Müsavatın anti-Rəsulzadə ideologiyası – 100 il öncə və bu gün
Bizi izləyin

Nida.az

Müsavatın anti-Rəsulzadə ideologiyası – 100 il öncə və bu gün

Bu gün müsavatçılıq ideologiyasının əsasını qoyan Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Müsavat 104 il öncə, 1911-ci ilin 11 oktyabrında İstanbulda Məmməd Əmin Rəsulzadə tərəfindən təsis edilib.
104 il sonra Müsavat Partiyası Rəsulzadə irsinə iddia edərək fəaliyyət göstərir. Lakin bu illər ərzində dəyişən, aşınan, yaxud bilərəkdən bu günə salınan Rəsulzadə ideologiyası Müsavata çox uzaq görünür.


Publika.az 104 illik Müsavatın ideoloji bazasındakı dəyişiklikləri araşdırıb.

Dünya təcrübəsində partiyalar daşıdığı ideyalara görə solçu, sağçı, mərkəzçi, digər hallarda mühafizəkar, islahatçı, sosialist, liberal kateqoriyalarına bölünür. Bir sıra obyektiv səbəblərdən siyasi partiyalar sağçı-mərkəzçi, solçu-mərkəzçi, sosial-demokrat, liberal-demokrat və digər ideyalar sintezində də fəaliyyət göstərə bilir.

Bu gün Azərbaycan müxalifətində mənzərə bir qədər fərqlidir. Yarandığı vaxt solçu olan partiyanın sağçı, yaxud mühafizəkar, eyni zamanda bunun əksinə olaraq fəaliyyət göstərməsi faktı mövcuddur. Bu kontekstdə Müsavat Partiyasında da “ideoloji kokteylin” olduğunu görürük.

İslam sosializmi – Rəsulzadə nə deyirdi?

Tarix Müsavatın, daha doğrusu, əski Müsavat Firqəsinin Azərbaycan həyatında mühüm rol oynayan siyasi təşkilatlardan olduğunu göstərir. Ötən əsrin əvvəllərində yaradılan partiya Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Şərqdə ilk demokratik Azərbaycan Respublikasının yaradılması işinə ən böyük töhfələr verib. Bu gün də M. Ə. Rəsulzadənin Azərbaycan üçün gördükləri hörmətlə anılır, onun ideyaları dəstəklənir.

Tarixi baxımdan Müsavat Partiyasının fəaliyyətini üç yerə bölmək olar. Birincisi ADR, ikincisi mühacirət, üçüncüsü 1991-ci ildən sonrakı dövr.

İlk iki dövr Rəsulzadənin müəyyənləşdirdiyi ideoloji xətt qabarıq şəkildə özünü göstərir. Lakin hər şey üçüncü dövrə qədər davam etdi. Belə ki, Müsavatın ideoloji istiqaməti ötən əsrin əvvəllərində solçu, solçu-mərkəzçi olaraq, islam sosializmi kontekstində formalaşmışdı. Hələ 1915-ci ildə Müsavat ideoloqu Məmməd Əmin Rəsulzadə “Açıq söz” qəzetinin redaktoru olanda yazırdı ki, “biz müsəlman olduğumuzdan islam sosializmi mövqeyində dayanırıq”.

Müsavatın bünövrəsi “Hümmət” təşkilatından gəldiyi üçün burda islam və millətçilik əsas qayəni təşkil edirdi. Lakin zaman keçdi, Müsavat ideologiyası

Sağçı, solçu, liberal, radikal və ya seksual inqilab ideyaları

Üçüncü dövrün Müsavatı isə sağçı, sağçı-mərkəzçi, bəzən isə, mühafizəkar və radikal yönümdə fəaliyyət göstərir. Halbuki, bu, istinad etdikləri Rəsulzadə ideologiyasına ziddir.

Müsavat eyni zamanda, Avropa Liberal-Demokrat Alyansının sırasında təmsil olunur. Bu da onların liberallığa meylliyinin göstəricisidir.
Bu baxımdan, partiyanın tərkibi sağçılar və solçular, liberallar və mühafizəkarlar, dini radikallığı önə çəkənlər olmaqla rəngarəngdir. Ən diqqət çəkən məqam isə ölkədə seksual inqilabın (vaxtilə İsa Qəmbərin müşaviri olmuş, hazırda mühacirdə yaşayan Əli Əkbərin timsalında) tərəfdarı olanların da Müsavat sıralarında yer almasıdır.

Bu ideoloji kokteylin səbəbləri sırasına tarix səbəblərlə yanaşı, partiyanın sosial bazasının genişləndirmək manevrləri də daxildir.

Liberallıq hardan qaynaqlanır?

Müsavat avrointeqrasiya yolunu tutub və bunu açıq şəkildə bəyan edir. Qərbə çıxışın ən uyğun yolu isə liberallıqdan keçir və ölkə daxilindəki ideoloji kursundan fərqli olaraq xaricdə liberal yol tutulur. Amma o da faktdır ki, partiya sıralarında aşırı liberal olanlar da təmsil olunurlar. Avropanın liberal demokratları ilə əməkdaşlıq da buna əsaslanır. Yəni xarici dəstəyin əldə edilməsi üçün ölkədən kənarda liberal vitrin yaratmaq siyasəti yürüdülür.

Seksual inqilabın tərəfdarları

Partiyanın üst qatında oturan kəslərin mühafizəkar, özü də qatısından olduğu məlumdur. Lakin partiya son 5 il ərzində “açıqlığa” yol vermək siyasətini tutdu. Səbəbsə, Avropa dəyəri deyib, aşırı liberallığa meylli gənclərin ələ alınması və beləliklə sosial bazanı genişləndirmək idi. Bu təcrübə AXCP-də yaşanmışdı və baş müsavatçılar “mehriban düşmənlərindən” geridə qaldıqlarını götürdülər. Nəticədə bu gün Müsavat öz sıralarına qəbul etdikləri “seksual inqilabçı” gənclərin gözü ilə aşırı liberallığı da dəstəkləyir.

Dinə meyllilik

Son 4 ildə, xüsusilə 2011-ci ildən etibarən Azərbaycanda din siyasiləşməyə başladı. Vaxtilə dindarların “hicab aksiyası” və bu səpkili proseslər cəmiyyətdə yeni siyasi gücün yetişməsini göstərirdi. Həmin vaxt ölkədə siyasi partiyalar, o cümlədən Müsavat dindarların ələ alınması üçün onların hüquqlarının müdafiəsi işinə başladı. Misal üçün, AXCP sosial şəbəkələr üzərindən dindar kəsim üzərində təbliğata başladı. Partiya sədri Əli Kərimlinin mediada sözçüsü kimi çıxış edənlərdən bir neçəsi sosial şəbəkələrdə dindardan qatı dindar fikirlər yayması da bunu göstərirdi. Müsavat isə təbliğatdan çox daha real işə üstünlük verildi və Nardaran camaatının timsalında dini kəsim üzərində fəal işə keçdi. Əslində bu normal bir prosesdir və Azərbaycan cəmiyyətində dinin təsirini nəzərə alsaq, bir siyasi partiya üçün ağıllı gediş idi. Amma sonradan bu proseslər çərçivələrdən kənara sızmağa, dindar adı altında radikal dindarlığın da müdafiəsi, dəstəklənməsi baş verdi. Düzdür, M. Ə. Rəsulzadə “islam sosializmi” ideyasını irəli sürürdü, amma çağdaş Müsavatın “dini siyasəti” bununla heç uyuşmadı.

Bu aradan çağdaş Müsavatın hazırki durumu illər öncə Rəsulzadənin sözlərini yada salır.

“Firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı, Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır”, - zamanında belə deyirdi Rəsulzadə.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm