• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Vilayət Quliyev: “Terror Avropanın mərkəzinə yol açıb”

  • Nida.az
  • 29 Yanvar 2015 18:33
  • 456 Baxış
Vilayət Quliyev: “Terror Avropanın mərkəzinə yol açıb”

“Bir neçə il bundan əvvəl Avropada insanlar savaş və terrorun Afrikada və digər yerlərdə ola biləcəyini düşünürdülər. İndi terror Avropanın mərkəzinə yol açıb. Bütün bunların qarşısının alınması üçün ziyalıların fəaliyyəti vacibdir. Hər bir vətəndaşdan sayıqlıq, zora qarşı mübarizə aparmaq tələb olunur”.


Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev Budapeştdə keçirilən “Xocalı soyqırımına beynəlxalq hüquqi baxış və qondarma erməni iddiaları” adlı konfransda çıxışı zamanı deyib.


Səfir Türkiyənin bu il Çanaqqala savaşının 100 illiyini qeyd edəcəyini bildirib: “Bu il eyni zamanda Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş bir məsələ qeyd olunur. Bu, qondarma “erməni soyqırımı”dır. Məlumdur ki, 1915-ci ildə Türkiyədə soyqırım olmayıb. Bu kimi hadisələrin qarşısının alınması üçün diplomatlar, elm adamları, ziyalılar ciddi fəaliyyət göstərməlidir. Azərbaycanın Macarıstandakı səfirliyinin əsas istiqamətlərindən biri bu olub”.


Türkiyənin Macarıstandakı səfiri Şakir Fakılı isə Azərbaycanın son illərdə sürətlə inkişaf edən ölkəyə çevrildiyini diqqətə çatdırıb: “Bir neçə dəfə Bakıda olmuşam, Bakı çox gözəl şəhərdir və hər birinizə orada olmağı tövsiyə edirəm”.

Səfir daha sonra Azərbaycanın 90-cı illərdə yaşadığı problemlərdən, ərazilərimizin işğalından danışıb.


Soyqırımı həqiqətlərinin Tanıdılması İctimai Birliyi, Macarıstan--Azərbaycan qardaşlıq Cəmiyyətinin təşkilatçılığı və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə keçirilən konfransda “Qafqazın parlayan ulduzu - Azərbaycan” kitabının da təqdimatı keçirilib.


Kitabın həmmüəllifi macar jurnalist Borbala Obruzanski Azərbaycanın sürətli inkişafından, tarixi, mədəniyyəti, mətbəxindən danışıb və kitabı təhlil edib.


Kitabının azərbaycanlı həmmüəllifi, Soyqırımı həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov Xocalı soyqırımından danışaraq, bu faciənin bəşəriyyət tarixində insanlığa vurulmuş ən dəhşətli zərbələrdən biri olduğunu deyib: “Faciənin dəhşətlərini yaşamış birisi olaraq, o gün haqqında danışmaq və onu göz önünə gətirmək mənim üçün heç də asan deyil. Xocalı soyqırımı erməni millətçilərinin düşündüyü kimi türklərə deyil, bütövlükdə bəşəriyyət və insanlığa qarşı həyata keçirilmiş soyqırımı aktıdır”.


Ceyhun Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində erməni yalanlarının ifşa olunduğunu diqqətə çatdırıb.

“Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın başçılığı ilə “Xocalıya ədalət” kampaniyası adı altında aparılan ciddi fəaliyyətlər uğurlu nəticələr verir. Artıq kampaniyanın nəticəsi olaraq, bir çox ölkə parlamentləri Xocalı soyqırımını gündəliyə çıxararaq müzakirə edərək pisləyiblər. Bununla yanaşı, baş verənləri soyqırımı aktı kimi tanıyan qətnamələr qəbul edilib. Tarix boyu insanlığa, xüsusən türklərə qarşı dəfələrlə soyqırım aktı törədən ermənilər bu gün yalanları ilə tarixdə olmayan bir şeyi uyduraraq, qondarma “erməni soyqırımı”nı dünyaya sırımaq istəyirlər. Amma nədənsə heç bir tarixi araşdırmaya ehtiyacı olmayan, 22 il bundan öncə dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımına lazımi səviyyədə hüquqi qiymət verilməyib. Bu da bəzi təşkilatlar və dövlətlərin ikili standart yanaşmasının nəticəsidir. Burada çox maraqlı bir macar atalar sözünü xatırlatmaq yerinə düşərdi: “Meşəyə girən ağacı görmürsə, deməli kordur”. Azərbaycan xalqı ilə macar xalqının bir çox ortaq dəyərləri var. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Macarıstan-Azərbaycan əlaqələri bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Həmişə haqqın və ədalətin yanında olan Macarıstan dövlətinin də Xocalı soyqırımına hüquqi qiymət verəcəyinə ümid edirik. Macarıstanın da Xocalı soyqırımını tanıyan ölkələr siyahısında olmasını çox istəyərdik”, - deyə o bildirib.


Səfir V. Quliyev “Qafqazın parlayan ulduzu - Azərbaycan” kitabının Azərbaycanın Macarıstanda tanıdılması üçün önəmli rola malik olduğunu bildirib.

Hollandiya Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov isə erməni yalanlarından danışıb. O, ermənilərin tarixi necə saxtalaşdırması ilə bağlı faktlar sadalayıb.

Macar alimləri də Azərbaycanla bağlı fikirlərini bölüşüblər. Konfransa Azərbaycandan həmçinin Diaspor Jurnalistləri Birliyinin idarə heyətinin üzvləri də qatılıblar.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR