• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bakı Aşqabadı inandıra biləcəkmi? – Kremlin gəmisi Xəzərdə “bata” bilər

  • Nida.az
  • 30 Yanvar 2015 16:57
  • 435 Baxış
Bakı Aşqabadı inandıra biləcəkmi? – Kremlin gəmisi Xəzərdə “bata” bilər

Yanvarın 29-da Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşü keçirildi.

Publika.az-ın məlumatına görə, Ukrayna münaqişəsindən sonra Avropanın enerji təminatında yaranan problem fonunda bu görüş məhz qaz sektorunda əməkdaşlıq baxımından diqqət çəkirdi. Nazirlər də görüşdə Türkmənistan qazının Xəzərin dibi ilə Bakıya çatdırılması, buradan isə Türkiyə vasitəsilə Avropaya çıxarılması məsələsini müzakirə ediblər. Bununla əlaqədar enerji şirkətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi və neft-qaz şirkətlərinin nümayəndələrinin üçtərəfli görüşünün təşkilinin məqsədəuyğunluğu qeyd edilib.


Bununla yanaşı, 2015-ci ildə Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin Aşqabadda sammitinin keçirilməsi məsələsi də müzakirə mövzusu olub.


Bu gün Avropanın göz dikdiyi Azərbaycan qazını daşıyacaq kəmərə əlavə mənbənin tapılması aktual məsələdir. Əsas alternativ olan türkmən qazının Bakıya qədər gətirilməsi və TANAP-a qoşulması isə hələlik çətin məsələ kimi görünür. Ankara və Bakı Aşqabadı buna inandırmağa çalışır. Ötən il Aşqabada səfər edən Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan da Qurbanqulu Berdiməhəmmədlə görüşdə bu məsələsini müzakirə etmişdi. Lakin türkmən hökuməti Rusiyanın əleyhinə gedərək, hələlik “Transxəzər” layihəsinə “hə” cavabı vermir.


İndi əsas sual Ankara və Bakının Aşqabadı TANAP-a qoşulmağa razı sala biləcəyi ilə bağlıdır.


Rusiyalı analitik Andrey Kazansev burda bir çox mübahisəli məsələlərin olduğunu deyib: “Hər şeydən əvvəl, Xəzərdə enerji yataqları ilə bağlı mübahisələr var. Digər tərəfdən, Avropanın marağında olan Transxəzər boru kəmərinin tikintisi də qeyri-real görünür. Rusiya və İran layihənin reallaşmasına qarşıdır. Onlar indiyə qədər Xəzərin statusu məsələsinin həll olunmasına da maneələr yaradır”.


Ekspert hesab edir ki, Ukrayna müharibəsindən sonra Avropa və Rusiya arasında qazın çatdırılması problemi daha da böyüyüb: “Göründüyü kimi, Avropa Xəzər vasitəsilə qaz kəmərinin tikintisində daha çox maraqlıdır. Türkmənistanda da Avropaya göndərilə biləcək əlavə ehtiyatlar var”, - deyə o bildirib.


Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov da Türkmənistan qazının TANAP-a qoşulmasını real hesab etmir: “Bunun üçün əvvəlcə Xəzərdə mübahisəli məsələləri həll etmək lazımdır. Bu mübahisələr Bakı və Aşqabad arasında daha ciddi şəkildə görünür. Lakin Bakı ilə münasibətlərin normallaşdırılması Aşqabad üçün imic baxımından sərfəlidir. Görünür, Türkiyə üçtərəfli türkdilli ittifaqın əsasını qoyur. Hesab edirəm ki, “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində beynəlxalq kampaniyaya qarşı dayanmaq üçün Ankaraya türk həmrəyliyi olduqca vacibdir”.


Post-sovet ölkələrinin xarici siyasəti üzrə ixtisaslaşmış ekspert Anna Demçenkonun fikrincə, məsələyə Yeltsin dövründəki şablonlarla yanaşmaq olmaz: “Bu prosesdə Moskva-Bakı-Ankara yaxınlaşması diqqətdən yayınmamalıdır. Bu ölkələr daha çox müttəfiqdir, nəinki rəqib. Bu yaxınlarda Rusiya Türkiyə ilə enerji əməkdaşlığına başladığı kimi, Azərbaycan və Türkmənistan da əməkdaşlıq edə bilər. Digər tərəfdən, nə üçün Rusiya Xəzərin dibi ilə çəkiləcək boru xəttindən öz qazının çatdırılması üçün istifadə etməsin? Yaxud bu ölkələr Bakının ətrafında və ya Krasnodar, Stavropol yaxınlığında neft zavodu tikməsinlər? Mən bu bölgədə enerji əməkdaşlığını məhz dördlük olaraq görürəm: Moskva-Ankara-Bakı-Aşqabad”.


Boru kəmərinin tikintisinə gəlincə, ekspert bu məsələdə ciddi problem görmədiyini bildirib.


“Baltik və Qara dənizin dibi ilə boru xətti tikildiyi kimi, Xəzərin dibi ilə də tikmək olar. Bəzi ekspertlər bu prosesi Rusiyanın kənarlaşdırılması kimi təqdim edir. Lakin Rusiya Xəzərdə əsas ölkələrdən biridir. Onu bu dənizdə reallaşacaq hansısa layihədən kənarda saxlamaq mümkün deyil”, - deyə ekspert vurğulayıb.


Sabir dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə Publika.az-a açıqlamasında rusiyalı politoloqların Kremlin maraqları çərçivəsində çıxış etdiklərini deyib. Onun sözlərinə görə, Xəzərin dibi ilə boru kəmərinin çəkilməsi qeyri-aid hal deyil: “İndiyə qədər bir çox dənizlərin dibi ilə belə kəmərlər çəkilib. Eyni tipli kəməri Xəzərdə də ola bilər. Sadəcə olaraq, burda Qərbin istəyi əsasdır. Rusiya çox atılıb-düşür. Lakin Qərb Rusiyaya göstərdi ki, istədiyi vaxt onu əzə bilər. Bu gün Rusiyada iqtisadi böhran yaşanır, rubl ölür və sanksiyalar davam edəcəyi təqdirdə, bu ölkənin dağılmasının qarşısını almaq çətin olacaq. Rusiya Xəzərdə onsuz reallaşacaq hər hansı layihəyə qarşı da çıxa bilər. Amma bu həmin layihənin reallaşmayacağı demək deyil”.


V. Quluzadə Moskvanın Xəzəryanı ölkələrə təzyiqini artıra biləcəyini deyib.


“Əgər Transxəzər layihəsi gündəmə gələrsə, biz belə təzyiqləri tez-tez müşahidə edəcəyik. Lakin bununla nəyəsə nail ola biləcəyini düşünmürəm. Rusiya artıq əvvəlki ölkə deyil”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR