• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Millət vəkili girovlarımızla bağlı AŞPA-ya qətnamə layihəsi təqdim edib

  • Nida.az
  • 29 Yanvar 2015 14:25
  • 348 Baxış
Millət vəkili girovlarımızla bağlı AŞPA-ya qətnamə layihəsi təqdim edib

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov Ermənistan qüvvələri tərəfindən girov götürülən və Ermənistanın işğal edilmiş ərazilərimizdə formalaşdırdığı “Dağlıq Qarabağ Respublikası” adlı tanınmamış separatçı rejimin “birinci instansiya məhkəməsinin” azadlıqdan məhrum etdiyi Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim edib.


Publika.az-ın məlumatına görə, millət vəkili vurğulayıb ki, soydaşlarımızın hüquqlarının müdafiəsi üçün AŞPA-da yeganə yol bu qətnamə layihəsidir: “AŞPA-nın prosedur qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir. Təqdim etdiyim bu qətnamə layihəsinə isə Avropa Şurasına üzv olan 47 ölkədən 23 ölkəni təmsil edən 46 deputatın imza atması haqq-ədalətin bu günahsız insanların tərəfində olduğunun göstəricisidir”.

Elxan Süleymanov xatırladıb ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev heç bir cinayət əməli törətməyib və heç bir hüquqazidd hərəkət etməyib. Onlar 2014-cü ilin iyun ayında Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb, onun meyiti sonradan Azərbaycan tərəfinə verilərək dəfn edilib: “Bu torpaqlar hüquqi baxımdan Azərbaycan əraziləridir və Azərbaycan vətəndaşları öz ölkələri hüdudlarında sərbəst hərəkət etmək hüququna malikdirlər. Burada cinayət törədən tərəf Ermənistandır. Bu dövlət Azərbaycan ərazilərini işğal edib, 22 ildən artıq davam edən bu işğal beynəlxalq hüquq normalarına görə qeyri-qanunidir. Digər tərəfdən, beynəlxalq hüquq normalarına görə, işğalçı Ermənistan tək Azərbaycan qarşısında deyil, ümumiyyətlə, dünya ictimaiyyəti qarşısında beynəlxalq-hüquqi məsuliyyət daşımalıdır. Göründüyü kimi, cinayət törədənlər öz ata-baba yurdlarını ziyarət etmək istəyən Dilqəm Əsgərov və Şahbaz Quliyev deyil, əksinə, onları girov götürən və Həsən Həsənovu qətlə yetirən Ermənistan tərəfidir”.


Millət vəkili bildirib ki, Ermənistanın işğal etdiyi ərazilərdə formalaşdırdığı “Dağlıq Qarabağ Respublikası” adlı separatçı rejim heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb, bu “qurum” hüquqi baxımdan qeyri-legitimdir və mahiyyət etibarı ilə tanınmamış separatçı siyasi təsisatdır. Odur ki, onun formalaşdırdığı “məhkəmə” də qeyri-legitimdir və belə qeyri-legitim “birinci instansiya məhkəməsi” 19 dekabr 2014-cü ildə D. Əsgərovu ömürlük, Ş. Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edib. Odur ki, bu qərar qeyri-qanunidir. Məhz ona görə də qətnamə layihəsində vurğulanır ki, “İki hökm çıxarmış “məhkəmə” tanınmamış separatçı siyasi təsisat tərəfindən yaradıldığına görə, nə hər hansı dövlətin məhkəmə orqanı tərəfindən hüquqi şəkildə tanınmır, nə də ümumi yurisdiksiya məhkəməsi proseslərinin əsaslandığı təməl prinsiplərə uyğun gəlmir. Belə ki, bu “məhkəmədə” həmin tanınmamış separatçı siyasi təsisatın insan hüquqları yaxud hüququn aliliyinə zəmanət verən beynəlxalq müqavilələrə qoşulmasından irəli gələn nəzarət və əsas qaydalar mövcud deyildir.


Elxan Süleymanovun sözlərinə görə, tam aydındır ki, D. Əsgərov və Ş. Quliyev qanunsuz olaraq saxlanılıblar və onlar üzərində qurulan məhkəmə saxtadır: “Odur ki, bizim qətnamə layihəsinin əsas məqsədlərindən biri işğalçı Ermənistanın yaratdığı separatçı rejim tərəfindən qurulan saxta məhkəmə oyununu ifşa etmək və beynəlxalq aləmə çatdırmaqdan ibarətdir. Bu məqsədlə qətnamə layihəsində D. Əsgərovun və Ş. Quliyevin qanunsuz saxlanılması və məhkum edilməsinə görə məsuliyyət daşıyan bütün tərəflərdən bu şəxslərin dərhal azadlığa buraxılmasına və hüquqlarının bərpasının təmin olunmasına çağırış edilir. Qətnamə layihəsini irəli sürməkdə məqsəd separatçılar tərəfindən terrora məruz qalmış soydaşlarımızın beynəlxalq təşkilat çərçivəsində hüquq və azadlıqlarının bərpa edilməsinə nail olmaqdır.


Millət vəkili onu da vurğulayıb ki, bu çox çətin bir missiyadır: “Çünki AŞPA-da təqdim etdiyim Sərsəng humanitar faciəsi ilə bağlı olan “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı qətnamə layihələrimə AŞPA Katibliyi, Büro və Prezidentlər Komitəsində anti-Azərbaycan qüvvələri tərəfindən ciddi maneələr oldu və nəhayət 2 ilə yaxın mübarizədən sonra bu qətnamə layihələri üzrə AŞPA-nın Sosial və Siyasi komitələrində məruzəçilər təyin edildi. Bu qətnamə layihəsinin əvvəlkilərdən daha asan yolla öz həllini tapa biləcəyini güman etmirəm. Bu, gərgin bir mübarizədir, ancaq mən bu layihənin həyata keçirilməsində israrlıyam”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR