• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycan: təzyiqlərin səbəbi və inkişaf perspektivləri – 11 ilin mənzərəsi

  • Nida.az
  • 28 Yanvar 2015 18:56
  • 623 Baxış
Azərbaycan: təzyiqlərin səbəbi və inkişaf perspektivləri – 11 ilin mənzərəsi

XXI əsrin ikinci onilliyi dünya nizamında ciddi eroziyalarla müşahidə olunur. 2008-ci ildən başlanan iqtisadi böhrandan 6 il keçməsinə baxmayaraq, bir sıra ölkələr hələ də çətinliklərlə üz-üzədir. İqtisadi böhranın zərbəsi başa çatmamış, siyasi böhran başladı. Bu gün Yaxın Şərqdə, Ukraynada münaqişə hər keçən gün ciddi şəkildə qızışır. Münaqişələr fonunda neftin qiyməti sürətlə aşağı düşür. Dünyanın bir parçası olan Azərbaycan üçün də baş verənlər maraqlıdır. Lakin pozulan dünya nizamı fonunda Cənubi Qafqazın lider ölkəsində vəziyyət öz fərqli cəhəti ilə seçilir. Azərbaycanda iqtisadi durum inkişaf edir, sabitlik qorunur, xüsusilə sosial durum kifayət qədər müsbətdir. Təbii ki, burda ilahi faktor axtarmaq sadəlövhlük olardı. Səbəb çox sadədir: Xalq-iqtidar vəhdəti, xalqın seçdiyi şəxsin bu ölkə üçün gecə-gündüz çalışması və ölkənin resurslarından səmərəli, ağıllı şəkildə istifadə.


Dünyanın pozulan nizamı və irəliyə addımlayan Azərbaycan


Dünyanın ümumi mənzərəsi fonunda Prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı diqqət çəkir.


Dünyadakı qeyri-sabit vəziyyətə toxunan dövlət başçısı bu mənfi amillərə rəğmən, Azərbaycanın inkişaf etdiyini, insanların rifah halının yaxşılaşdığını bildirib: “Regionlar sürətlə inkişaf edir. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Azərbaycan dünyada sabitlik adasıdır, inkişaf məkanıdır. Çünki Azərbaycanda xalqla iqtidar arasında birlik var, bizim bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizim atılan bütün addımlarımız Azərbaycanın inkişafına xidmət edir. Bu gün Azərbaycan nəinki regionda, dünya miqyasında seçilən ölkələrdən biridir və dünyada bizə olan maraq artır”.


2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci proqramın qəbul edilməsini tarixi hadisə adlandıran Prezident bu proqramın 5 il ərzində uğurla icra edildiyini diqqətə çatdırıb.

“O vaxt bəyan etmişdim ki, 600 min iş yeri yaradılacaq. Ancaq ondan daha çox iş yeri yaradıldı. O vaxt bizim böyük maliyyə resurslarımız yox idi, valyuta ehtiyatlarımız çox məhdud idi, iqtisadiyyat çoxşaxəli deyildi və neftdən gələn gəlirlər öndə idi. Buna baxmayaraq, düşünülmüş siyasət nəticəsində və xalqın böyük dəstəyi ilə biz birinci proqramı uğurla başa vurduq və ikinci proqram qəbul edildi. O proqram da artıqlaması ilə icra edilib. Bütün bölgələrdə infrastruktur layihələrinin icrası prioritet xarakter daşıyırdı. Çünki bu olmasa, heç bir regional inkişaf proqramı icra edilə bilməz. Bölgələrdə elektrik enerjisi, yol olmadan bu necə icra edilə, müəssisə necə yaradıla bilərdi?” - deyə dövlət başçısı vurğulayıb.


Ölkənin iqtisadi və siyasi mənzərəsi hər şeyi açıq şəkildə göstərir. Təkcə son 11 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Bu müddətdə iqtisadiyyata 180 milyard dollar həcmində sərmayə yatırılıb. 2004-cü ildən bu günə qədər valyuta ehtiyatları 1,8 milyard dollardan 50 milyard dollara çatıb. Bu, təxminən 30 dəfə artım deməkdir.


Son 11 il: nələr qazanmışıq?


Prezident İlham Əliyev də son 11 il ərzində Azərbaycanın dünya miqyasında iqtisadi və sosial baxımdan ən sürətlə inkişaf edən ölkə olduğunu bildirib: “Bu gün bizim valyuta ehtiyatlarımız xidmət edir. Bu, sadəcə olaraq mücərrəd anlayış deyil. Hər bir insan bunu öz gündəlik həyatında hiss edir. Bu, bizə böyük inam verir, eyni zamanda, kredit reytinqlərimizi artırır. Bu həm də istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığortadır.
Son 11 il ərzində Sahibkarlara Kömək Milli Fondunun xətti ilə iki milyard dollar məbləğində güzəştli kreditlər verilib. Bu illər ərzində 1 milyon 360 min yeni iş yeri yaradılıb. Onlardan 1 milyonu daimi iş yeridir. Əhalinin sayının artması tələb edir ki, iş yerlərinin açılması daimi proses olsun. Aparılan tədbirlər nəticəsində işsizlik 5 faizə düşüb, yoxsulluq da 5 faiz səviyyəsindədir”.


Dövlət başçısı son 11 il ərzində ümumi gücü 2400 meqavat olan 23 elektrik stansiyasının tikildiyini bildirib: “Əgər bunlar yaranmasaydı, ölkəmizin üçdə bir hissəsi bu gün işıqsız qalacaqdı. Son 11 ildə 64 min müəssisə yaradılıb. Ona görə elektrik enerjisi ilə təchizat təmin edildi. Bütün şəhərlərdə qazlaşdırma yüz faiz səviyyəsindədir. Bu da tarixi nailiyyətdir. Qazlaşdırma Azərbaycanda minimum 90-95 faiz olmalıdır. Biz üçüncü proqramın sonunda - 2018-ci ildə bu məqsədə də çatacağıq.

Son 11 il ərzində 10 min kilometr yol çəkilib, magistral yollar, kənd yolları, 340 körpü və tunel tikilib. Bölgələrdə 6 aeroport tikilib. Onlardan 4-ü beynəlxalq aeroportdur. Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminal binası istifadəyə verilib”.


Prezident diqqətə çatdırıb ki, ciddi iqtisadi islahatlar ciddi sosial siyasətlə də tamamlanmalıdır. Bu olmasa, cəmiyyətdə islahatlara o qədər də böyük dəstək olmayacaq: “2004-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqı 100 dollar idisə, hazırda bu, 565 dollardır. Orta aylıq pensiya 24 dollar idi, hazırda 221 dollardır. Azərbaycanda sosial infrastruktur layihələri son on bir ildə uğurla icra edilib. 2900 məktəb binası, 560 tibb ocağı tikilib və ya təmir edilib. Təkcə regionlarda 41 olimpiya idman mərkəzi və 30 gənclər mərkəzi yaradılıb. Son on bir il ərzində məcburi köçkünlər üçün 84 qəsəbə salınıb. 210 min köçkün yeni, gözəl evlərə, mənzillərə köçürülüb. Bu məqsədlər üçün 2 milyard manat, yəni, 2,6 milyard dollar vəsait ayrılıb”.


Dövlət başçısı bütün şəhərlərin dünya Səhiyyə Təşkilatının standartlarına uyğun şəkildə 24 saat içməli su ilə təmin ediləcəyini də bildirib: “Artıq bir neçə şəhərdə bu layihələr başa çatıb. Bu da tarixi hadisədir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gəlirlərindən əldə edilmiş vəsaitlə Oğuz-Qəbələ-Bakı su kəməri tikilib. Hər kəs yaxşı bilir ki, o sahəyə qoyulan vəsait heç vaxt qayıtmayacaq. Yəni, onlar sırf sosial xarakter daşıyan layihələrdir. İndi Bakının su ilə təminatı 78 faizə çatıb. 2004-cü ildə bu, 29 faiz idi. Ölkə üzrə 60 faizdən çoxdur, amma 11 il bundan əvvəl bəlkə 10-15 faiz idi. İki nəhəng meliorasiya meqalayihəsini icra etmişik – Şəmkirçay və Taxtakörpü su anbarları. Onilliklər, yüzilliklər bundan sonra bu anbarlar, çəkilən bu kanallar kənd təsərrüfatının inkişafına xidmət edəcək”.


Azərbaycanla diktat dilində danışanlar və ya əsassız təzyiqlərin arxasında dayanan amil


Lakin bu inkişaf fonunda “Azərbaycanın uğurlarına hər kəs sevinirmi” sualı da daim gündəmdədir. Azərbaycana müxtəlif formalarda edilən əsassız təzyiqlər ölkənin inkişafına sevinməyənlərin olduğu faktını da təsdiqləyir. Təəssüf ki, dünyada müəyyən qüvvələr hansısa ölkənin müstəqil siyasət aparmasına, iqtisadi inkişafına, daha dəqiq desək öz ayaqları üzərində dayanmasına qarşıdır. Təbii ki, bunun alt qatında bütün ölkələri özlərindən asılı vəziyyətə salmaq niyyəti dayanır. Lakin rəsmi Bakı bu prinsiplərə tabe olmaq kimi fikrində deyil. Xalqın rifahına yatırılan investisiyalar, xarici siyasətdə ölkənin maraqlarına uyğun müstəqil addımlar atılması bunu əyani şəkildə göstərir.


“Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıb. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıb və aparılır. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. İqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq”, - deyə dövlət başçısı ölkəmizə olan təzyiqləri aydın dildə açıqlayıb və bundan sonra da milli maraqlar naminə eyni siyasətin davam etdiriləcəyini diqqətə çatdırıb.


Prezident İlham Əliyev çıxışında bu qüvvələrə sərt şəkildə xəbərdarlıq da etdi: “Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik. Bəzi ölkələr ki, indi xarici yardımsız yaşaya bilmirlər, onların rəhbərliyi hakimiyyətə gəlmək naminə çoxlu vədlər veriblər - maaşları on dəfə qaldıracağıq, pensiya yaşını aşağı salacağıq və s. Onlar da hakimiyyətə gələndən sonra gərək o sözləri yerinə yetirərdilər. Getdilər xarici bazarlardan borc aldılar, özlərini asılı vəziyyətə saldılar. Ona görə siyasi məsuliyyət də çox böyük əhəmiyyət daşıyır”.

Onlar daha nökər də deyil, onlar...


Dövlət başçısının sözlərindən çıxış edərək belə ölkələr kateqoriyasında Ermənistanı bariz nümunə olaraq göstərmək olar. Bu ölkə ciddi sosial-iqtisadi uçurumun qarşısındadır. Halbuki, İrəvanın xunta rejimi hakimiyyətə gələrkən sadə erməniyə yüksək vədlər vermişdi. Lakin hər şey onların vədlə aldatdıqları sadə insanların cibinə girəndə məlum oldu.

Ermənistan ekspertlərinin özləri də etiraf edirlər ki, ölkələri ciddi iflasa uğrayıb və xarici yardımlar olmasa, qısa zamanda uçuruma yuvarlana bilərlər.

İqtisadi cəhətdən məhv olan Ermənistan siyasi baxımdan da asılı vəziyyətdədir. Biz tez-tez beynəlxalq ekspertlərin dilindən bu ölkənin forpost, əlaltı, nökər olduğuna dair fikirlər eşidirik.


Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev isə Ermənistanın heç nökər adına da layiq olmadığını vurğulayıb.

“Ermənistan nəinki müstəmləkə vəziyyətindədir, hətta o, bəlkə heç nökər adına da layiq deyil. Milli ləyaqət kriminal xunta tərəfindən tapdalanır və son hadisələr bunu bir daha göstərir. Görün bunlar nə qədər aciz durumdadırlar ki, hətta haqlı tələbləri də irəli sürə bilmirlər. Bu ölkə artıq sübut edib ki, müstəqil yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər”, - deyə dövlət başçısı bildirib.


Qərbin böyük layihəsinin iflası və Avropanı xilas edən Bakının təşəbbüsü


Düşmən ölkənin iflası fonunda Azərbaycan ciddi şəkildə irəliləyir. Rəsmi Bakı öz ölkəsini heç bir xarici qüvvədən asılı olması ilə razılaşmadı və tezliklə buna nail oldu. Bu gün Azərbaycan dünyanın enerji xəritəsində şəxsi təşəbbüskar kimi çıxış edir.

“Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Şahdəniz”, TANAP, TAP, “Cənub” qaz dəhlizi layihələri regionun, Avropanın enerji xəritəsini dəyişir. Bunların hər biri nadir tarixi layihədir. Bu layihələr son 9 il ərzində icra edilib. Mən vaxtilə şəxsən “Nabukko” layihəsinin müzakirəsi ilə bağlı azı 10 beynəlxalq tədbirdə iştirak etmişəm. Orada müzakirədən başqa heç nə yox idi. Yenə də təşəbbüs göstərmişik, TANAP layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz olmuşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra artıq “Cənub” qaz dəhlizi üçün yol açıldı”, - deyə dövlət başçısı bu barədə danışarkən diqqətə çatdırıb.


Qarşıdakı dönəm: ciddi tapşırıqlar, vacib prioritetlər


Prezident İlham Əliyev çıxışında gənc nəslin milli ruhda tərbiyə almasının vacibliyini vurğulayaraq, bununla bağlı bir sıra tapşırıqlarını verib.

Dövlət başçısı qarşıdakı dönəmdə yerinə yetirilməsi vacib olan məsələlərlə də toxunub.


“Biz regionların inkişafına dair üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq. Bu proqramın icrası məsələsi böyük dərəcədə rayon və şəhərlərin icra hakimiyyəti başçıları və tanınmış biznes strukturlarının fəaliyyətindən asılı olacaq. Böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Biz vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoş gəlmək üçün addımlar atmamışıq”, - deyə Prezident bildirib.


Onun sözlərinə görə, 2015-ci il Azərbaycanda uğurlu il kimi tarixdə qalacaq: “Kifayət qədər geniş həcmli Dövlət İnvestisiya Proqramı qəbul edilib. Əminəm ki, proqram icra ediləcək və 2015-ci il də Azərbaycanda uğurlu il kimi tarixdə qalacaq. Bizim makroiqtisadi göstəricilərimiz çox müsbətdir. Keçən il inflyasiya cəmi 1,4 faiz olub, iqtisadiyyat təxminən 3 faiz, qeyri-neft sektorumuz isə 7 faiz artıb. Manatın məzənnəsi sabit olaraq qalır. Baxmayaraq ki, neftin qiyməti düşüb, böyük valyuta ehtiyatlarımız, düşünülmüş makroiqtisadi siyasət imkan verir ki, Azərbaycan vətəndaşları bu böhranı hiss etməsinlər. İnflyasiya çox aşağı səviyyədədir, manat ildən-ilə öz dəyərini artırır. Biz bu məsələyə baxmalıyıq. O vaxt pul islahatını apararkən bir manat bir dollara bərabər idi. İndi isə bir manat bir avrodan daha da bahalıdır. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək”.


Dövlət başçısı ölkənin xarici borcuna da toxunub. Bildirib ki, bu borc bir günün içində də ödənilən bilər.


Prezident İlham Əliyevin ciddi tapşırıqları sırasında israfçılığın qarşısının alınmasına xüsusi diqqət çəkib. Dövlət başçısı xərclərin azaldılacağını, lakin sosial layihələrin əvvəlki kimi davam edəcəyini bildirib.


“Neftin qiymətinin düşməsi istər-istəməz bizim gəlirlərimizə təsir göstərir. Biz daha əvvəlki illərdə olduğu kimi, valyuta ehtiyatlarımızı artıra bilməyəcəyik. İnvestisiya proqramına ancaq prioritet məsələlər salınır. Ciddi maliyyə nəzarəti aparılmalıdır. İsrafçılığa, ümumiyyətlə yol vermək olmaz. Hər bir vəsaitdən böyük səmərə ilə istifadə edilməlidir ki, bizim ümumi makroiqtisadi vəziyyətimiz bundan sonra da yüksək səviyyədə olsun. Neftlə zəngin olan bütün ölkələr, böyük potensiala malik olan ölkələr öz büdcələrini, xərcləri böyük dərəcədə ixtisar edirlər.

Prioritet xarakter daşıyan bütün layihələr icra ediləcək, o cümlədən infrastruktur layihələri, sosial layihələr”, - deyə o, vurğulayıb.


Bank sektorunda ciddi islahatların aparılması ilə bağlı tapşırıqlar verən Prezident İlham Əliyev hər bir rayonda sənaye zonasının yaradılması haqda da danışıb: “Artıq yaxın zamanlarda bu proses də başlayacaq. Azərbaycanda texnoparklar yaradılması prosesi sürətlə gedir. Sənaye klasterləri yaradılır. Böyük, nəhəng sənaye obyektləri tikiləcək. Xüsusilə, metallurgiya kompleksi bizim üçün yeni sənaye sahəsi olacaq ki, bunun da xammal, resurs bazası var, ixrac imkanları da kifayət qədər genişdir. Böyük metallurgiya kompleksinin işə düşməsi nəticəsində minlərlə şirkət, özəl şirkət yaranacaq ki, orada hazırlanan məhsullardan son məhsulu Azərbaycanda istehsal etsin və biz idxaldan asılılığımızı azaldaq. Sumqayıt, nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Gəncə şəhəri isə əminəm ki, gələcəkdə Cənubi Qafqazın üçüncü böyük sənaye şəhərinə çevriləcək. Azərbaycan indi kiçik ölkə sayıla bilməz. Əhali təxminən 10 milyona yaxınlaşır. Biz əhalinin sayına görə orta səviyyəli ölkəyik.

Gələcəkdə Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi ixrac potensialımız olacaq. İndi bazarlar uğrunda mübarizə gedir. Böyük dövlətlər, böyük sənaye potensialına, əlaqələrə, təsir gücünə malik olan ölkələr bütün mövcud bazarları əldə ediblər. Onlar bir çox hallarda siyasi nüfuzdan istifadə edərək digər ölkələrin bazarlarına öz məhsulları ilə çıxırlar. Biz də bunu edirik və etməliyik”.


Dövlət başçısı siyasi hakimiyyətin biznesi dəstəkləməsinin vacibliyini vurğulayıb: “Səfirlərimizə də tapşırmışam, gedin, çalışdığınız ölkələrdə Azərbaycan biznesi üçün şərait yaradın ki, öz ixrac məhsulları ilə o bazarlara girsinlər. İş adamları artıq rəqabətqabiliyyətli sənaye müəssisəsi yaratmalıdır. Hansısa bir məhsulla özümüzü yüz faizdən çox təmin ediriksə, indi buna bənzər başqa eyni sənaye müəssisəsinin yaranmasına nə ehtiyac var? Demək olar ki, biz özümüzü əsas tikinti materialları ilə təmin etmişik və ona görə də ixrac edirik. İxracı təşviq sistemi yaradılmalıdır. Bu, sahibkarlara imkan verəcək ki, daha da maraqlı olsunlar və öz məhsullarını xaricə satsınlar. Beləliklə, onlar üçün əlavə güzəştlər olacaq”.


Kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübənin tətbiq edilməsinin vacibliyini qeyd edən dövlət başçısı Avropa bazarlarına da çıxmağın və ölkədə “Yaşıl market”lərin yaradılmasının vacib prioritetlərdən olduğunu bildirib.

Dövlət başçısı “Elektron kənd təsərrüfatı” layihəsinin tətbiq edilməsi üçün də tapşırıqlarını verib.


“Yerlərdə icra başçıları, şöbələr bütün məlumatları dəqiqliklə verməlidirlər. Bu təhlil bir yerdə aparılmalıdır. İndi peykimizin olduğu bir vaxtda nəyisə gizlətmək, yaxud da ki, əksinə nəyisə artırmaq, rəqəmləri şişirtmək çətin olacaq. Kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsi təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər subsidiyalara görə qiymətlər şişirdilib. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Bütün işlərdə şəffaflıq olmalıdır. Bütün sahələrdə səmərəli iş aparılmalıdır. Ancaq o təqdirdə Azərbaycanın uğurlu inkişafı təmin oluna bilər”, - deyə dövlət başçısı səhvə yol verənlərin ciddi şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.


Ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsinə toxunan Prezident İlham Əliyev Azərbaycan modeli olan “ASAN xidmət”in uğurlarından da danışıb.


“Azərbaycan vətəndaş-məmur münasibətlərində də nümunəvi ölkə olmalıdır. Xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib. Biz məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim”, - deyə dövlət başçısı son xəbərdarlığını edib.


Prezident İlham Əliyev Azərbaycanın inamlı, uğurlu inkişafının bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR