• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Prezident “Şahdağ” qış-yay turizm kompleksində - FOTOLAR

  • Nida.az
  • 29 Yanvar 2015 17:09
  • 1 087 Baxış
Prezident “Şahdağ” qış-yay turizm kompleksində - FOTOLAR

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olublar.


Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, dövlət başçısı və xanımı “Park Chalet Shahdag” otelinin, həmçinin kompleksin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışlarında iştirak ediblər.


“Şahdağ” qış-yay turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin tikintisinin hazırlıq işlərinə 2006-cı ildən başlanılıb. Həmin il keçirilən tenderdə dünyanın aparıcı şirkətləri qalib gəlib. Bu kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. O vaxtdan görülən işlər nəticəsində “Şahdağ” qış-yay turizm kompleksinə çəkilən avtomobil yolu genişləndirilib, körpülər tikilib, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri həyata keçirilib. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır.


Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır. Qonaqların istirahətinin yüksək səviyyədə təmin olunduğu bu otellərdə yaradılan şərait bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə turizm sektorunun inkişafına xüsusi fikir verilir. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdirilməsi və bununla bağlı bölgələrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, son bir neçə ildə beşulduzlu otellərin açılması ilə dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlib. Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nümunəsinə çevrilib. Bu çərçivədə “Şahdağ” qış-yay turizm kompleksində inşa edilən otellərdə təqdim edilən yüksək şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını göstərir.


“Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur. Kompleksin inşası bir neçə mərhələdə aparılır. Bu möhtəşəm obyektin inşasını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev dəfələrlə əraziyə gələrək tikintinin gedişi ilə tanış olub, bir neçə obyektin və otelin açılışında iştirak edib. Layihənin həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Tikintiyə nəzarəti isə nazirliyin tabeliyində olan “Şahdağ” qış-yay turizm kompleksinin müdiriyyəti həyata keçirir.


Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi.


“Park Chalet Shahdag” oteli Bakıdan 210 kilometr şimal qərbdə yeganə alp üslublu dəbdəbəli məkandır. Əzəmətli dağlarla əhatə olunan otelin 164 eleqant qonaq otağı var.

“Park Chalet” otelinin baş meneceri Stüart De San Nikolas bildirdi ki, bu otel yeni yaradılan “Absheron Hotel Group” şirkətinin ikinci otelidir. İlk otel olan “Pik Palace Şahdağ”ın açılışı 2013-cü ilin dekabrında Prezident İlham Əliyev tərəfindən həyata keçirilib. “Park Chalet” otelinin dizaynı ənənəvi Avropa üslubundan ilhamlanaraq, ABŞ-da Aspen xizək stilli otellərin üslubunu da özündə əks etdirir. “Park Chalet” oteli “Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv və müstəqil lüks otel və kurortların cəmləşdiyi “Autograph Collection”un rəsmi üzvüdür. “Park Chalet”in bu qrupa daxil olması təsadüfi deyil. Belə ki, bu qrupa namizəd otellər beynəlxalq standartlara cavab verməsi, yerləşdiyi ərazi, orijinallığı və digər spesifik xüsusiyyətləri ilə seçilən otellərdir.


Dövlətimizin başçısı və xanımı otel nömrələri ilə tanış oldular.


Məlumat verildi ki, oteldə müxtəlif kateqoriyadan olan nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir. Bütün bunlar sübut edir ki, paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi Azərbaycanda bu sahənin inkişafına göstərilən diqqətin nəticəsidir. Bu çərçivədə “Park Chalet” otelində yaradılan gözəl şərait Azərbaycanda mehmanxana biznesinin inkişafını və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin getdikcə artdığını bir daha təsdiqləyir. Oteldə müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq. Oteldəki restoranlar, barlar və istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün nadir vəhdət yaradır. Bu oteldə qonaqlara təqdim olunan xidmətlər çoxçeşidliliyi ilə fərqlənir. Burada quraşdırılan müxtəlif trenajorlar, müasir idman avadanlığı və hovuzlar qonaqların istirahət imkanlarını daha da artırır. “Park Chalet” otelində tam təchizatlı fitness və SPA mərkəzləri, 20 metrlik qapalı hovuz qonaqlarını gözləyir. Dəbdəbəli SPA mərkəzində çalışan təcrübəli terapevtlər müxtəlif aromaterapiya, masajlar və prosedurlar, o cümlədən kosmetik qulluq və müalicə təqdim edirlər. 130 nəfərədək qonağı qəbul etmək iqtidarında olan çoxfunksiyalı və banket üslubundakı konfrans zalı Günəş işığı ilə işıqlanır və möhtəşəm dağ mənzərəsi ilə əhatə olunub. Konfrans zalı, həmçinin 3 ayrı hissələrə bölünə bilir və bu da müxtəlif məzmunlu və həcmli tədbirlərin həyata keçirilməsi üçün əlverişlidir. Otelin biznes mərkəzi 7 gün 24 saat fəaliyyətdədir.


Otellə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü.




Xəbər lenti

DAHA ÇOX XƏBƏR