyni zamanda, açıq-aydın görünür, bu siyasətlə böyük dairəyə hakim olmaq, təsir imkanlarını genişləndirmək istəyirlər ki, xalqlar öz köklərindən ayrılsınlar, öz əcdadlarını, tarixlərini unutsunlar, sadəcə amorf, kosmopolit bir kütləyə çevrilsinlər ki, onları istənilən istiqamətə göndərmək mümkün olsun. Ona görə milli ruhda tərbiyə almaq hər bir gəncin borcudur. Yaşlı nəslin borcudur ki, bax, bu ənənələri yaşatsınlar və gəncləri milli ruhda böyütsünlər. Ona görə bizim tarixi, dini abidələrimiz, mədəniyyətimiz sadəcə olaraq, memarlıq abidələri deyil. Bu, eyni zamanda, tərbiyə vasitəsidir. Bax, Azərbaycan belə inkişaf etməlidir. Bu gün Azərbaycan müasir, inkişaf edən ancaq öz köklərinə sıx bağlı olan dövlət və cəmiyyətdir. Həmişə də belə olmalıdır. Nə qədər ki, bizim hökumət iqtidardadır, bu, belə olacaq. Ancaq bu, həmişə belə olmalıdır. Ölkəmizin müstəqil həyatı üçün bu, əsas şərtdir.

Bu illər ərzində infrastruktur layihələrinə böyük diqqət göstərilmişdir və görülən işlər göz qabağındadır. Düzdür, bəzi hallarda bu görülən işlər unudulur, bəzilərinə elə gəlir ki, həmişə belə olubdur. Ancaq indi bəzən o köhnə görüntüləri televiziya ilə göstərəndə hər kəs yada salır ki, əvvəlki vəziyyət necə idi. Son illərdə həm Bakıda, həm bütün bölgələrdə infrastruktur layihələrinin icrası prioritet xarakter daşıyırdı. Çünki bu olmasa, heç bir regional inkişaf proqramı icra edilə bilməz. Bu, necə icra edilsin, o müəssisə necə yaradılsın ki, o bölgədə, rayonda elektrik enerjisi, yol yoxdur?

Ona görə, bax, ilk növbədə, infrastruktur layihələri, - onu da mən 2003-cü ildə demişəm, - elektrik təminatı və yollar olmalıdır. Ondan sonra prioritet olaraq qazlaşdırma, içməli su, meliorasiya. Biz, bax, bu ardıcıllıqla da gedirik. Ona görə ilk növbədə, elektrik enerjisi qurğularının yaradılmasına böyük vəsait ayrıldı. Son 11 il ərzində 23 elektrik stansiyası tikilmişdir ki, onların gücü 2400 meqavatdır. Müqayisə üçün deyə bilərəm ki, ölkəmizin ümumi enerji potensialı 6300 meqavatdır. 2400 meqavat son 11 ildə yaradılmışdır. Əgər yaranmasaydı, bu gün ölkəmizin üçdəbir hissəsi işıqsız qalacaqdı, heç bir inkişafdan söhbət gedə bilməzdi, heç bir müəssisə yaradılmazdı. Müəssisələrə gəldikdə, son 11 ildə 64 min müəssisə yaradılmışdır. Ona görə elektrik enerjisi ilə təchizat təmin edildi.

Bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir. Bu da tarixi nailiyyətdir. Heç vaxt belə olmamışdır. Hətta sovet dövründə bəzi rayonlarda ümumiyyətlə təbii qaz çəkilişi aparılmamışdır. İndi bütün şəhərlərimizdə hər bir evdə yüz faiz təbii qaz var. Kəndlərdə də bu proses gedir. Hər rübdə bir dəfə mənə məlumat verilir. Hansı kəndlərdə qazlaşdırma işləri aparılıb. Biz böyük işlər görmüşük və qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır. Biz proqramın sonunda - 2018-ci ildə bu məqsədə də çatacağıq.

Son 11 il ərzində 10 min kilometr yol çəkilmişdir. Magistral yollar, kənd yolları, 340 körpü və tunel tikilmişdir. Bakı-Tbilisi-Qars kimi beynəlxalq strateji əhəmiyyət daşıyan layihə Azərbaycanın təşəbbüsü ilə başlamışdır, indi tikintisi başa çatır. Bölgələrdə 6 aeroport tikilmişdir, onlardan 4-ü beynəlxalq aeroportdur. Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminal binası tikilmişdir. İndi bölgələrdən beynəlxalq uçuşlar təşkil edilir. Bu aeroportların bəziləri yenidən quruldu, bəziləri heç yox idi, tikilmişdir. Bu işə başlayanda bəziləri hesab edirdilər ki, buna - əlavə vəsait xərclənməsinə ehtiyac yoxdur. Amma görün indi nə qədər insan cənub, şimal-qərb bölgələrindən müxtəlif ölkələrə rahat gedir, daha Bakıya gəlməyə ehtiyac yoxdur.

Bu infrastruktur layihələrinin arasında əlbəttə, içməli su layihələri də prioritet xarakter daşıyır və son illər ərzində bu sahəyə daha da böyük diqqət göstərilir. Bizim bütün şəhərlərimizdə Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su 24 saat təmin ediləcək. Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb. Mən də hər bir layihənin başa çatması tədbirlərində şəxsən iştirak edirəm və yerlərdən gələn məlumatlar da məni çox sevindirir. Bu da tarixi hadisədir. Çünki Azərbaycanın daxili su mənbələri məhduddur. Bizim əsas mənbələrimiz xaricdə formalaşan çaylardır. Ona görə bu çayların sularından səmərəli şəkildə istifadə etmək, orada təmizləyici qurğuların tikintisi, eyni zamanda, daxili mənbələrin aşkarlanması prosesi gedirdi. Oğuz-Qəbələ-Bakı su kəməri tikilmişdir. Bu da simvolik xarakter daşıyır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gəlirlərindən əldə edilmiş vəsait su kəmərinin tikintisinə qoyulmuşdur. Bax, bizim siyasətimiz bundan ibarətdir. Hər kəs yaxşı bilir ki, o sahəyə qoyulan vəsait heç vaxt qayıtmayacaq. Yəni, onlar sırf sosial xarakter daşıyan layihələrdir. Əgər elektriklə, yolların tikintisi ilə bağlı görülən müxtəlif işlər nəticəsində o vəsait uzun müddətdən sonra qayıdacaqsa, su təsərrüfatına qoyulan vəsait qayıtmayacaq. Su təsərrüfatına yüz milyonlarla, milyardlarla vəsait qoymuşuq. İndi Bakının su ilə təminatı 78 faizə çatmışdır, 2004-cü ildə 29 faiz idi. Yəni, şəhərin 24 saat su ilə təchizatı nəzərdə tutulur. Ölkə üzrə 60 faizdən çoxdur, amma 11 il bundan əvvəl bəlkə 10-15 faiz idi.

İnfrastruktur layihələrinin arasında meliorasiya layihələri də böyük önəm daşıyır. Biz bu layihələrin icrasını təmin etmişik. İki nəhəng meqalayihəni icra etmişik - Şəmkirçay və Taxtakörpü su anbarları, kanallar, elektrik stansiyaları. Bu da Azərbaycana bundan sonra xidmət edəcək. Yəni, onilliklər, yüzilliklər bundan sonra bu anbarlar, çəkilən bu kanallar kənd təsərrüfatının inkişafına xidmət edəcək. Eyni zamanda, suların idarə edilməsi məsələlərinin həllində də bu layihələrin böyük əhəmiyyəti var. Bu da böyük vəsait tələb edən layihələrdir. Ancaq biz bunu etmişik. Bir daha demək istəyirəm ki, infrastruktura, real sektora vəsait qoyulmalıdır. Eyni zamanda, qeyd etdiyim kimi, ehtiyatlar da yığılmalıdır. Bax, biz belə etmişik. Həm ehtiyatlarımızı artırmışıq, həm də investisiya qoymuşuq. Vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar. Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər üçün də maraq doğurur. Mən hələ enerji layihələrini qeyd etmirəm. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi - bu layihələr regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir. Bu layihələr son 9 il ərzində icra edilib. Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə istifadəyə verilmişdir, dəhliz yaradılmışdır. O dəhliz indi xidmət göstərir, yeni layihələr ortaya çıxır. Yenə də Azərbaycan liderlik keyfiyyətlərini ortaya qoyur. Əgər biz liderliyi göstərməsəydik, heç vaxt “Cənub” qaz dəhlizi icra edilməyəcəkdi. Mən vaxtilə şəxsən Nabukko layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq tədbirdə iştirak etmişəm. Yəni, orada müzakirədən başqa heç nə yox idi. Bəyanatlar, çıxışlar, qətnamələrin qəbul edilməsi, vəssalam. Ondan sonra hamı dağılır gedir, iş də qalır kənarda. Mən minimum on tədbirdə iştirak etmişəm. Hər dəfə də demişəm ki, burada liderlik olmalıdır. Bu layihəni necə icra etmək lazımdır? Bunun əsas elementləri nədən ibarətdir? Bu o qədər də çətin məsələ deyil. Amma elə mən deyirdim, mən eşidirdim. Daha sonra gördük ki, artıq bu layihə yerində sayır. Yenə də təşəbbüs göstərmişik, TANAP layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra artıq “Cənub” qaz dəhlizi üçün yol açıldı. Bunu etməsə idik nə olacaqdı?! Elə belə də qalacaqdı. Ya da ki, Bakı-Tbilisi-Qars. Bu məsələ on il bundan əvvəl müzakirə olunurdu və hələ müzakirə kimi gedirdi. Əgər təşəbbüs göstərməsəydik, real təklifi, maliyyə resurslarını ortaya qoymasaydıq, elə indi də danışacaqdıq. Nazirlər indi də gedib orada-burada konfranslar keçirəcəkdilər. Biz real işlərlə məşğuluq. Real işlər həyatda öz əksini tapır. Ona görə bu gün Azərbaycan modeli var. Ona görə ki, biz boşboğazlıqla yox, real işlərlə məşğuluq, xalqa xidmət edirik və edəcəyik".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR