AKP Türkiyənin həmsədrliyi təklifinə cavab verdi – ÖZƏL
Bizi izləyin

Nida.az

AKP Türkiyənin həmsədrliyi təklifinə cavab verdi – ÖZƏL

Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Mustafa Kabaqçı ATƏT-in Minsk qrupu həmsədrlik institutunun “3-lük” formatının dəyişdirilərək “5-lik Sədrlər Şurası” olması təklifinə münasibət bildirib.

AKP-li deputat M.Kabaqçı Publika.az-a eksklüziv açıqlamasında deyib ki, Türkiyə bu bölgənin ən önəmli dövlətindən biridir: “Eyni zamanda, Türkiyə və Azərbaycan bu bölgədə sülh və əmin-amanlıq istəyir. Sülh və sabitliyi bu qədər çox istəyin dövlətin Minsk qrupunda olması vacib əhəmiyyət kəsb edir. Yəni bu məsələ ilə bağlı mövqeyim odur ki, əgər Türkiyə bu prosesdə iştirak etməsə, o zaman Dağlıq Qarabağ münaqişəsi tezliklə ədalətli həllini tapmayacaq. Türkiyə ATƏT-in Minsk qrupunun həmsədrliyində mütləq təmsil olunmalıdır. Onsuz da Türkiyə uzun illərdir ki, Minsk qrupunda təmsil olunmadan da Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh və ədalətli həllinə səy göstərir. Ona görə də Türkiyənin ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunması bu prosesi daha da sürətləndirər və münaqişənin ədalətli həllinə kömək etmiş olar”.

AKP-li deputat Almaniyanın da ATƏT-in Minsk qrupunun həmsədrliyində təmsil olunması təklifinə toxunub: “Almaniyanın Minsk qrupunun həmsədrliyində təmsil olunması da faydalı olar. Çünki indi Avropa Birliyinin əsas aparıcı ölkəsi və “sahibi” Almaniya hesab olunur. Düşünürəm ki, böyük nüfuza malik olan Almaniyanın Minsk qrupunun həmsədrliyində təmsilçiliyi münaqişənin həlli üçün geniş imkanlar yaradar. Çünki ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiya çox təəssüf ki, dünyada erməni lobbisinin ən güclü olduğu ölkələrdir. Hər kəs ABŞ, Fransa və Rusiyada erməni lobbisinin nə qədər güclü və fəal olduğunu yaxşı bilir. Ona görə də, bu dövlətlərin mövqeyində tərəfsizlik qoruna bilmir. Ancaq həmin dövlətlərlə müqayisədə Almaniya daha tərəfsiz və ədalətli görünür”.

M.Kabaqçı onu da deyib ki, son illər Azərbaycan və Türkiyə arasında yüksələn strateji və dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr mövcuddur: “Biz də bütün bunların qarşısını qətiyyətlə alırıq və birlikdə daha da güclənirik. Ümumiyyətlə, dövlət və xalq olaraq biz Türkiyə-Azərbaycan münasibətlərinin daha da güclənməsini istəyirik”.

Xatırladaq ki, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, Milli Məclisin deputatı Azay Quliyev ATƏT PA-nın gələn ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını bəyan edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm