Putinin masasındakı Olland və Merkel: Kremlin fasadı arxasında nələr oldu?
Bizi izləyin

Nida.az

Putinin masasındakı Olland və Merkel: Kremlin fasadı arxasında nələr oldu?

Dünən Almaniya kansleri Angele Merkel və Fransa prezidenti Fransua Olland gözlənilmədən Kremlə gəldi.

Mətbuat üçün protokol görüşməsindən belə imtina edən üç lider bütün danışıqları bağlı qapılar arxasında keçirdi. Olland və Merkelin Putinin masası arxasında oturan zamanı diqqət çəkən məqam iki Avropa liderinin Kremlin rəhbərinə nəzakət xatirinə gülümsəməsi idi. Putin də öz növbəsində məcburi şəkildə üzünə təbəssüm qondurmuşdu. Hər şey 59 saniyə çəkdi və liderlər qapıları hər kəsin üzünə bağladı.


Bu səfər Almaniya torpaqlarında dünya liderlərinin 51-ci Münhen beynəlxalq təhlükəsizliyi konfransına toplaşması fonunda da diqqət çəkirdi. Konfransda əsas müzakirə mövzusu Ukrayna olduğu kimi Kremlə təşrif buyuran avropalı liderlər də çantalarında Kiyevin taleyini daşıyırdı.


Publika.az xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov tərəflərin Minsk danışıqlarını davam etdirməsi haqda qərar qəbul etdiyini bildirib.

“Hazırda iş Minsk razılaşması üzrə mümkün sənədin hazırlanması istiqamətində gedir. Sənədə Ukrayna prezidentinin, həmçinin Rusiya prezidentinin əlavə təklifləri daxil edildi. Danışıqlar kifayət qədər konstruktiv və məzmunlu oldu”, - deyə Peskov diplomatik dildə danışıb.


Öz növbəsində Almaniya və Fransa da danışıqlarla bağlı məmnun ifadələr işlətdi, yaxud özlərini belə göstərdilər.

Məlumata görə, tərəflər fevralın 8-də yenidən telefon danışıqları aparacaq. Bunu müsbət hal hesab etmək olar. Lakin sonda ümumi bəyanatın verilməməsi də diqqətdən yayınmadı.


Qeyd edək ki, Moskvaya səfər öncəsi Merkel və Olland Kiyevdə Proşenko ilə görüşüb. Güman ki, ümumi gedişləri birgə müzakirə etdikdən sonra Kreml səfəri reallaşdı.


Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev hesab edir ki, Olland və Merkelin Kreml səfəri Proşenkonun postunu qorumaq məqsədi daşıyır. Onun iddialarına görə, Ukraynaın cənub-şərqində döyüşlər davam edir və bu, iki həftədən sonra Proşenkonun prezidentliyinin sona çatması ilə nəticələnə bilər: “Avropalı liderlər Kreml gələrək Putini sakitləşdirmək və beləliklə Proşenkonun postunu müdafiə etmək istəyirlər. Çünki Qərb Rusiyasız Ukrayna problemini həll edə bilmir. Maydan hadisələrindən bir il keçsə də Ukraynada böhran hər keçən gün yüksəlir. Beynəlxalq vasitəçilər olmasa, Kiyev sağ qalmayacaq”.


S. Mixeyev hesab edir ki, Avropalı liderlər öz mövqelərini Amerika ilə razılaşdırıb.


“Belə insanlar təsadüfən bir yerdə meydana çıxmır. Burda Avropa Birliyi və Amerika eyni oyunu oynayır. Sadəcə olaraq, gedişlər bir qədər fərqlidir. Amerikalılar qamçı göstərir, avropalılar yumşaq davranır”, - deyə o bildirib.

Rusiyalı politoloq Aleksey Qusev isə hesab edir ki, Olland və Merkelin səfəri münaqişəni bir qədər səngidəcək: “Həllinə nail olunmasa belə, yeni toqquşmaların qarşısı alına bilər”.


Onun sözlərinə görə, burda əsas mövqe ABŞ-a aiddir.


“Avropa ABŞ-dan tamamilə asılıdır və bütün proseslərdə Vaşinqton əsas oyunçudur. Kremlə səfər etmək planı da ABŞ-da razılaşdırılıb”, - deyə o bildirib.


Hazırda görüşün tam detalları açıqlanmır. Lakin bu səfərin münaqişəyə müsbət təsir edəcəyini düşünənlər də var, bunun əksini söyləyənlər də.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm