• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Millət vəkili: "Xərclər azaldılmalı, ixtisarlara gedilməlidir"

  • Nida.az
  • 6 Fevral 2015 10:06
  • 450 Baxış
Millət vəkili: "Xərclər azaldılmalı, ixtisarlara gedilməlidir"

“Neftin qiymətinin aşağı düşməsi bizi əsas gəlir mənbəyindən məhrum edir. Əgər qiymətin düşməsi davam etsə, bu, çox böyük problemlər yaradacaq. Hələlik bizim müəyyən qədər valyuta ehtiyatlarımız var. Bu ehtiyatlar vəziyyətin defolt həddinə çatmamasına imkan verir. Amma son hadisələr göstərdi ki, biz qeyri-neft sektorunun inkişafı üçün yubanmadan islahatlar aparmalıyıq”.

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev “Yeni Müsavat”a dünya bazarında neftin qiymətinin aşağı düşməsi şəraitində Azərbaycanı gözləyə biləcək təhlükələr barədə danışarkən bunları bildirib. Partiya sədri ölkəmizin iqtisadiyyatının neft faktorundan çox asılı olmasına diqqət çəkib: “Bizdə büdcə gəlirlərinin bir hissəsi körpülərin, yolların tikintisini aparan şirkətlərin vergiləridir, yəni o da birbaşa neftə bağlıdır. Neft olmasa, o şirkətlər çalışa bilməyəcək və qeyri-neft sektoru dediyimiz həmin şirkətlərin vergiləri də yox olacaq.

Kənd təsərrüfatı üçün kifayət qədər geniş, münbit ərazilərimiz yoxdur. Həm də iqlim şəraitimiz imkan vermir ki, biz bu sahədə Avropa ölkələri ilə rəqabətə davamlı girək, kənd təsərrüfatından gələn gəlir hesabına ölkənin müdafiə və təhlükəsizliyini təmin edə bilək. Burda yalnız sənaye qalır. Çox təəssüf ki, biz neftayırma zavodunu burda yox, İzmirdə tikdik, ora 20 milyarda qədər vəsait qoyacağıq. Hansı ki, onu Səngəçalda tikə bilərdik, xaricə də xam məhsul satardıq”.

Q.Həsənquliyev konkret digər məsələlərlə bağlı da antiböhran təkliflərini irəli sürüb: “Fikir verin, indi avtomobillər üçün xaricdən gətirilən yağın litrini hətta 15-20 manata alırıq. Amma biz ”boçka" nefti 50 dollara satırıq, yəni iki litrlik avtomobil yağının qiymətinə...

Bəzi minik avtomobillərinin şinləri var ki, 1000-1500 manatdır. Yəni Bakıda müasir müəssisələr tikməklə burda onları istehsal edə bilərdik. Görün Türkiyədən nə qədər santexnika məhsulları, pəncərə materialları gətirilir. Bunların hamısını burda istehsal edə bilərdik, bu, on minlərlə yeni iş yeri olardı, vergi ödəmələri artardı. Biz xam neftdən çoxlu məhsullar istehsal etmək gücündəydik. Amma bu zavodları burda tikmədik. Gübrə zavodunu aparıb Gürcüstanda tikdik. Halbuki SSRİ dövründən Naxçıvanda tikilməsi planlaşdırılmışdı.

Yəni biz vaxtında bu barədə düşünməliydik. Əlbəttə, müəyyən emal müəssisələri tikilib. Amma bunlar barmaqla sayılacaq qədərdir. Bu, həm 10 milyonluq bir ölkədə işlə təminata ciddi töhfə verə bilməz, həm də büdcə üçün zəruri vəsaitin toplanması üçün yetərli deyil. Bu baxımdan həm də iqtisadiyyat liberallaşdırılmalıdır. Bizdə dövlət investisiyaları daha çox abadlıq işlərinə, infrastruktur layihələrinə qoyuldu. Əlbəttə, bunlar da olmalıdır. Ancaq işlər paralel aparılmalı idi. Neft gəlirləri gəlməyə başlayanda biz vəsaitləri daha çox infrastruktur layihələri, yol tikintisi, abadlıq işlərinə xərclədik. Yəni gəlir gətirməyən sahələrə çox böyük vəsaitlər qoyuldu. Bəzən ehtiyac olmadan yeni nazirliklər üçün binalar tikildi".

Q.Həsənquliyev hesab edir ki, təhükəni önləmək mümkündür: “Hələ yenə də gec deyil. Yay Avropa Oyunları başa çatandan dərhal sonra hökumət ciddi şəkildə abadlıq işlərini dayandırmalıdır. Məsələn, bulvarın uzadılması işi dərhal dayandırılmalıdır. Ora çox böyük vəsaitlər gedir. İstismar müddəti başa çatmış, ”Xruşşovka"lar deyilən köhnə binalar onsuz da söküləcək. Onların üzlənməsi üçün çox böyük vəsait xərclənir, bu işlər təcili dayandırılmalıdır. Eyni zamanda özəlləşdirilməyə getmədən biz qeyri-neft sektorunu inkişaf etdirə bilməyəcəyik. Bununla yanaşı, dövlət idarəetmə xərcləri ən azı 30 faiz azaldılmalıdır. Baxın, beynəlxalq birlik Ukraynadan tələb edir ki, iki istiqamətdə iş görülməlidir: korrupsiyaya qarşı mübarizə gücləndirilməli və idarəetmə xərcləri azaldılmalıdır. Pyotr Poroşenkonun hökuməti heç birini edə bilmir, qorxur ki, bu, ölkədə yeni siyasi böhrana səbəb olacaq və hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Səbəb odur ki, Kiyev hakimiyyəti güclü deyil.

Azərbaycanda güclü hakimiyyət var və prezidentin güclü bir xarizması formalaşıb. Prezident öz komandasına nəzarət edə bilir. Hakimiyyətin məhz güclü olduğu belə bir dövrdə həmin islahatlara gedilməlidir. Ukraynada isə bu işləri görə bilmirlər. Özü də Beynəlxalq Valyuta Fondu bəyan edib ki, Kiyevə 17 milyard yardım edəcək, 5 milyard dollar miqdarında ilk tranş verilir, ancaq əlavə yardım islahatlar aparılacağı halda ayrılacaq. Lakin Ukrayna bunu edə bilmir, korrupsiyaya qarşı mübarizə haqda qanun qəbul olunsa da, komissiyanı belə formalaşdıra bilmirlər. Azərbaycanda isə güclü iqtidarın, güclü prezidentin zamanında müəyyən işləri görmək lazımdır ki, sonra çətinliklərlə üz-üzə gəlməyək". Deputat deyir ki, dövlət idarəetmə xərcləri azaldılmalıdır: “İcra hakimiyyəti və bələdiyyələrdə paralel strukturlar var. İcra strukturunda ixtisarlar aparılmalıdır. İxtisara düşən şəxslərə isə öz biznesini qurmaq üçün güzəştli kreditlər verilə bilər. İxtisarlara mütləq gedilməlidir, çünki dövlət aparatı həddən artıq şişirdilib. Bir-birini təkrarlayan qurumlar ləğv olunmalıdır. Bir çox nazirliklərin əməkdaşlarının böyük hissəsi vaxtlarını kompüter arxasında müxtəlif oyun oynamaqla keçirir. Çünki iş yükü xeyli azdır. Ona görə də bir neçə nazirlik birləşdirilə, nazirlik, dövlət komitələri, xidmətlərin sayı azaldıla bilər. Biz mütləq idarəetmə, dövlətin saxlanma xərclərini azaltmalıyıq, bunun başqa yolu yoxdur. Qarşıdakı bir neçə il ərzində islahatları başa çatdırmalıyıq ki, Neft Fondundakı vəsaitlər qurtaranda qeyri-neft sektoru, yeni iqtisadiyyat ölkənin büdcəsini təmin etsin”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR