SOCAR-ın yunan layihəsinə maneə: pərdəarxası oyunçular kimdir?
Bizi izləyin

Nida.az

SOCAR-ın yunan layihəsinə maneə: pərdəarxası oyunçular kimdir?

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) iki il öncə səhmlərinin 66 faizini satın aldığı Yunanıstanın DESFA qaz paylayıcı şirkətindəki payına sahib ola bilmir. Buna səbəbsə Avropa Komissiyasının satınalma ilə bağlı sazişi təsdiqləməməsidir.

Yunanıstanın yeni energetika naziri Panayotis Lafazanisin açıqlaması isə gözlənilməz oldu.


Publika.az xəbər verir ki, nazir hökumətin Avropa Komissiyasının qərarını gözləyəcəyini və gələcək addımlarını buna uyğun müəyyən edəcəyini bildirib.


Nazirin şirkətin özəlləşdirilməyəcəyi haqda açıqlaması isə olduqca təəccüblü idi.


“Maraqlı tərəfin kimliyindən asılı olmayaraq, biz DESFA-nı heç kimə satmayacağıq və özəlləşdirilməsinə imkan verməyəcəyik”, - deyə P. Lafazanis bildirib.


Qeyd edək ki, SOCAR 2013-cü ilin iyununda tenderdə qalib gələrək DESFA-nın səhmlərinin 66 faizini 400 milyon avroya əldə edib. Həmin ilin noyabrında Avropa Birliyinin anti-inhisar idarəsinin SOCAR-ın DESFA-nın səhmlərini alınmasına dair sazişi yoxlamağa başladığı məlum olub. Avropa Komissiyası sazişin üçüncü energetika paketinə uyğun olmadığını düşünür. Halbuki bu saziş imzalananda sözügedən paket qəbul olunmamışdı.


Ekspert İlham Şaban da Brüsselin mövqeyini qeyri-adekvat hesab edir. Onun sözlərinə görə, SOCAR iştirak etdiyi tenderdə bütün prosedurlardan keçib: “SOCAR DESFA-nın səhmlərini almaq hüququnu əldə edəndə energetika paketi qəbul olunmamışdı. Prosedura əsasən, SOCAR 2014-cü ilin fevralında yunan şirkətinin idarə etməsini həyata keçirməyə başlamalı idi. Lakin bu olmadı. Çünki 2013-cü ilin noyabr ayında yunan hökuməti Azərbaycan tərəfinə Avropa Komissiyasının razılığı olmadığı üçün sazişə əməl edə bilmədiyi haqda məlumat verdi”.

Ekspert bildirib ki, SOCAR-ın yunan bazarına girməsində Avropanın özü maraqlı olmalıdır: “Bu haqda SOCAR prezidenti də bildirib. Çünki Yunanıstanın Avropa Birliyi qarşısında böyük borcları yığılıb və bu borcları 2020-ci ilə qədər Avropa banklarına qaytarmaq lazımdır. Ona görə də bu ildən etibarən bu ölkənin investisiya cəlbediciliyi aşağı düşür. Azərbaycan da artıq Yunanıstanda hansısa aktivləri almağa çalışmır”.

Lakin hər şey məsələnin iqtisadi tərəfi ilə yekunlaşmır və SOCAR-ın yunan bazarına girişinə maneə təkcə sazişin Avropanın energetika paketinə “uyğun olmamasından” irəli gəlmir. DESFA Azərbaycan qazının Avropaya çıxaracaq TAP-ın əsas qazpaylayıcı şəbəkəsidir. Rəsmi Bakı Avropadakı iqtisadi böhrandan sonra ölkənin strateji gələcəyinə yaxşı kapital ola biləcək addımı ataraq bu şirkəti almışdı. Görünür, Azərbaycanın Avropa qaz bazarında söz sahibinə çevrilməsi kimlərəsə sərf etmir.

Bu kontekstdə TAP-ın keçəcəyi İtaliyanın Apuliya yarımadasında ötən il layihəyə qarşı etirazların keçirilməsi diqqət çəkir. Bölgənin yerli hökuməti layihənin təbiətə ciddi zərər vuracağını hesab etdiyi üçün buna qarşı çıxırdı. Lakin sonradan bu “ekoloji təbliğatın” arxasındakı qüvvələr peyda oldu.


İtaliyanın “L Espresso” nəşri yazırdı ki, bu, Moskva və onun İtaliyadakı lobbiləri tərəfindən edilir. Çünki Azərbaycan qazı Avropanı tam təmin edə bilməsə də, Rusiya qazına əsas alternativ hesab olunur.


Əsas lobbiçilərdən biri “5-ulduzlu Hərəkat”ın (5-Star Movement-M5S) lideri, keçmiş komediya aktyoru Beppe Qrillodur. Onun özü Rusiya KİV-nə müsahibəsində Azərbaycan qazının İtaliyadan keçməməsi üçün əlindən gələn hər şeyi edəcəyini açıqlamışdı.

Hazırda SOCAR-a yaradılan “yunan maneəsi” ilə “İtaliya səddi” oxşardır. Lakin arxa plandakı oyunçular fərqli görünür. Moskvanın “İtaliya səddi”ni çəkdiyi haqda iddialar var. “Yunan maneəsi” isə göründüyü kimi Avropa Komissiyasının məmurları tərəfindən yaradılır. Lakin burda Afinada başa keçən yeni hökumətin solçuluğu və Avropa Birliyinə qarşı çıxması da xüsusi diqqət çəkir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm