Bu gün Qubad İbadoğlunun taleyi həll olunur – QARŞIDURMA GÖZLƏNİLİR
Bizi izləyin

Nida.az

Bu gün Qubad İbadoğlunun taleyi həll olunur – QARŞIDURMA GÖZLƏNİLİR

Bu gün saat 18:00-da Müsavat Divanının Qubad İbadoğlunun iştirakı ilə növbədənkənar toplantısı keçiriləcək.


Publika.az xəbər verir ki, Divan toplantısının vaxtının dəyişməsi Q. İbadoğlunun 10 günlük xarici səfərə hazırlaşması ilə bağlıdır. Lakin Q. İbadoğlu Divanda öz şərtləri daxilində iştiraka razı olacağını açıqlayıb.

“Bir müsavatçı olaraq hər bir partiyadaxili məsələnin bağlı qapılar arxasında deyil, açıq müzakirəsinin tərəfdarı kimi dəvəti məmnuniyyətlə qəbul edirəm və Divanın iclasının açıq keçiriləcəyi, maraqlanan partiya üzvlərinin iclasda müşahidəçi kimi iştirakının təmin olunacağı, qeyd və çəkiliş üçün imkan yaradılacağı təqdirdə iclasa qatılmağa razıyam”, - deyə o bildirib.

Onun sözlərinə görə, fevralın 9-da (növbəti həftənin birinci günü - red) Divanın iclasına dəvət edilsə də, həmin tarixdən fevralın 18-dək Vaşinqtonda səfərdə olacaq: “Mən bildirdim ki, fevralın 23-də Divanın növbəti iclasında iştirakımla bağlı heç bir problem olmayacaq. Amma buna baxmayaraq, dünən yenidən mənə Divanın iclasına dəvət göndəriblər. Yeni rəhbərlik Müsavatın tarixində ilk dəfə Divanın iclasının vaxtını mənə həsr etdikləri bir məsələyə görə dəyişib. Adətən, həftənin ilk iş günü (bazar ertəsi) saat 2-də keçirilən iclasın vaxtı bu dəfə cümə günü axşam saat 6-ya dəyişdirilib”.


Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının Təşkilat Komitəsinin üzvü Səxavət Əlisoy isə Publika.az-a açıqlamasında Q. İbadoğlunun Divanda iştirak etmək qərarının kollegial olaraq verildiyini bildirib: “Bu, Qubad İbadoğlunun şəxsi qərarı deyil. Dünən ADR-in Təşkilat Komitəsinin iclası keçirildi. Orda Qubad bəyin və Ellada xanımın Divanda iştirakı haqda qərar qəbul edildi. Qərara görə, Divan açıq keçirilməli, müsavatçı dostlarımız və media orada iştirak etməlidir. Bu, 1937-ci illərdə olduğu kimi, üçlüyün istintaq məhkəməsi deyil. Demokratik partiyanın Divanının toplantısıdır. Orda nəinki Müsavat Partiyasının sıravi üzvləri, hətta media mənsubları olacaq. Onların nə demək istədikləri, Divanın məhkəmə, yaxud KQB olduğu cəmiyyətə bəlli olmalıdır”.


S. Əlisoy qeyd edib ki, sıravi müsavatçılar və media orqanlarının iştirakına imkan yaradılmasa, Q. İbadoğlu toplantını tərk edəcək.


“Onlar mətbuata açıqlamalarında qərarın saat 18:00-da Divanda veriləcəyini bildiriblər. Lakin biz bununla razı deyilik. ADR-i təsis edərkən əsas prinsiplərdən biri də şəffaflıq olub. Çünki bu dövlət məsələsi və ya yaxud Ermənistan-Azərbaycan müharibəsi, yaxud da terror təşkilatı deyil ki, hər şey gizli və bağlı qapılar arxasında keçirilsin. Cəmiyyət hər şeyin şahidi olmalıdır. Biz hətta toplantıda videoçəkilişin aparılmasını istəyirik. Əgər şərtlər qəbul olunmasa, iştirak da olmayacaq”.


Müsavat başqanının müavini Elman Fəttah Publika.az-a açıqlamasında son qərarın Divanda veriləcəyini bildirib. Lakin o, toplantının qapalı keçiriləcəyi ehtimalının böyük olduğunu bildirib.


“Divan qapalı qurumdur və onun toplantıları həmişə qapalı keçirilib. Bu toplantı da adi toplantılardan biridir. Bunu xüsusi edəcək nəsə yoxdur. Ona görə də Divanın toplantısı qapalı baş tutacaq”, - deyə o bildirib.


Publika.az-ın Müsavata yaxın mənbələrdən əldə etdiyi məlumata görə, bu gün Divanın toplantısı ərəfəsində partiya qərargahında qarşıdurma yaşana bilər. Məlumata görə, Q. İbadoğlunun tərəfdarları, o cümlədən rayon təşkilatından gələn müsavatçılar həmin vaxt qərargahda olacaq. Onlar Divanın açıq keçirilməsi tələbini irəli sürəcəklər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm