Unudulmayan tarix: 1905-ci il və ya Sarkisyanın babaları 110 il öncə nə ediblər? - TARIX
Bizi izləyin

Nida.az

Unudulmayan tarix: 1905-ci il və ya Sarkisyanın babaları 110 il öncə nə ediblər? - TARIX

XX əsrin əvəllərində - 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı törətməsindən 110 il keçir.


Publika.az xəbər verir ki, 1905-ci il fevralın ilk günlərindən başlayaraq, ermənilər Bakıda qırğın törətdilər. Çox keçmədən İrəvanda iğtişaşlar kütləvi xarakter aldı. Naxçıvan, Zəngəzur erməni silahlı dəstələrinin hücumlarına məruz qaldı. Kəndləri dağıdır, yandırır, günahsız insanları qılıncdan keçirirdilər. Yerli əhali ata-baba yurdunu tərk etməyə məcbur oldu.


1905-1906-cı il hadisələri birdən-birə ortaya çıxmamışdı. Nə də bu hadisələr məişət zəminində baş verən insidentlər deyildi. Həmin dövrün tarixi reallıqlarına nəzər saldıqda, ortada böyük ssenarilərin olduğunu demək olar. Söhbət, “böyük Ermənistan”ın yaradılması yolunda ilk addımlardan gedir. Məhz həmin tarixi proseslər hər şeyi açıq şəkildə göstərir.


Tarixi faktlara görə, azərbaycanlı kəndlərinin dağıdılması çar hökumətinin istəyi olub. Çar məmurları da milli ədavəti qızışdırmaqla bir tərəfdən canlanmaqda olan azadlıq hərəkatının boğulmasına, digər tərəfdən də boşaldılmış müsəlman kəndlərində xristianların məskunlaşmasına imkan yaradırdılar.


1905-ci ilin fevral ayının ilk günlərindən ermənilər azərbaycanlılara qarşı əsl soyqırımı aktları törətməyə başladı. 1905-1906-cı ilin soyqırımı xronologiyası belə idi: Bakıda, İrəvanda, Gəncədə, İrəvan qəzasına adi kəndlərdə, Naxçıvan qəzasında, Şərur-Dərələyəzdə, Şərurda, Eçmiədzin qəzasında, Sürməli qəzasında, Ərəş qəzasında, Şuşa qəzasında, Xocalıda, Cavanşir qəzasında, Zəngəzur qəzasında, Qazax qəzasında, Tiflis şəhərində ermənilər azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdi. Ümumiyyətlə, 1905-1906-cı illərdə ermənilər İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilib, əhalisini etnik təmizlənməyə və soyqırımına məruz qoyublar.


Həmin vaxt İrəvandan göndərilən bir xəbərdə deyilirdi: “Hər tərəfdən qəbiristanlığa cənazələr gətirilir. Çoxu müsəlmandır. Ölənlər və yaralananların sayı artmaqdadır. Bütün günü atəş səsləri eşidilməkdədir. Bir tatarın (azərbaycanlı – red.) evinə bomba atıblar, 24 nəfər ölüb və yaralanıb. Təpəbaşı məhəlləsində tatarların evlərini bombalayıblar, çoxlu adam tələf olub. Zəngi dərəsində öldürülənlər çoxdur. Azərbaycanlılar küçəyə çıxmaqdan qorxurlar. Çoxları şəhəri tərk edib”.

Məqsəd azərbaycanlıların şəhəri tərk etməsi idi. “Erməni məsələsi” XX əsrin əvvəlində adətən bu yolla həll edilirdi. Təkcə İrəvan şəhərində deyil, quberniyanın azərbaycanlılar yaşayan bütün şəhərlərində vəziyyət belə idi. Eçmiədzin qəza rəisinin verdiyi bir xəbərdə deyilirdi: “800 Toroslu erməni müsəlman kəndinə hücum edib. Kəndi darmadağın ediblər. 53 nəfəri öldürüb və yandırıblar. 27 nəfər yaralanıb. 255 kəndin bütün ot tayaları, taxıl zəmiləri yandırılıb. Daşnaksütun partiyası üzdə barışıq üçün hər iki xalqa müraciət etsə də, altdan-üstdən terrorçuluq əməllərini həyata keçirməkdədir”.

1905-1906-cı illərin erməni-müsəlman qırğınlarına həsr olunmuş “Qanlı sənədlər” əsərində görkəmli yazıçı M. S. Ordubadi yazırdı: “1905-ci il iyun ayının 9-da ermənilər azərbaycanlılar yaşayan Təkiyə kəndinə hücum etmişlər. Müsəlmanlar tamamilə silahsız, ermənilər isə mükəmməl silahlı olmuşlar. Ona görə də kəndin sakinləri kəndi boşaldıb, arvad uşaqlarını götürüb dağlara çıxmışlar. Axund Məhəmməd Əli Mirzə Əbdülhüseyn Qazızadənin böyük imarətinə od vurulmuş, iki yüz cild Quran və müqəddəs kitablar da yandırılmışdı. Eçmiədzində 9 məşhur azərbaycanlı kəndi dağıdılsa da, hökumət heç bir tədbir görməmişdi”.

Qərbi Azərbaycanda olan 18 mahalda erməni təcavüzünə məruz qalmayan kənd, yaşayış məntəqəsi yox idi. XIX əsrin sonlarında Dərələyəz mahalının 154 kəndi vardı. Bunlardan 45-i 1905-1907-cı illərdə yerlə-yeksan edilmişdi. Digər kəndlərin əhalisi isə İrana, Azərbaycana və Naxçıvana qaçdılar. Yollarda erməni gülləbaranı nəticəsində 200 nəfər qətlə yetirildi.
Bu soyqırımı haqda tarixi faktları saymaqla bitməz. Lakin bir fakt açıq-aydın ortadadır. 110 il öncə ermənilər tərəfindən azərbaycanlılara qarşı başlanan terror, soyqırımı aktı, vandalizm hələ də bitməyib. 1905-ci ildə bu soyqırımı və terrorun əsası qoyuldu.


“Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək yolunda “Daşnaksütun” və “Hnçak” partiyasının yeritdikləri amansız siyasətin mahiyyəti bu idi. “Türksüz Ermənistan”a nail olmaq üçün ən qatı millətçilikdən, ən qəddar vəhşilikdən istifadə etmək bu partiyaların mübarizə şüarı olub. Ermənistanda bu gün də hakimiyyətə gələn iqtidarlar məhz həmin partiyaların proqramları əsasında siyasət yürüdürlər.

Qərbi Azərbaycan üzrə mütəxəssis, tədqiqatçı alim Əziz Ələkbərli Publika.az-a açıqlamasında ermənilərin terrorçu mahiyyəti haqda danışıb: “1890-cı ildə yaradılan Daşnaksütun 1892-ci ildə Tiflisdə keçirilən ilk qurultayında türklərə qarşı sui-qəsdlərin təşkil olunması barədə qərar qəbul etmişdi. Bu təşkilat sonralar “Erməni soyqırımının intiqamçıları”, DRO və s. terrorçu qruplar yaratdı, dünyanın bir sıra ölkələrində türk diplomatlarını qətlə yetirdi. Eləcə də ASALA. 1975-ci ildə yaradılan, qərargahı Beyrutda, təlim-məşq bazaları Suriyada yerləşən bu təşkilatın məqsədi Türkiyə, İran və Azərbaycan ərazilərində “Böyük Ermənistan” yaratmaqdır. Bu təşkilat 1980-ci ilin aprelində birgə terror aksiyaları keçirmək üçün PKK ilə razılığa gəlib, 2001-ci ildə “Geqaron” adlı terrorçu qrup yaradıb. “Böyük Ermənistan” məqsədinə çatmaq üçün ermənilər üçün bir vasitə var: terror və soyqırımı. XX yüzilliyin əvvəllərindən bu təşkilatlar Qafqazda və İran-Türkiyə ərazilərində türk-müsəlman xalqlarına qarşı soyqırıma başlayıblar. Qafqazda 1905-ci il, 1918-1920-ci il soyqırımıları kütləvi xarakter alıb. Ermənilərin bu dövrdə Türkiyə, İran ərazilərində müsəlman əhaliyə qarşı törətdikləri soyqırımını da bura əlavə etsək, faciənin miqyasını təsəvvür etmək olar. Maraqlısı budur ki, istər 1905, istər 1918-1920, istərsə də 1988-1994-cü illərdə bu soyqırımılar zamanı ermənilər eyni üsullardan istifadə ediblər. Dinc əhalini kütləvi şəkildə qırıblar, öldürülən insanları qol-bud ediblər, qadınların qarnını yarıb uşaqları nizə ilə çıxarıblar, adamları diri-diri yandırıblar, diri-diri basdırıblar, meyitlərə təhqir ediblər, baş dərisini soyublar, bədən əzalarını kəsiblər”.


Qeyd edək ki, “Daşnaksütyun” partiyasının 1905-ci il 22 may tarixli əmri bu təşkilatın terror mahiyyətinmi açıq şəkildə göstərir. Əmrdə deyilirdi: “Kim ermənilərdən silah-sursatları almağa cəhd etsə, onları öncələr qətlə yetirilmiş məmurların aqibəti gözləyir”.

Məqsədini həyata keçirmək məqsədi ilə “Daşnaksütyun” nizami terrorçu dəstələr “zinvorlar” formalaşdırıb. Terror dəstələrinin fəaliyyətini daha da effektivləşdirmək üçün daşnaklar 1904-cü ildə “Hərbi Nizamnamə”, 1905-ci ildə isə döyüş dəstələrinin proqramını qəbul ediblər.


Erməni Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı isə Publika.az-a açıqlamasında Ermənilərin azərbaycanlılara qarşı terror aktlarının tarixi faktlarla sübut olunduğunu deyib. Onun sözlərinə görə, Ermənistanın mahiyyəti bu gün də dəyişməyib.


“Bu gün İrəvanda hakimiyyət başında oturub Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialarla çıxış edən rəhbərlərin qanından terrorçu qanı axır. Sarkisyan öz sələflərindən götürdüyü ibrətlə Xocalıda azərbaycanlılara qarşı eyni soyqırımı törətdi”, - deyə o bildirib.


Asif Nərimanlı




Oxumağa davam et
Reklam
Reklam

Gündəm