Dərbəndin iki min illik yubileyi təxirə salınır – ÖZƏL
Bizi izləyin

Nida.az

Dərbəndin iki min illik yubileyi təxirə salınır – ÖZƏL

Dərbənd şəhərinin sentyabrın 15-də nəzərdə tutulan iki min illik yubileyi təxirə salına bilər.


Publika.az-ın əldə etdiyi məlumata görə, buna səbəb hazırda Rusiyanın düşdüyü iqtisadi böhrandır.


Dərbəndin azərbaycanlı icması yubileyə hazırlığın aşağı səviyyədə olduğunu bildirir. Belə ki, yubiley tədbirinə yeddi ay vaxt qalmasına baxmayaraq, hazırlıq prosesi çox ləng gedir.


Bu günlərdə Dağıstana üç günlük səfər edən Rusiya prezidentinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi Sergey Melikov da bu barədə danışıb. O, hazırlıq işlərindən narazılığını bildirib.


S. Melikovun səfərində diqqətçəkən məqamsa, şəhərdə kafelərin, restoranların üzərindən, eləcə də reklam tablolarından xarici sözlərin çıxarılması ilə bağlı verdiyi tapşırıqdır.


“Latın hərflərindən başqa hərf yoxdur? İndiki şəraitdə bütün pisliklər Qərbdən gəlir”, – deyə Melikov səfəri zamanı bildirib.


Melikovun Dağıstanın futbol klubu “Anji”nin adının sırf latın hərfləri ilə yazıldığı üçün dəyişdirilməsi təklifi də diqqətdən yayınmayıb.

Qeyd edək ki, 95 yaşlı “Dərbənd” qəzeti latın əlifbasına keçmək istəsə də, Dağıstan rəhbərliyi buna icazə vermir.

S. Melikovla görüşdə Dərbənd Şəhər Məclisinin sədri İmam Yarəliyev Azərbaycandan şikayətlənib. Buna səbəbsə şəhərin Heydər Əliyev prospektində aparılan təmir işləri ilə bağlıdır.

Yarəliyev Melikova indiyə qədər təmir işlərinə 54 milyon rubl pul xərclədiklərini, lakin Azərbaycan tərəfinin bu pulu ödəmədiyini bildirib.
Melikov isə məsələni Azərbaycan tərəfi ilə müzakirə edəcəyini deyib.


Melikov Dərbəndin yubileyinə hazırlıq işləri ilə maraqlanıb. Lakin ehtimallara görə, yubiley təxirə salınacaq.


Xatırladaq ki, bir müddət öncə Dağıstanda avar və ləzgi klanlarının Dərbənd şəhərinin yubileyinin keçirilməsinə qarşı olduğuna dair məlumatlar yayılmışdı.


Ehtimallara görə, Dərbənd Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı, milliyətcə azərbaycanlı Qurban Qurbanovun postundan uzaqlaşdırılaraq cinayət məsuliyyətinə cəlb olunmasının arxasında dayanan səbəblərdən biri də məhz yubiley olub. Məqsəd şəhərin Azərbaycana bağlılığını qopartmaqdır. Avar və ləzgi klanları keçiriləcək tədbirdə Dərbəndin Azərbaycana aid şəhər olması haqda heç bir fikrin səslənməsini istəmir. Q. Qurbanov yubileyə qədər vəzifəsində qalsaydı, rayon icra hakimiyyəti kimi tədbirdə iştirak edəcək və Dərbəndin tarixi Azərbaycan torpağı olduğunu mütləq dilə gətirəcəkdi. Buna görə də onu postundan uzaqlaşdırdılar.

İndi isə şəhərin iki minillik yubileyinin təxirə salınması gündəmə gətirilir.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm