95 yaşlı “Dərbənd” qəzeti bağlanmaq təhlükəsi ilə üz-üzə - ÖZƏL
Bizi izləyin

Nida.az

95 yaşlı “Dərbənd” qəzeti bağlanmaq təhlükəsi ilə üz-üzə - ÖZƏL

Dağıstanda nəşr olunan yeganə Azərbaycan dilli “Dərbənd” qəzeti bağlanmaq təhlükəsi ilə üzləşib.


Publika.az-a Dərbəndin azərbaycanlı icmasından verilən məlumata görə, qəzetin ciddi maliyyə problemləri var.


“Tiraj cəmi 2500 nüsxədir. Qəzetin satışında problemlər var. Burada iki səbəb mövcuddur. Birincisi, qəzetə abunə olmaq istəyən azərbaycanlılara problemlər yaradılır, bu və ya digər formada qəzetin satışına əngəl törədilir. Digər tərəfdən, qəzetin kiril əlifbası ilə dərc olunmasıdır” - deyə mənbə bildirib.


Məlumata görə, qəzetin latın əlifbasına keçidi məsələsi Dağıstan rəhbərliyinin qarşısında qaldırılıb: “Bu qəzet rəsmi qəzetdir. Onun təsisçiləri Dağıstan hökuməti və Dərbənd Şəhər Məclisidir. Maliyyə də dövlətdən ayrılır. Ona görə də bu məsələdə rəsmi qərar lazımdır. Ötən ilin dekabrın 17-də Dağıstan rəhbəri Ramazan Abdulatipov KİV rəhbərləri ilə görüş keçirəndə “Dərbənd” qəzetinin baş redaktoru Hacımahmud Əlifxanov bu məsələni qaldırdı. Bildirdi ki, latın əlifbasına keçilməsə, qəzetin fəaliyyəti çətin olacaq. Çünki Dərbənddə azərbaycanlıların toplu şəkildə yaşadığı yerlərdə insanlar latın əlifbası ilə təhsil alırlar. Gənc nəslin kiril əlifbasından anlayışı azdır. Dağıstan rəhbəri isə qeyd etdi ki, qəzetin latın əlifbasına keçidi ilə bağlı azərbaycanlılar arasında rəy sorğusu keçiriləcək və nəticələrə uyğun addım atılacaq. Ondan sonra məsələ açıq olaraq qalıb”.


Məlumata görə, qəzet əməkdaşlarının əmək haqları olduqca aşağıdır. Əməkdaşlar hətta ezamiyyət pullarını ala bilmirlər.


Qeyd edək ki, bu il “Dərbənd” qəzetinin 95 illik yubileyidir.

Dərbənddə adının açıqlanmasını istəməyən ictimai fəallardan biri isə hökumətin qəzetin bağlanmasında müəyyən maraqlarının olduğunu deyib.


“Digər millətlərin qəzetləri var və normal şəkildə fəaliyyət göstərirlər. Görünür, rəhbərlik azərbaycanlıların ictimai-siyasi qəzetinin olmasını istəmir. Qəzet rəsmi olduğu üçün Moskvadan göstəriş gəlmədən onu bağlamaq çətindir. Maliyyə və digər sıxıntılar yaradılır”, - deyə mənbə bildirib.


Məlumata görə, qəzet rəhbərliyi latın əlifbasına keçiddən sonra Azərbaycan və Dərbəndin tarixi, etnoqrafiyası haqda materiallar dərc etmək niyyətindədir. Məqsəd gənclərin tarixi daha yaxşı bilməsidir. Şəhər rəhbərliyi isə buna qarşıdır.


“Dərbənd şəhərinin Azərbaycanla tarixi bağlarının qopardılması istiqamətində atılan addımlar “Dərbənd” qəzetindən də yan keçmir”, - deyə mənbə vurğulayıb.


Şəhərin azərbaycanlı icması qəzetin fəaliyyətini davam etdirməsinə ümidsiz yanaşır. Hazırda əsas ümidlər Azərbaycan tərəfinin hansısa formada yardım etməsinədir.


Bu günlərdə Dərbənddən qayıdan araşdırmaçı-jurnalist Müqəddəs Mehdiyev də Publika.az-a açıqlamasında “Dərbənd” qəzetinin fəaliyyətində ciddi sıxıntıların olduğunu bildirib. Onun sözlərinə görə, qəzetin bu ilin sonunda fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər.


“Çünki tiraj azdır və kiril əlifbasında nəşr olunması satışa təsir edir. Halbuki, belə bir qəzetin orda mövcudluğu Azərbaycan üçün lazımlıdır. Ən azından adının “Dərbənd” olması çox şeydən xəbər verir. Digər tərəfdən, bölgədə bir çox xalqların mətbu orqanı fəaliyyət göstərir. Azərbaycanlıların da mətbu orqanının fəaliyyət göstərməsi yaxşı haldır. Xüsusilə, bu qəzet 95 il öncə fəaliyyətə başlayıb, böyük tarixi yolu var” - deyə o qeyd edib.


M. Mehdiyev hesab edir ki, Azərbaycan tərəfi qəzetin ayaqda qalmasına hansısa formada yardım etməlidir: “Mən Dərbənddə bir çox ziyalılarla, ictimai fəallarla görüşdüm. Onlar da ümidlərini Azərbaycana bağlayıblar. Mətbuat Şurası, KİV-ə Dəstək Fondu və digər qurumlar “Dərbənd” qəzeti ilə əməkdaşlıq edə və qəzetin fəaliyyətinə yardım ola bilərlər. Bu, yalnız ümumi maraqlar baxımından xeyirdir. Bu qəzetin itirilməsi Azərbaycana sərf etmir. Çünki biz bu qəzetin fəaliyyətinin davam etdirməsinə və latın əlifbasına keçidinə yardım etsək, onun səhifələrində Azərbaycanın tarixi haqda materiallar dərc etdirə bilərik. Bu, bölgənin gənc nəslinin maariflənməsi baxımından xeyirdir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm