Tural Abbaslı: “Müsavat Divanı partiya üzvlərinə divan tutur” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Tural Abbaslı: “Müsavat Divanı partiya üzvlərinə divan tutur” – MÜSAHİBƏ

Müsavat Partiyası başqanlığına keçmiş namizəd, Divanın keçmiş üzvü Tural Abbaslının Publika.az-a müsahibəsi.


- Tural bəy, qurultaydan sonra o qədər də gözə dəymirsiniz?


- Hazırda partiyanın sıravi üzvüyəm. Heç bir seçkili orqana seçilməmişəm. Sıravi üzv kimi partiyanın tapşırıqlarını icra edirəm. Dünənə qədər Divan üzvü idim. Məsul vəzifədə olarkən görəcəyim işlər daha çox olurdu. Bu gün isə sıravi üzvə uyğun işləri həyata keçirirəm. Lakin lazım olanda mediada da görünürəm. Partiyadaxili demokratiyanın bərqərar olması istiqamətində mini mübarizəmi davam etdirirəm. Mənim üçün hansı postu tutmaq önəmli deyil. İnsanı vəzifə qaldırmır, insan özü vəzifəni yüksəldir.


- Başqan seçiləndən sonra Arif bəylə münasibətləriniz necədir?


- Arif Hacılının başqanlığını tanıyıram. Qurultayın nəticələrini qəbul etdiyimizi də açıqlamışıq. Lakin Arif Hacılının partiyada idarəçiliyindən narazıyıq. Bunu istər partiyadaxili müzakirələrdə, istər sosial şəbəkələrdə, istərsə mediada daim bildiririk. Hesab edirik ki, Müsavat daha demokratik üsulla idarə olunmalı, örnək olmalıdır. Əks fikirlər təqib olunmamalı, tənqid qəbul edilməli, aqressiyaya yol verilməməlidir. İdarəçilikdə bəzi islahatlar aparılmalıdır. Arif Hacılı bu istiqamətdə uğurlu addımlar atmır. Onunla şəxsi münasibətlərimiz həmişəki kimidir, siyasi münasibətlərimizdə isə dediyim kimi iradlarım var. Lakin düşmənçiliyimiz yoxdur.


- Şəxsi münasibətlərinizin həmişəki kimi olduğunu deyirsiniz. Amma bir müddət öncə Arif bəylə şəxsi münasibətlərinizdə problemlər olduğu haqda xəbərlər yayılmışdı.


- Arif bəylə siyasi baxımdan qarşıdurmamız indi də var. İdarəçilikdə, demokratik mühitə yanaşmamızda fikir ayrılığımız olub, var, olacaq da. Çünki Müsavat digər partiyalardan fərqli olaraq demokratik partiyadır. Kim azad fikrin qarşısını almaq istəsə, bu alınmayacaq. Lakin Arif bəylə bir-birimizi hörmətimiz var. Şəxsi zəmində konfliktimiz yoxdur. Digər məsələlərə gəlincə, əgər Arif bəy iradlarımızı nəzərə alıb addımlar atarsa, o zaman heç bir problem qalmayacaq. Söhbət şəxsdən yox, siyasətdən, partiyadan gedir.


- Qurultayda ən az siz səs topladınız. Bu, Müsavatdakı elektoratınızın sayını göstərir, yoxsa...?


- Qurultaya nümayəndələr seçilir və bu seçilmişlərin səsverməsidir. Yəni 500-1000 nəfərlik rayon təşkilatından 22 nəfər seçilirsə, onlar həmin rayonun səsi hesab olunur. Bu baxımdan səsim az oldu. Digər tərəfdən, qurultay nümayəndələri 2010-cu ildən seçilməyə başlamışdı. O zaman mənim başqanlıq iddialarım yox idi. Ona görə də qurultay nümayəndələrinin seçilməsində maraqlı tərəf kimi çıxış etməmişəm. Mənim seçicilərimin böyük əksəriyyəti qurultay nümayəndəsi deyildi. Misal üçün, qurultayın 600 nəfərə yaxın nümayəndəsindən 10-a yaxını gənc idi. Səsvermədə də bu özünü göstərdi. Lakin bunu partiyadaxili nüfuzun, elektoratın göstərici kimi qəbul etmirəm. Çünki partiyada bizim fikrimizi qəbul edən kifayət qədər gənc var.
Bununla yanaşı, qurultaydan keçən 4 ay ərzində Arif Hacılının elektoratını gücləndirdiyinə inanmıram. Əminəm ki, Arif bəy atdığı addımlar sayəsində elektoratını zəiflədib. Hətta Qubad bəyin də elektoratı zəifləyib. Lakin mənim partiyadaxili nüfuzum və elektoratım güclənib.


- Belə başa düşdüm ki, Arif bəylə Qubad bəyin qarşıdurması sizə siyasi cəhətdən xeyirdir.


- Burda iki məsələ var: partiyadaxili maraqlar və Azərbaycan maraqları. Mən Azərbaycan maraqlarından çıxış etməyin tərəfdarıyam. Hesab edirəm ki, Müsavat daxilində qarşıdurmalar ölkədə demokratiyanın inkişafına, demokratik müxalifətin hakimiyyətə gəlməsinə zərbə vurur. Burda mənim hansısa qarşıdurmadan partiyadaxili divident yığıb-yığmamağım maraqlı deyil. Yaxud rəqiblərimin nə qədər zəifləməsi ümumi mənada heç kimə xeyir gətirmir. Fikrimcə, hər zaman Azərbaycan maraqları üstün tutulmalıdır.


- Partiyada narazılara qarşı Müsavat Divanının tutduğu mövqe nə dərəcədə doğrudur?


- Təəssüf ki, qurultaydan sonra Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) kənarda qalıb, Divan məhkəmə funksiyasını yerinə yetirir. Əslində cəzalandırmalara, yaxud bu kimi məsələlərə MNTK baxmalıdır. Divan partiyanın strateji kursunu seçmək, iqtidara gəlməyin yollarını axtarmaq əvəzinə, partiya üzvlərinə siyasi mövqeyinə görə divan tutur. Ortada Divanın qərarı ilə partiyadan çıxarılan Səxavət Əlisoy nümunəsi var. Belə təəssürat yaranır ki, Qubad İbadoğlu və Ellada Məmmədlini də partiyadan çıxarmaq üçün Divana dəvət etdilər. Fikrimcə, bu dəvət gələcəkdə ikisindən birinin partiyadan çıxarılmasına zəmin yaratmaq üçündür. “Biz dəvət etdik, inandırmağa, düz yola gətirməyə çalışdıq, lakin dağıdıcı mövqedən çəkinmədilər” yanaşması sərgiləyəcəklər. Bu, xoşagələn nümunə deyil. Əgər kiminsə onlarla söhbət etmək zərurəti varsa, Arif bəy başqan kimi barışdırıcı mövqe tutaraq təklikdə görüşsün. Yaxud cəzalandırmaq istəyirlərsə, MNTK-ya dəvət etsinlər. İstənilən halda, Divanın “dəvətləri” partiyaya ziyandır.


- Sizə elə gəlmir ki, bir gün sizin və ətrafınızın da növbəsi çatacaq və bu gün baş verənlər sizlərə qarşı tətbiq olunacaq?


- Təbii ki, bu yanaşma var. Çünki burda şəxslərdən daha çox, əks fikrə, tənqidə dözümsüzlük əsasdır. Tənqidin kimin deməyi əsas deyil. Tənqidi susdurmaq istəyi var. Biz bunu qəbul etmirik. Əminəm ki, sabah bu məsələlər mən və ya digərlərinə qarşı da tətbiq oluna bilər. Məsələni şəxsləşdirmək, məhz Qubad İbadoğlu, yaxud Səxavət Əlisoydur deyə belə addım atılır fikrini yaxın buraxmaq istəmirəm. Sabah eyni mövqe Tural Abbaslı, Rüfət Hacıbəyli, yaxud o birilərinə qarşı sərgilənə bilər. Baxmayaraq ki, bu insanların fəaliyyəti bu günə qədər partiyanın inkişafına gətirib çıxarıb. Bunun üçün həmin insanlar min cür məhrumiyyətlərlə üzləşib. Təsəvvür edin, bir gün gəlir və bu insanlar daxili siyasi mübarizələrə qurban verilir. Ümid edirəm ki, Müsavat o həddə qədər anti-demokrat partiya olmayacaq. Ən azından buna imkan vermək fikrində deyilir.


- Maraqlıdır, İsa Qəmbər bu günə qədər niyə susur?


- İsa bəy əslində susmayıb. O qurultaydan sonra mövqeyini açıq şəkildə ortaya qoydu. Mətbuatdan da onun mövqeyi hər kəsə bəllidir. Bəlkə də indiki rəhbərliyin belə aqressiv, arxayın siyasət yürütməsinin səbəbi də İsa bəyin sərgilədiyi mövqedən irəli gəlir. Yəni bir az da ondan ruhlanaraq iş görürlər. Lakin mənim İsa bəyi barışdırıcı mövqedə dayanmadığına görə ittiham etmək fikrim yoxdur. Çünki o Məclis üzvüdür. Uzaqbaşı deyəcək ki, mən başqan deyiləm, Məclis üzvüyəm.

Amma bir məsələ dəqiqdir. Qarşıdakı 4 il müddətində Müsavatın müsbət və mənfi işi, yaxud baş verən təlatümlər Arif Hacılının siyasi karyerasına yazılacaq və yazılmalıdır da.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm