• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Vaşinqtonda müəmmalı konfrans: Kremlə Qafqaz zərbəsi və Azərbaycan faktoru - DETALLAR

  • Nida.az
  • 3 Fevral 2015 14:59
  • 941 Baxış
Vaşinqtonda müəmmalı konfrans: Kremlə Qafqaz zərbəsi və Azərbaycan faktoru - DETALLAR

ABŞ Cənubi Qafqaz istiqamətində Rusiyaya qarşı “hücuma” hazırlaşır.


Publika.az xəbər verir ki, bu iddia ilə Rusiyanın “Vesti Kafkaza” saytı çıxış edib.


İddiaya görə, ötən həftə Vaşinqtonda Kennana İnstitutunun təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaza həsr olunmuş tədbir gözənilən “hücumla” bağlı olub.


“Ukraynadan sonra Cənubi Qafqazda enerji məsələləri və təhlükəsizlik” adlı tədbirdə ABŞ-ın Cənubi Qafqazda Rusiya təsirlərini yox etməsinin vacibliyi vurğulanıb.


“Qarabağda müharibə olacaqsa, Moskva buna qarışacaq”


Amerika Xarici Siyasət Şurasının eksperti Stiven Blank Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında maraqlı olmadığını bildirib: “Qarabağda müharibə yenidən başlayacaqsa, Moskva buna qarışacaq. Bu, növbəti fəlakətə gətirib çıxaracaq”.


Rusiya region ölkələrini təhdid edir


Beynəlxalq Strateji Tədqiqatlar Mərkəzinin Rusiya və Avrasiya proqramlarının direktor müavini Jefri Mankoff S. Blankla eyni fikirdədir. Onun sözlərinə görə, Dağlıq Qarabağda mövcud status-kvo Rusiyanı Ermənistan üçün təhlükəsizliyinin tək zamini kimi vacib amilə çevirir.


“Rusiya Cənubi Qafqaz ölkələrinə “istədiyim vaxt müstəqilliyinizi məhv edə bilərəm və Qərb sizə kömək etməyəcək” fikrini yeridir”, - deyə o vurğulayıb.


“Biz mükəmməl fırtına dövrünə daxil oluruq”


Amerika Sahibkarlar İnstitutunun eksperti Maykl Yakut ABŞ-ın Cənubi Qafqaza daha çox diqqət ayırmasının vacibliyini bildirib: “Biz mükəmməl fırtına dövrünə daxil oluruq. ABŞ-ın Cənubi Qafqaza laqeydliyini region ölkələri Amerikanın zəifliyinin sübutu kimi qəbul edəcək. Bu isə regionda Rusiya və İranın mövqelərinin güclənməsinə səbəb olacaq. Unutmaq lazım deyil ki, Cənubi Qafqazda sabitlik ABŞ təhlükəsizliyində əhəmiyyətli rola malikdir”.


Rusiyalı ekspertlər amerikalı siyasətçilərin bu fikirlərini Vaşinqtonun Rusiyaya qarşı növbəti hücumunun ilkin elementləri olaraq qəbul edirlər. Bu hücumsa Cənubi Qafqazda Moskvanın təsir imkanlarının sıradan çıxarılması ilə başlanacaq.


“ABŞ üçün Rusiya və İranın Azərbaycanla münasibətlərinin korlanması sərfəlidir


Xəzər əməkdaşlıq institutunun direktoru, rusiyalı politoloq Sergey Mixeyev ABŞ-ın Rusiyaya qarşı mübarizəni heç vaxt dayandırmadığını bildirib: “Onlar həmişə Rusiya ilə mübarizə aparıblar. Ən yaxın nümunə kimi Ermənistanın Avrasiya İttifaqına girişini göstərmək olar. Qərb Rusiyanı regiondan sıxışdırmaq, Xəzəryanı ölkələrlə əlaqələrini qırmaq istəyir. Vaşinqtonda baş tutan konfrans da bu zəncirin bir hissəsidir. ABŞ üçün Rusiyanın və İranın Azərbaycanla münasibətlərinin korlanması sərfəlidir”.


Politoloq hesab edir ki, Kreml Cənubi Qafqaz ölkələri ilə daha sıx və xoş münasibətlərini möhkəmləndirməlidir.

“Qafqaz Moskvaya endiriləcək zərbə üçün əsas müstəvilərdən biri olacaq”


Federasiya Şurasının beynəlxalq komitəsinin üzvü İqor Morozov Vaşinqtondakı konfransı ABŞ-ın Cənubi Qafqaz planının bir hissəsi hesab edir.


“ABŞ bütün istiqamətlərdən Rusiyaya zərbə vurmağı planlaşdırır. Biz əminik ki, Qafqaz Moskvaya endiriləcək zərbə üçün əsas müstəvilərdən biri olacaq”, - deyə ekspert qeyd edib.


İ. Morozov ABŞ-ın Rusiya qarşı planında yer almaq istəməyən region ölkələrinə təzyiq edəcəyini düşünür: “Rusiya-Azərbaycan, yaxud Rusiya-Ermənistan münasibətlərinin pozulması üçün addımlar atılacaq. Hətta vətəndaş iğtişaşlarına, “rəngli inqilab” cəhdlərinə qədər addımlar atıla bilər”.


“Ukraynadan sonra qonşularımız bizə daha az inanır”


“Qlobal siyasətdə Rusiya” jurnalının baş redaktoru Fyodor Lukyanov Cənubi Qafqazda ABŞ-Rusiya rəqabətinin əvvəllər də olduğunu və bundan sonra davam edəcəyini bildirib. Onun sözlərinə görə, indi siyasətin vektorları bir qədər dəyişib: “Enerji məsələsinə yanaşma kəskin dəyişib. Rusiya qaz sahəsində Avropa Birliyi ilə münasibətlərinin modelini dəyişir. Türkiyə əsas dispetçer olur, Ukrayna tranzitindən imtina edilir. Görünür, Ukraynaya qədər Obama administrasiyasının post-sovet məkanına marağı az idi. Lakin indi vəziyyət dəyişib”.


Ekspert Rusiyanın ciddi siyasi yanlışlığa yol verdiyini düşünür.


“Ukraynadan sonra qonşularımız bizə daha az inanır. Çünki onlar Moskvadan nəyin gələcəyini proqnozlaşdıra bilmirlər. Biz bunu dəyişməliyik. Regiona, xüsusi Azərbaycanla münasibətlərə xüsusi fikir verməliyik. Çünki bu ölkənin gücünü qəbul etmək məcburiyyətindəyik”, - deyə F. Lukyanov bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR