Nida.az
“Cəmiyyət fəvvarənin ətrafında düşündüyümüz kimi deyil” - MÜSAHİBƏ
Qüdrət Həsənquliyev: “Bəzən layiq olmayan insanlara da əl uzatmışam, ancaq onlar barmağımı dişləyib”
Bakı Dövlət Universitetində, həmçinin digər ali təhsil ocaqlarında 1987-ci ildən bu günə qədər aktiv siyasi fəaliyyət göstərən tələbələrin mütləq əksəriyyəti onu etibarlı dost kimi tanıyır. Söhbət BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevdən gedir. Bu gün onun 50 yaşı tamam olur. Mən onu 19 il əvvəl, isti yay aylarından tanıyıram. Siyasi fəaliyyətə başladığı vaxtdan insanlarla, xüsusilə, gənclərlə səmimi ünsiyyətdə olan, onları özünün ən doğma adamları kimi qəbul edən Qüdrət Həsənquliyev 50 illik yubileyi astanasında olsa da, əslində, hamı tərəfindən səmimi, uzunboylu, doğma insan kimi xatırlanır. AXCP sədri Əbülfəz Elçibəyin müşaviri vəzifəsində olsa da, bütün gənclər partiya qərargahının dəhlizlərində onun başına toplaşar, müxtəlif məsələlərlə bağlı siyasi mülahizələrinə diqqətlə qulaq asar və arada onları düşündürən sualları verməklə bir qədər də rahatlıq tapardı. Partiya daxilində siyasi intriqalara qoşulmayan, milli maraqlar məsələsində bütün həyatı boyu prinsipiallıq nümayiş etdirən Qüdrət Həsənquliyevlə partiya sədri kimi də söhbətləşmək, onun siyasi proseslərlə bağlı mövqeyini öyrənmək, bəzi məqamları şərh etdirmək də maraqlıdır. Əslində, Qüdrət Həsənquliyev dəyişməyib, dəyişən sadəcə, illərdir. Naxçıvanın ucqar Əbrəqunus kəndində doğulan, çətinliklərlə böyüyən, buna baxmayaraq, hüquqşünas arzusu ilə Bakıya gələn, kimyaçı olmaq istəmədiyi üçün oxuduğu orta məktəbin direktorunu hədsiz əsəbləşdirən Qüdrət Həsənquliyevlə yubiley ərəfəsində müsahibəsini təqdim edirik.
- Qüdrət bəy, özünüzü neçə yaşında hiss
edirsiniz?
- Hazırda özümü əlli yaşında hiss edirəm.
- Sizə əlli yaş verirlər ki?
- Xüsusi olaraq kimsə bu haqda mənə deməyib ki, sizə bu yaşı
veririk, ya yox. Ancaq təbii ki, mənə 50-dən çox da, az da yaş
verən ola bilər. Hər halda 50 yaşımız var.
- Əlli yaşda insan, yəqin ki, geriyə dönüb keçdiyi həyat
yoluna baxır. Bu mənada siz nə düşünürsünüz?
- Bu yaşda insan ciddi hesabat verməli olur, “mən nə etmişəm”
sualına cavab axtarır. Bu, bizim üçün də keçərlidir.
- Siz çoxuşaqlı ailədə böyümüsünüz. Niyə atanıza “əmi”
deyə müraciət etmisiniz?
- Mənim əmim rəhmətə gedib, onun qızını atam himayəyə götürüb, öz
övladı kimi saxlayıb. Biz də gözümüzü açıb görmüşük ki, əmim qızı
atamıza “əmi” deyir. Beləcə bizlər də atamıza “əmi” deyə müraciət
etmişik. Eləcə də əmim qızı anamıza Eminə deyə müraciət edirdi. Biz
də ona uyğun olaraq anamızı öz adı ilə - Eminə deyə çağırmışıq. Biz
ailədə on övlad olmuşuq. Əmim qızını da hesablayanda on bir uşaq.
Hamımız da valideynlərimizə bu cür müraciət etmişik.
- Sizi cəmiyyətdə insanlara kömək edən, himayə edən şəxs
kimi xarakterizə edirlər. İnsanlara belə isti münasibətiniz
uşaqlığınızdan, atanızın öz qardaşı qızını himayəyə almasından,
daha çox ailə telləri ilə bağlı deyilmi?
- Ola bilsin ki haqlısınız. Həm də gözümü açandan, özümü dərk
edəndən görmüşəm ki, kənddəki evimizə çoxlu sayda insanlar gəlir,
atamdan kömək və məsləhət istəyirlər. Atam da çalışırdı ki,
insanlara öz məsləhətləri ilə kömək etsin. Sizə səmimi deyim ki,
atamla bağlı ən kiçik xatirələr belə yaddaşımdan silinmir. Çünki
atamı erkən yaşından itirmişəm. Sözsüz ki, bu da mənə ailədən
gəlir. Mən o cür böyümüşəm, tərbiyə almışam. Özüm də çalışıram ki,
insanlara kömək edim. Bəzən layiq olmayan insanlara əl uzatmışam,
ancaq onlar, sadəcə, mənim barmağımı dişləyiblər. Ancaq mən heç
vaxt etdiyim yaxşılığa görə təmənna, qarşılıq gözləməmişəm. Amma
əzabını çəkdiyim vaxtlar da olub. Hesab edirəm ki, imkan daxilində
insanlara kömək etmək, əl uzatmaq vacibdir. Daha düşünmək lazım
deyil ki, bu, mənə pislik edə bilər və s. Məhəmməd peyğəmbərin
gözəl bir kəlamı var. Deyirlər ki, filankəs sənin haqqında danışır,
səni pisləyir. O, da cavab verir ki, axı mən ona yaxşılıq
etməmişəm. Bizim şərq mentalitetində, dünyagörüşündə belə bir
məsələ var. Mən bütün hallarda düşünürəm ki, insanlara yaxşılıq
eləmək lazımdır. Mənim siyasi dünyagörüşümün formalaşmasında
Əbülfəz Elçibəyin rolu olub. Bəy deyirdi ki, insanlara inanmaq və
güvənmək lazımdır, insan sənin ona olan münasibətindən sui-istifadə
edəndə üzülmək lazım deyil. Düzdür, bəzən bizlər bundan üzülürük.
Ancaq Əbülfəz bəy deyirdi ki, əsla üzülmək deyil, insanlara
inanmaq, etimad göstərmək lazımdır. Kimsə sənə pislik edəcəksə,
etsin. Odur ki, mən də çalışıram ki, insanlar mənə müraciət edəndə
və ya görəndə ki, vəziyyəti pisdir, çalışıram köməklik edim. Bəzən
bunu edə bilməyəndə çox narahat olur, bundan üzülürəm.
- Siz Əbülfəz Elçibəyi neçə yaşınızdan tanımağa
başlamısınız?
- Əbülfəz bəyi universitet illərindən tanıyırdım. Universitetdə
tələbə təşkilatı yaradılmışdı. “Yurd” təşkilatının adını da bəy
qoymuşdu. Qorxmaz İbrahimli Əbülfəz bəylə görüşmüşdü və o da bu adı
məsləhət görmüşdü. Ancaq onu canlı olaraq xalq hərəkatı başlayanda
tanıdım. Universitetdə oxuduğum müddətdə dar çərçivədə hər kəs
bilirdi ki, belə bir dissident var.
- Qərargaha gələndə Bahəddin Həziyevlə qarşılaşdıq,
ilkin təəssüratımız belə oldu ki, sizi təbrik etmək üçün gəlib. Bəs
keçmiş “Yurd”çulardan sizi təbrik edənlər olubmu?
- Kimlərin xəbəri olursa, məni təbrik edirlər. Bahəddin Həziyev də
indi təbrik etdi. Əlbəttə, canlı təbrik edənlər də, telefon
vasitəsilə təbrikini çatdıranlar da var. Biz kənd yerində
böyümüşük. Başqa kəndlərdə vəziyyətin necə olduğunu bilmirəm. Bizim
ailədə, eləcə də digər qonşularda ad gününü xüsusi qeyd etmirdilər.
Yəni belə bir dəb yox idi. İndi elə insanlar var ki, ad gününü
təbrik etməyəndə, bunu özünə qarşı diqqətsizlik hesab edir. Ancaq
məndə belə bir kompleks olmur. Ancaq mən də bəzən sonradan bilirəm
ki, hörmət etdiyim insanın ad günü olub. Təbii ki, problemlər,
gərginliklər olur, insan bəzən hörmət etdiyi insan üçün əlamətdar
hesab olunan doğum gününü yadından çıxarır.
- Facebook sosial şəbəkəsində şəxsin dostlarının ad günü
ilə bağlı əvvəlcədən ona məlumat verilir. Bu da imkan verir ki,
həmin şəxsin ad gününü təbrik edəsən. Siz nədən sosial şəbəkələrdən
istifadə etmirsiniz?
- Bu, çox yaxşı haldır. Mən qısa müddətdə Facebook-da oldum, lakin
sonra gördüm ki, vaxtımı alır. Həm də biz insanıq, bəzən oradan elə
informasiya oxuya bilərsən ki, ani olaraq təsir altında reaksiya
verərsən. Düşünürəm ki, millət vəkili və partiya sədri olaraq bəlkə
də bir gündən sonra həmin informasiya ilə bağlı emosiyadan kənar
münasibət bildirmək olar.
- Siz karyera baxımından müxtəlif mərhələlərdən
keçmisiniz. Müstəntiq kimi fəaliyyətiniz olub, sonra siyasətə
gəlmisiniz. Dövlət məmuru kimi çalışdığınız zamanlar olub, indi də
partiya sədrisiniz. Sizcə, karyera baxımından hansı daha uğurlu ola
bilib, bəlkə siz tamam bir başqa sahəyə getmək niyyətində
olmusunuz...
- Mənim uşaqlıq arzum prokurorluq orqanlarında çalışmaq, müstəntiq
olmaq olub. Özü də ağır işlərin istintaqını aparan müstəntiq olmaq
arzusunda idim. Mən müstəntiq olaraq işlədiyim dövrdə daxilən hiss
etdim ki, müstəntiq olaraq cəmiyyətə az xeyir verə bilərəm. Hətta
ərizəmi yazıb prokurorluq orqanlarından gedəndə rəhmətlik Səyyad
müəllim məsləhət gördü ki, bir də düşünüm. Dedi ki, sənin bu
addımınla prokurorluq orqanları istedadlı bir əməkdaşını itirəcək.
Əlbəttə, insanın özü haqqında müsbət danışması doğru olmazdı. Amma
baxmayaraq ki, mən rayonda müstəntiq işləyirdim, bununla belə
naziri cinayət məsuliyyətinə cəlb etməkdən çəkinməmişdim, hətta
prezidentə xüsusi məktub ünvanlamışdım.
- Səhv etmiriksə, Rauf Qarayevə qarşı cinayət işi
qaldırmaq istəyirdiniz...
- Bəli.
- Ancaq müstəntiq kimi fəaliyyət göstərmədiniz və ərizənizlə prokurorluq orqanlarından getdiniz, başqa sözlə, uşaqlıq arzusunu sona qədər reallaşdırmadınız...
- Mən qısa müddət müstəntiq işlədim. Məni prokurorluq orqanlarına Murad Babayev dəvət etmişdi. Çünki həmin vaxt Murad müəllim bizim dövlət imtahan komissiyasının sədri idi. Hüquq fakültəsində hər zaman “Cinayət hüququ” ixtisası üzrə dövlət imtahan komissiyasının sədri baş prokuror olurdu. Mən də imtahanda özünü öldürmə dərəcəsinə çatdırma mövzusunda diplom işi yazmışdım. Cinayət dispoziyası ilə bağlı normalar barədə öz fikirlərim var idi və dedim ki, sonra bu haqda danışmaq istəyirəm. Murad müəllim dedi ki öz fikirlərini söylə. Mən fikirlərimi söyləyəndən sonra baş prokuror komissiya üzvü olan professorlara dedi ki, mənə suallarını versinlər. Onlar da sual verdilər. Mənim cavablarımdan sonra Murad Babayev təklif etdi ki, prokurorluq orqanlarında işləyim. Həmin vaxt mən bu təklifə dərhal cavab vermədim. Sonradan getdim Murad müəllimin qəbuluna. Qəbula yazılanda dedilər ki, nə ilə bağlı qəbula düşmək istəyirsiniz, mən də bildirdim ki, özü dəvət edib. Qəbul günü Murad Babayev məni qəbul etdi, görən kimi tanıdı. Dərhal da kadrlar şöbəsi üzrə müavini Azər Köçərliyə zəng etdi. Dedi ki, bu cavan oğlanın sənədlərini qəbul edin və onu işə götürün. Həm də mənə təklif etdi ki, Bakıda prokurorluğun özündə fəaliyyətə başlayım. Mən də dedim ki, bir qədər təcrübə toplamaq istəyirəm. O da etiraz etmədi. Azər Köçərlinin yanına gedəndə, ona maraqlı gəlmişdi ki, baş prokuror məni xüsusi olaraq tapşırıb. Bunun səbəbini soruşdu, mən də olan şeyi danışdım. O da dedi ki, sən doğrudan savadlı oğlansan? Mən də dedim ki, bunu Murad müəllimdən soruşun, məni o dəvət edib. O da dedi ki, mənə sual vermək istəyir. Etiraz eləmədim. Mənə bir neçə sual verdikdən və cavablarıma qulaq asdıqdan sonra məni təbrik etdi. Xatırlayıram, bizim əmrimizi imzalayanda qəbul otağında idik. Murad müəllim dedi ki, onları prokurorluq orqanlarında işə qəbul edəndə 6 nəfər olublar, beşini rayonlara göndərirlər, onun özünü isə Bakıda saxlayıblar. Əlavə etdi ki, indi onun özü 6 gənc kadrı işə qəbul edir, beşini rayonlara göndərir, bir nəfəri isə Bakıda saxlayır. Daha sonra gülərək arzu etdi ki, 15 ildən sonra bu kreslo sizə qismət olsun. Bizim aramızda belə bir maraqlı söhbət olmuşdu. Konkret suala gəldikdə deyim ki, mən fəaliyyətə başlayandan bir müddət sonra gördüm ki, xalq hərəkatında iştirak etmişəm, içimdə bir enerji var, müstəntiq olaraq xalqıma az xidmət edə bilərəm, bəlkə də başqa vəzifədə daha çox xeyir verə bilərəm. Beləliklə də, prokurorluq orqanlarından ayrıldım.
- Sizin hətta prokurorluq orqanlarına işə qəbul olunma
prosedurunuz çox maraqlı və bəlkə də müstəsna hadisələrdən hesab
oluna bilər. Amma yenə də tələbə təşkilatı qurmağınız, xalq
hərəkatında fəal olmağınız sizi siyasətə gətirdi...
- Təşəkkür edirəm ki, 50 yaşımda mənə belə suallar verib, yaxşı
şeyləri xatırladırsınız. Amma mən heç nədən imtina etməzdim.
Əbülfəz bəyin “Bu, mənim taleyimdir” adlı kitabı və fikirləri var.
Mən də demək istəyirəm ki, bütün bunlar mənim taleyimdir, keçdiyim
yoldur. Bu gün durub demək ki, mən bunu belə edərdim, bu məqamda
dəyişərdim və s. mümkün deyil. Mən həyatım boyu hansısa mərhələdə
nəyi doğru bilmişəmsə, o qərarı vermişəm.
- Sizdən əvvəlki nəsil daha çox tarix fakültəsini seçir,
birinci katib olmaq istəyirdi. Sizin nəsil isə daha çox hüquqşünas,
müstəntiq, prokuror olmaq istəyirdi. Ancaq sizin tələbəliyiniz həm
də xalq hərəkatı dövrünə düşdü, sizlər bu prosesdə aktivlik nümayiş
etdirdiniz. Bəs həmin vaxt xalq hərəkatına qoşulmayan tələbələrin
karyerası necə oldu, onların içərisində yüksək post tutanlar
oldumu?
- Yaxşı oxuyan tələbələrin böyük əksəriyyəti müəyyən istisnalarla
xalq hərəkatında iştirak ediblər. Ancaq xalq hərəkatında iştirak
etməyib yaxşı karyera quranlar da var. Təbii ki, onların adını
çəkmək etik olmazdı. Ancaq o zaman xalq hərəkatına qarşı olan
insanlar da var idi ki, sonradan yüksək vəzifə tutublar. Ancaq mən
düşünürəm ki, necə bu milləti sevib həmin dövrdə proseslərdən
kənarda qalmaq mümkündür. Həmin vaxt savadlı insanlar bilirdi ki,
xalq hərəkatı tarixi şansdır, yüz ildən sonra Allah şans tanıyıb
ki, millət müstəqilliyini əldə etsin. Bu səbəbdən kənarda durmaq
mümkün deyildi. Həm də bilirsiniz ki, həmin vaxt xalqımızın özü
küçələrə axışmışdı. İlkin dövrdə insanların əllərində SSRİ-nin,
sovet Azərbaycanının bayraqları ilə çıxmışdı. Sonradan proseslərin
gedişində, çıxışlarda vəziyyət dəyişdi. Məsələn, Nemət Pənahlının
cəsarətli çıxışları var idi, Sabir Rüstəmxanlını xalq ziyalı, şair
kimi tanıyırdı. Ancaq İsa Qəmbəri, Hikmət Hacızadəni, Zərdüşt
Əlizadəni xalq tanımırdı. Məsələn, Əbülfəz Elçibəyi dar ziyalı
təbəqəsi tanısa da, geniş xalq kütləsi tanımırdı. Sonradan onları
xalq meydanda tanıdı. AXC İdarə Heyətinin ilk tərkibində olan 15
üzvünü xalq tanımırdı. Sonrada mətbuat yazırdı ki, nədən bu boyda
ziyalısı olan xalqın qarşısına ali savadı olmayan, 27 yaşlı Nemət
Pənahlı çıxdı. Bilirsinizmi, Nemət Pənahlı ilk olaraq ona görə,
qabağa çıxdı ki, heç kəs cürət edib öndə olmaq istəmirdi. Bu,
faktdır. Nemət Pənahlının natiqlik qabiliyyəti var idi, kütlənin
ruhunu oxşayan şeirlər deyə bilirdi və çox cəsarətli idi. Sizə
deyim ki, onun çıxışını biz aşağıdan alqışlayırdıq və baxırdıq ki,
insanlar bu çıxışlardan necə həyəcan keçirirlər.
- Elə maraqlısı odur ki, bu qədər savadlı insan, ziyalı
təbəqəsi bilmədiyi təqdirdə Nemət Pənahlı bilirdi ki, bizim
müstəqil olmaq üçün şansımız yaranıb...
- Mən də onu demək istəyirəm ki, heç kəs bunu deməyə cəsarət etmir,
öndə olmaq istəmirdi. Əlbəttə ki, çoxları bu həqiqəti bilirdi.
Nemət bəyin də qabağa düşməsində universitetin tələbələrinin rolu
çox oldu. Tələbələrin dəstəyi, təhriki, həvəsləndirməsi ilə Nemət
Pənahlı açıq və cəsarətli çıxışlar edirdi. Demək istəyirəm ki,
Nemət Pənahlı həmin dövrdə elə-belə qəhrəmana çevrilməmişdi. Onun
reytinqi çox yüksək idi. Həmin dövrdə Nemət Pənahlıdan sonra Etibar
Məmmədovun cəsarətli çıxışları oldu. Ancaq 20 yanvardan sonra onun
Moskvaya getməsi artıq birmənalı qarşılanmamışdı. Və insanlar
duymuşdu ki, Moskvaya getməyin arxasında bir qorxaqlıq elementi
var. Düzdür, onun azadlığa buraxılması üçün 1 milyon insan imza
verdi. Ancaq gördüyünüz kimi, Etibar Məmmədov Moskvada həbsdən azad
edilib ölkəyə gələndən sonra onun və Nemət Pənahlının reytinqi
aşağı düşdü. Bunun da səbəbi onunla bağlı idi ki, liderlər çətin
durumda bir mərhələyə qədər cəsarətli çıxışları ilə böyük işlər
gördülər. Mən bu ana qədər onların gördüyü böyük işlərə kölgə
salmaq istəmirəm. Ancaq radikal xəttin daşıyıcıları kritik məqamda
kütlənin önündə olmalı idilər. Ancaq indi sən nə qədər arqument və
əsas gətirsən də, fakt faktlığında qalır ki, sən kritik məqamda
kütlənin önündə olmamısan.
- Yeri gəlmişkən, Etibar Məmmədov Moskvaya gedəndə
AXC-dən Moskvaya teleqram vurulub ki, Məmmədovun AXC-yə heç bir
bağlılığı yoxdur. Sizin bu müəmmalı oyundan xəbəriniz olub
yəqin...
- O zaman AXC rəhbərliyində təmsil olunmurdum, Bakı Dövlət
Universitetində AXC-nin şöbəsinin 15 nəfərdən ibarət olan İdarə
Heyətinin üzvü idim. Universitet fəal olduğundan ayrıca rayon
şöbəsi statusunu daşıyırdı. Həmin vaxt universitetin xüsusi
əhəmiyyəti var idi. Bizim əlaqələndiricimiz ilk dövrlər Tamerlan
Qarayev, sonra isə Əli Kərimli idi. Onlar daha çox AXC
rəhbərliyində baş verənlərdən məlumatlı idilər, biz daxili
intriqaları dərindən bilmirdik. Bizə bir çox məsələləri onlar
danışırdı. Ən azından biz bir məqsədə nail olduq. Bizim milli
azadlıq mübarizəsinə qoşulmaqda əsas məqsədimiz müstəqillik idi və
bunu qazandıq. Çoxları indi deyirlər ki, onsuz da SSRİ dağılacaqdı,
bu halda itkilər, 20 yanvar nəyə lazım idi. Onsuz da Tacikistan da
müstəqilliyini qazandı və s. Ancaq onlar unudurlar ki, SSRİ-ni
dağıdan elə Gürcüstanda, Ukraynada, Azərbaycanda və Pribaltikadakı
xalq hərəkatları oldu. Əgər bu hərəkatlar olmasaydı, ola bilsin ki,
proseslər bu cür cərəyan etməyəcəkdi. Qorbaçovun yanlış
qərarlarının nəticəsində xalq hərəkatları olmasaydı, bəlkə də SSRİ
bu gün də yaşayırdı.
- Siyasi partiyaların mütləq əksəriyyəti AXC-nin
şinelindən çıxıblar. İdeoloji baxımdan da hərəkatda qoyulan
məqsədləri özlərinin məqsədi elan ediblər. Görünən budur ki, sizin
partiyada daha çox Əbülfəz Elçibəy zamanında olan insanlar
toplanıb. Partiyada vəziyyət necədir?
- İşlər normal gedir. Biz onun fərqindəyik ki, siyasi proseslərin
körüklənməsi üçün müəyyən şərtlər vacibdir. İndi insanların siyasi
təşkilatlara marağı azalıb. Belə məqamda nə qədər təbliğat
aparırsan apar, cəlbedici fəaliyyət göstərirsən göstər,
insanlarımız siyasi proseslərlə maraqlanmır. İndi əsas məqsəd
sıraları genişləndirməkdən daha çox partiyanın özəyini qoruyub
saxlamaqdır. Zamanından asılı olaraq üzvlərimiz arta da, azala da
bilər. Vacibi indiki özəyi saxlamaqdır. Düşünürəm ki, biz zamanla
öz mövqeyimizi gücləndirəcəyik. Əminəm ki, gələcəkdə 3-4 güclü
siyasi partiya qalacaq və onlardan da biri BAXCP olacaq.
- Bu il parlament seçkiləri keçiriləcək. Bu haqda nə
düşünürsünüz və gözləyirsiniz?
- Gözləyirəm ki, növbəti parlament keyfiyyət etibarı ilə daha üstün
olacaq. Gözləyirəm ki, növbəti parlamentdə gənclərin say tərkibi
daha çox olacaq. Özü də xarici dilləri bilən və siyasi proseslərdən
başı çıxan gənclər. Bir çox hallarda belə yanaşma olur ki, filan
gənc xarici dili bilir, gəlin ona dəstək verək, irəli çəkək. Ancaq
Britaniyada hər kəs xarici dili, dövlət dilini bilir. Bu o demək
deyil ki, hər kəs gəlib siyasi prosesləri apara bilər. Hansısa
diskussiya və görüşlərdə ölkənin maraqlarını qoruya bilər. Bunun
üçün siyasi hazırlıq lazımdır. Mən 10-15 il əvvəl qəbul etdiyim
qərarlara baxıram və düşünürəm ki, həmin vaxt belə qərar versəydim,
daha yaxşı olardı. İnsan yaşlaşdıqca müdrikləşir. Bir siyasətçinin
formalaşması üçün on illər lazımdır. Bu, riyaziyyat deyil ki, fitri
istedadın olsun. Bunun üçün gərək insanlarla, xarici diplomatlarla,
jurnalistlərlə təmasda olasan, müxtəlif diskussiyalarda iştirak
edəsən. Bir vaxtlar bizim dairə qapalı idi. Qərargaha toplaşırdıq,
qəzetdə gedən məqalələrlə tanış olurduq, müzakirələr aparırdıq,
həftədə bir dəfə iclas keçirirdik. Hesab edirdik ki, cəmiyyət də
bizim kimi düşünür. Amma sənin təmasların artanda fərqli vəziyyət
qarşına çıxır. Mən MSK-ya katib təyin ediləndə xarici qonaqlarla,
diplomatlarla, YAP-dan olan şəxslərlə təmaslarım oldu. Gördüm ki,
cəmiyyət bizim Xəqani 33-də olan fəvvarənin ətrafında düşündüyümüz
kimi deyil. Bundan sonra bir qədər fərqli düşünməyə başladım.
Əbülfəz Elçibəy deyəndə ki, hər şeyin zamana ehtiyacı var, gənclər
və elə mən də deyirdim ki, nə zaman... Gənclər maksimalist olur.
Məsələn, gənclər deyir ki, demokratik cəmiyyət qurmaq lazımdır.
Ancaq bunu kimlə, hansı resursla qurmaq məsələsi yada düşmür. Sən
haradan 1500 prokurorluq əməkdaşı, 50-60 min polisi, yüz minlərlə
məmur təbəqəsini, müəllimi tapacaqsan? Odur ki, bu insanların özü
maariflənmə, təbliğat yolu ilə keçid üçün hazırlanmalıdır. Gənclik
bunları düşünmür. Sözüm odur ki, gənclər maksimalist olur. Sizə bir
məqamı deyim, AXC iqtidarının ən mühüm uğurlarından biri test
üsulunun tətbiqi hesab olunur. Amma həmin hökumətin iflasının da
səbəbi bunun tətbiqidir. Bunun səbəbindən müəllim, professor heyəti
AXC-dən imtina etdi. Təbii ki, heç bir müəllim deməyəcək ki,
rüşvətin tərəfdarıdır. Ancaq çayxanaya gedəndə deyirdilər ki,
bunlardan hakimiyyət çıxar... Qısa bir müddətdə AXC-ni gözdən
saldılar. Biz nəzərə almadıq ki, siyasi fəaliyyət ənənəsi
olmadığına görə, xalq siyasi liderə deyil, elmlər namizədinə,
professora məclislərdə daha yüksək yanaşırdı.
- 51 yaşınızda sizi harada görə bilərik?
- Bunu ancaq Allah bilir. Təbii ki, Allah insanın zəhmətini görür
və qiymətləndirir. “Mançester Yunayted”in məşqçisinə sual etdilər
ki, oyundan əvvəl qələbə qazanmaq üçün Allaha yalvarırsınızmı? O da
cavab verdi ki, əlbəttə, ancaq biz hansı oyuna yaxşı
hazırlaşırıqsa, həmin oyunda Allah bizə daha çox kömək edir. Bu
mənada insan özündən asılı olanı etməli, çalışmalıdır. Mən də
bugünkü şərtlər altında bu ölkə üçün nə etmək mümkünsə, çalışıram
onu edim. Bu istiqamətdə də davam etmək, Allahın verdiyi ömrü
yaşamaq istəyirəm.
- Neçənci ildən siyasətdəsiniz?
- 1987-ci ildən...
- Siyasətdə ən enerjili dövr 50 yaşa qədər olan dövrdür,
yoxsa 50 yaşdan sonrakı dövr?
- Şüurum mənə diktə edir ki, 50 yaş az deyil, hesabat dövrüdür.
Ancaq enerjimin azaldığını və ya tükəndiyini desəm, bu yanlış olar.
Gənclik mərhələsi emosional dövrdür və bu təbiidir. Qədim Çin
fəlsəfəsində deyildiyi kimi: gənclikdə emosiyan yoxdursa, inqilabçı
deyilsənsə, qəlbin yoxdur, yaşlananda da emosiyan varsa, ağlın
yoxdur. Əbülfəz bəy deyirdi ki, insan yaşlaşdıqca daha da
müdrikləşir. Mən Heydər Əliyevdən nəyi əxz etmişəm? Heydər Əliyev
mövcud şərtlər altında nə etmək mümkündürsə, onu edirdi. Yəni
realist idi. Əbülfəz Elçibəy idealist siyasətçi idi, xalqa
təmənnasız xidmətin simvolu idi. Heydər Əliyev nəzərə alırdı ki,
SSRİ zamanı imperiyanı dağıtmaq olmaz, bu halda gəncləri müttəfiq
respublikalara təhsil almağa göndərmək, ziyalı təbəqə, kadr resursu
yetişdirmək lazımdır. Bunu edib əlverişli beynəlxalq vəziyyəti
gözləmək lazımdır. 20 yanvar hadisələri zamanı da duydu ki, bu
şərait yaranıb, Moskvada Azərbaycan nümayəndəliyinə gələrək xalqa
mənəvi dəstəyini ifadə etdi. İndi bizim də əsas hədəfimiz Bütöv
Azərbaycan, qanunun aliliyi, demokratik ölkəyə çevrilməkdir.
Nemət ORUCOV
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO