Oqtay Əsədov: “Yeni əfvlə bağlı iş gedir”
Bizi izləyin

Nida.az

Oqtay Əsədov: “Yeni əfvlə bağlı iş gedir”

Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugünkü iclasında bir sıra beynəlxalq və xarici təşkilatları Azərbaycana qarşı ikili standartları davam etdirməkdə ittiham edib.

Publika.az-ın məlumatına görə, spiker O.Əsədov deyib ki, deputatlar bu qurumlarla işləyərkən ehtiyatlı olmalıdır: “Hamınız təcrübəli millət vəkillərisiniz. Biz hələ də beynəlxalq təşkilatların əksəriyyətinə inanırıq. İndiyə kimi görmüşük ki, onlar yalnız öz dirijorlarının göstərişi ilə işləyirlər. Bunu görmüşük, şikayət etməkdən yorulmuşuq”.

O.Əsədov Azərbaycan nümayəndə heyətinin AŞPA-da Rusiyaya sanksiyalara qarşı çıxması məsələsinə də toxunub: “Mətbuat yazır ki, Azərbaycan işğalçı dövləti dəstəklədi. Bəs niyə sanksiyalar Ermənistana qarşı olmur? Bu addımla Azərbaycan nümayəndə heyəti bir daha öz fikrini açıqladı ki, sanksiya hər kəsə qarşı qəbul edilməlidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, amma öz səsini eşitdirmək üçün sanksiya təklifini dəstəkləmədi. Niyə bizə məsləhət edirlər ki, sanksiya olmaz, dialoq yolu ilə münaqişəni həll edin, bəs niyə onlara da dialoq təklif etmirlər? Azərbaycan Ukraynanın ərazi bütövlüyün tam dəstəkləyir, amma ikili standartlara qarşıdır. Belə olanda isə bizə təsir edir. İstəyirik, səsimiz eşidilsin”.

***

Milli Məclisin deputatı İqbal Ağazadə 2 Fevral Azərbaycan Gənclər Günü ilə bağlı parlamentin bu gün keçirilən iclasında çıxış edib.

Publika.az-ın məlumatına görə, deputat İ.Ağazadə deyib ki, gənclərə verilən qiymət ölkənin gələcəyinə verilən qiymətdir: “Bir qrup gənc də var ki, onlar hazırda həbsdədir. Həm daxildən, həm də xaricdən onların azad edilməsi çağırışları gəlir. Qarşıdan Avropa Oyunları gəlir. Mənim fikrimcə, bu mənada vətəndaş həmrəyliyi yaradılmalı, dialoq olmalıdır. Milli Məclis Amnistiya aktı hazırlaya bilər. Qarşıdan Novruz Bayramı gəlir. Bu insanlar azad edilə bilər. Ölkədə barış mühitinin yaradıla, 2015-ci il parlament seçkilərinə normal mühitdə getmək olar. Qadın məhbusların sayı da artır. Azərbaycan hamımızın Vətənidir”.

Spiker Oqtay Əsədov isə cavabında deyib ki, bu məsələlərlə bağlı ölkədə işlər gedir və bu yaxınlarda da əfv fərmanı imzalanıb.

***

“Qarşıdan qondarma “erməni soyqrımı” iddiasının 100 illiyi gəlir. Bunun xarici arenada Azərbaycan və Türkiyəyə təsiri ola bilər”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Fazil Mustafa bildirib.

F.Mustafa bu günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında iştirak etdiyini söyləyib: “Mən AŞPA-da bir tədbirdə iştirak etdim. Bir türk siyasətçisi erməni yalanını darmadağın etdi. Ancaq bu bizdə işıqlandırılmadı. “Soyqırım” iddiası həm də Azərbaycana qarşıdır. Fransa prezidenti bəyan edib ki, saxta “soyqrımın” 100 illiyində İrəvana səfər edəcək. Xocalı soyqrımının 23 illiyi gəlir. Bəlkə soyqrıma həssas yanaşan Olland kimi liderləri dəvət edək, deyək ki, tarixdə deyil, reallıqda olan soyqrım hadisəsinə diqqət etsin”.

Spiker Oqtay Əsədov isə bildirib ki, mətbuatda işıqlandırma olmalıdır: “Bizdə bu istiqamətdə işləyirik, mövqeyimizi bildiririk. Roma Papası da İrəvana gedir. Mən əmin olmuşam ki, bu siyasi məsələdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm