Millət vəkili: "Parlamentdə heç vaxt sensasiya naminə danışmamışam"
Bizi izləyin

Nida.az

Millət vəkili: "Parlamentdə heç vaxt sensasiya naminə danışmamışam"

"Mən parlamentdə heç vaxt sensasiya naminə danışmamışam. Bu, mənə yaraşmaz. Bələdiyyələrin problemlərini qaldırıramsa, bu o demək deyil ki, mən sensasiya yaratmaq istəyirəm".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Hacı Qalib Salahzadə ötən gün bələdiyyələrlə bağlı dediyi fikirlərə komitə sədri Arif Rəhimzadənin sərt reaksiyasına münasibət bildirərkən qeyd edib.

A.Rəhimzadə qeyd edib ki, Q.Salahzadə deputat və ya hüquqşünas kimi bələdiyyələrin problemi ilə bağlı hara müraciət etmək lazım olduğunu bilməlidir: "Yoxsa ki, gəlib Milli Məclisdə sensasiya yaradan fikirlər söyləmək düzgün deyil və ona heç zaman başucalığı gətirmir. İnsan gərək hər hansı bir nöqsanın aradan qaldırılmasına xidmət etsin”.

Q.Salahzadə bildirdi ki, A.Rəhimzadə ağsaqqal adam və komitənin sədridir: "Onun yaşı və statusu imkan verir ki, məni tənqid eləsin, mənə irad tutsun. Öz növbəmdə deməliyəm ki, sensasiya naminə danışmaq mənə yaraşmaz. İclasda Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadəyə iki sual verdim. Birinci sualım bələdiyyə üzvlərinin maaşının necə müəyyən edilməsi ilə bağlı idi. İkinci sualım isə arzuolunmaz hala düşən, deyək ki, narkomaniyaya, içkiyə qurşanan, fəaliyyətində, davranışlarında müəyyən nöqsanlar olan bələdiyyə üzvlərini necə düzgün yola qaytarmaqla bağlı idi. Mən uzun müddət bələdiyyədə hüquqşünas işləmişəm və qaldırdığım sualların ciddiliyinin fərqindəyəm. Bəzən görürsən ki, hansısa bələdiyyə üzvü özü də istəmədən pis yola düşür, narkotik, içki aludəçisi olur. Şəxsən mən buna görə, insanların həbs olunmasının əleyhinəyəm. Hesab edirəm ki, onlarla iş aparılmalıdır və normal həyata qaytarmaq lazımdır. Mehdi Səlimzadə hər iki sualıma cavab verdi və onun cavabı məni qane etdi. Yəni mən sualları Arif Rəhimzadəyə deyil, Mehdi müəllimə vermişdim. Ölkədə 1617 bələdiyyə var. Onların üzvlərinin heç də hamısı yüksək səviyyəli deyil və bəziləri əxlaqi davranıç qaydalarını pozur. Bu halda bələdiyyə sədrləri onların barəsində ölçü götürə bilmir. Çünki onları camaat seçib və sədr heç nə edə bilmir. Mehdi müəllim də dedi ki, həmin adamlarla söhbət etmək, tərbiyələndirmək lazımdır. Bununla da məsələ bitdi. Arif Rəhimzadə isə orada çıxış edib dedi ki, Hacı, sən hüquqşünassan, belə şeyləri bilməlisən. Mən hüquqşünas olduğum üçün elə bu sualı vermişəm. Yəni bu sahədəki mövcud problemləri diqqətə çatdırmaq istəmişəm".

Q.Salahzadə qeyd etdi ki, o, bələdiyyələrin səlahiyyətinin genişləndirilməsinin tərəfdarıdır: "Ölkə başçısı da dəfələrlə çıxışında bələdiyyələrə dəstəyini ifadə edib. Təəssüflər olsun ki, mənin bələdiyyələrlə bağlı çıxışım kimlərisə qıcıqlandırır. Bələdiyyələrlə bağlı sual verdim və cavab aldım. Bunun harası sensasiya oldu?".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm