Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü keçiriləcək – Birgə Bəyanat
Bizi izləyin

Nida.az

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü keçiriləcək – Birgə Bəyanat

Yanvarın 29-da Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tərəflər 26 may 2014-cü ildə xarici işlər nazirlərinin birinci üçtərəfli görüşündə qəbul olunan Bakı Bəyanatına sadiqliklərini ifadə ediblər.

Bir-birilərinin dövlətlərinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət və dəstəklərini təsdiq edən tərəflər, beynəlxalq siyasət məsələlərini müzakirə edərək, sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsi, beynəlxalq və regional miqyasda, xüsusilə Mərkəzi Asiya, Xəzər dənizi regionu, Cənubi Qafqaz, Orta və Yaxın Şərqdə etimad və qarşılıqlı anlaşma şəraitinin yaradılması istiqamətində göstərdikləri səylərin əhəmiyyətini qeyd ediblər.

Bu kontekstdə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistanın beynəlxalq təşkilatlar, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, həmçinin digər beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığının məqsədəuyğunluğu vurğulanıb.

Xarici işlər nazirlərinin görüşündə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan prezidentlərinin 5 iyun 2014-cü ildə Bodrum şəhərində görüşünün yüksək əhəmiyyəti və konstruktiv xarakteri xüsusi qeyd olunub.

Nazirlər yüksək səviyyədə əldə olunmuş razılaşmaların siyasi, enerji, ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlığın müxtəlif sahələrində üçtərəfli əlaqələrin daha da genişlənməsi üçün möhkəm zəmin yaratdığını qeyd ediblər.

Xarici işlər nazirləri enerji sahəsində üç ölkə arasında əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Bununla Xəzər dənizi regionundan Türkiyə Respublikasından keçməklə Avropaya təbii qazın çatdırılmasının xüsusi əhəmiyyəti qeyd olunub.

Bununla əlaqədar enerji şirkətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi və neft-qaz şirkətlərinin nümayəndələrinin üçtərəfli görüşünün təşkilinin məqsədəuyğunluğu qeyd edilib.

Xarici işlər nazirləri ölkələrinin böyük nəqliyyat-tranzit imkanlarını nəzərə alaraq, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlığın inkişafına mühüm əhəmiyyət veriblər. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı və üç ölkənin imkanlarının maksimal şəkildə istifadəsi üçün “Əfqanıstan-Türkmənistan-Azərbaycan Respublikası-Gürcüstan-Türkiyə Respublikası” nəqliyyat dəhlizinin yaradılması məsələsinə baxılıb. Üç dövlət arasında nəqliyyat prosesinin iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsi, dəstək və multimodal daşımaçılığın inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə Tərəflər üç ölkənin nəqliyyat nazirliklərinin və qurumlarının nümayəndələrinin görüşünün keçirilməsinin zəruriliyi barədə razılığa gəlinib.

Nazirlər ticarət-iqtisadi əlaqələr sahəsində təmasların əhəmiyyətini və bərabər hüquqluluq, qarşılıqlı fayda və bir-birilərinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələri arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi və genişləndirilməsinin prioritetliyini qeyd ediblər. Görüş zamanı ticarət əməkdaşlığının və malların üç dövlətin ərazisindən tranzitinin fəallaşdırılması məsələləri müzakirə olunub. Bu məqsədlə Azərbaycan, Türkiyə və Türkmənistanın ticarət-sənaye palataları və müvafiq nazirlik və qurumlarının nümayəndələrinin görüşünün təşkilinin zəruriliyi qeyd olunub.

Tərəflər həmçinin üç ölkənin xalqlarının ümumi mədəni, dil və tarixi irslərinə əsaslanan mədəni-humanitar sahədə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Nazirlər 2015-2017-ci illər üçün Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığına dair Çərçivə proqramını qəbul ediblər və onun həyata keçirilməsində xarici işlər nazirliklərinin əlaqələndirici rolunu vurğulayıblar. Bununla əlaqədar xarici işlər nazirləri müvafiq nazirlik və qurumları çərçivə proqramının müddəalarını həyata keçirilməsinə yönəlmiş əməkdaşlığın fəallaşdırılmasına və onun yerinə yetirilməsinə səy göstərməyə çağırıblar.

Tərəflər qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq əməkdaşlıq məsələləri üzrə hazırkı üçtərəfli formatda davamlı əsasda görüşlərin keçirilməsinin vacibliyini qeyd ediblər və növbəti görüşün Türkiyə Respublikasında keçirilməsinə razılıqlarını bildiriblər.

Xarici işlər nazirləri 2015-ci ildə Türkmənistanda Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Prezidentlərinin Sammitinə hazırlığın və onun keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm