• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Prezident İlham Əliyev ermənilərin cavabını verdi - FOTO

  • Nida.az
  • 8 Fevral 2015 21:08
  • 1 464 Baxış
Prezident İlham Əliyev ermənilərin cavabını verdi - FOTO

Fevralın 7-də 51-ci Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Sloveniyanın Prezidenti Borut Pahorun sədrliyi ilə keçirilən paneldə dövlətimizin başçısı çıxış edib və sualları cavablandırıb.

Prezident Borut PAHOR: Prezident Əliyev, Ukraynada üzləşdiyimiz böyük bir böhranın bəzən unutduğumuz dondurulmuş münaqişələrin həll edilməsi üçün yaxşı təşəbbüslərə təkan verə biləcəyinə dair kifayət qədər nikbinsinizmi? Sizin bununla bağlı şərhinizi eşitmək istərdik.

Prezident İlham ƏLİYEV: Əlbəttə, Ukraynadakı faciəvi vəziyyət uzun illərdir davam edən və həlli uzanan digər münaqişələrə də diqqəti yönəldir. Bizim timsalımızda Ermənistan və Azərbaycan arasında münaqişənin 20 ildən çox tarixi var. Bu münaqişə hətta Sovet İttifaqı dağılmamışdan əvvəl başlamış və dağılandan sonra daha da kəskinləşmişdir. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə nəticələnmişdir. Ərazilərimizin 20 faizi işğal altındadır və Azərbaycanın tarixi hissəsi olan Dağlıq Qarabağ zəbt olunub. Dağlıq Qarabağdan bütün azərbaycanlılar zorla çıxarılıb. 700 min nəfər əhalinin yaşadığı 7 ətraf rayon da Ermənistanın işğalı altındadır. İşğal olunmuş ərazilərdə hər şey məhv edilib və biz hər hansı bir nəticə əldə etmədən 20 ildən çoxdur ki, danışıqlar aparırıq. ATƏT bu məsələ ilə məşğul olur. ATƏT-in bu münaqişənin həlli ilə məşğul olan, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvünün – Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu adlı xüsusi qrupu var. İyirmi iki ildən artıqdır ki, bu qrup fəaliyyət göstərir, lakin heç bir nəticə hasil olunmayıb.

Prezident Borut PAHOR: Nəyə görə? Bunu necə izah edə bilərsiniz?

Prezident İlham ƏLİYEV: Düşünürəm ki, Ermənistanın üzərində kifayət qədər beynəlxalq təzyiq yoxdur. Biz bəzən onu görürük ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə saat olmasa da, bir neçə gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə 1990-cı illərin əvvəllərində BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə var və onların heç biri yerinə yetirilməyib. Fikrimcə, təcavüzkara adekvat təzyiq göstərmək üçün vasitəçilərdə siyasi iradənin olmaması bizim bu gün üzləşdiyimiz real vəziyyətə gətirib çıxarıb. Çünki Ermənistan əsasən asılı olan ölkədir. Bu ölkə özünü təmin edə bilmir. Onlar inkişaf edə bilmirlər və hətta onların dövlətçiliyi belə sual altındadır. Ermənistana xarici dəstək göstərilmədən bu ölkə yaşaya bilməz. Onlara dəstək əsasən Minsk qrupuna həmsədrlik edən ölkələr tərəfindən göstərilir. Bu da paradoksdur. Biz burada ikili standartları görürük və bu məsələ bizi məyus edir. Qeyd etmək istəyirəm ki, postsovet məkanındakı bütün münaqişələrə eyni münasibət göstərilməlidir. Azərbaycanın ərazi bütövlüyü indi hər kəsin haqqında danışdığı Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir.

Prezident Borut PAHOR: Sizin fikrinizcə, bu münaqişə Ukrayna münaqişəsinin kölgəsində qalırmı?

Prezident İlham ƏLİYEV: Əslində, bu münaqişə digər vacib beynəlxalq hadisələrin kölgəsində qalmışdır. Yeri gəlmişkən, Ukrayna məsələsi bu münaqişəyə müəyyən diqqəti cəlb etdi. Hesab edirəm ki, Ukrayna məsələsindən çıxarılan dərslər çox diqqətlə öyrənilməlidir. Ermənistan-Azərbaycan münaqişəsi həll edilmiş olsaydı, bəlkə də Ukrayna indi bu münaqişə ilə üzləşməzdi. Çünki burada eyni ssenari - ərazi bütövlüyünün eyni qaydada pozulması, eyni nəticə, işğal, separatizm var. Bunlar sanki bir-birinin güzgüdəki əksidir. Ona görə də biz beynəlxalq ictimaiyyətdən, dünyanın aparıcı ölkələrindən eyni yanaşmanı gözləyirik. Bizə gəldikdə, postsovet məkanının digər münaqişələrindən fərqli olaraq BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə var. Bu qətnamələrin icra olunmaması faktı onu göstərir ki, həmin qətnamələri qəbul edən ölkələr öz qərarlarına hörmət etmirlər.

Prezident Borut PAHOR: Cənab Prezident, Sizin fikrinizcə Avropa İttifaqının genişlənməsi imkanlarının çatışmazlığı məsələsi problemin mövcud olduğu regionda çətinliklər yaradırmı?

Prezident İlham ƏLİYEV: Bizə, yəni Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə, bu, hesab edirəm ki, əsas məsələ deyil. Çünki bizim Avropa İttifaqına istənilən inteqrasiya ilə bağlı perspektivlərimiz aydındır.

Prezident Borut PAHOR: Bəs NATO?

Prezident İlham ƏLİYEV: NATO-ya gəldikdə düşünürəm ki, bu, əsasən həmin təşkilatın gündəliyində duran məsələlərdən asılı olacaq. Azərbaycan kimi ölkə və beynəlxalq təşkilatlar arasında münasibətlərdə təşəbbüs həmişə beynəlxalq təşkilatdan gəlir. Bu vaxta qədər NATO ilə Azərbaycan, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsi hər iki tərəf üçün qənaətbəxş olub. Nə NATO-nun, nə də Avropa İttifaqının danışıqlar prosesinə birbaşa müdaxilə etmək niyyəti yoxdur. Bu iki təşkilatın rəsmiləri həmin faktı dəfələrlə qeyd ediblər. Buna görə də biz əslində, öz resurslarımıza güvənirik. 21 il bundan əvvəl atəşkəs rejimi elan olunanda Azərbaycanın əsas hədəfi dövlət və güclü iqtisadiyyat qurmaq, özümüzə güvənmək idi. Həmin vaxt bizim hələ də ümidimiz var idi ki, beynəlxalq ictimaiyyət ədaləti bərpa etmək üçün nə isə bir iş görəcək. Başlanğıcda bizim çoxlu ümidlərimiz var idi. Bayaq qeyd etdiyim kimi, BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının qəbul etdiyi qətnamələr və digər beynəlxalq təsisatlar həmişə bizim mövqeyimizi dəstəkləyiblər. Lakin zaman keçdikcə biz gördük ki, bu qətnamələr sadəcə kağız üzərində qalır və bunlar sadəcə bəyanatlardır, səfərlərdir, fəaliyyətlərdir, lakin heç bir nəticə yoxdur. Sonra biz başa düşdük ki, dövlətimizin taleyi bizim öz əlimizdədir.

Prezident Borut PAHOR: Etimadı bərpa etmək üçün ilk növbədə hansı addım atılmalıdır?

Prezident İlham ƏLİYEV: Hesab edirəm ki, bu, çox sadədir. İlk addım işğal olunmuş ərazilərin bir hissəsinin Ermənistan tərəfindən geri qaytarılmasına başlanılmasıdır. Dağlıq Qarabağ və 7 ətraf rayon işğal olunub. Beləliklə, danışıqlar prosesini davam etdirəcəyimizi nəzərə alaraq bu ətraf rayonların bir qisminin geri qaytarılmasına başlanılması mənzərəni dərhal dəyişəcək, hərbi əməliyyatlar dərhal dayanacaq, atəşkəs rejiminə tam riayət olunacaq. Biz artıq Azərbaycan ilə Ermənistan arasında bütün kommunikasiyaların açılacağına dair təklif irəli sürmüşük. Beləliklə, Ermənistanın bizim ərazimizdən dəmir yolu vasitəsilə Rusiyaya çıxışı olacaq. Həmçinin Türkiyə də Ermənistan ilə bütün kommunikasiyalarını açacaq. Beləliklə, biz hərbi əməliyyatların başlanması ilə əlaqədar istənilən potensial riskləri aradan qaldırmış olacağıq və etimad qurmağa başlayacağıq.

Lakin Ermənistan bizim bütün təkliflərimizə məhəl qoymur. Çünki Ermənistan sülh istəmir. Düşünürəm ki, bu, münaqişənin həll olunmamasının səbəbi ilə bağlı ən vacib məsələlərdən biridir. Çünki bir tərəf sülh, ərazi bütövlüyünün bərpasını istəyir, digər tərəf isə sülh istəmir. Ermənistan hər şeyin dəyişməz qalmasını istəyir. Çünki onların torpaqları işğal altında deyil, onların bizim üzləşdiyimiz bir milyon qaçqın və məcburi köçkün kimi böyük problemi yoxdur. Onlar danışıqlar prosesində sadəcə imitasiya xarakterli müəyyən addımlar atırlar. Bəs nə etmək lazımdır? Necə edək ki, Ermənistan daha çox məsuliyyətli olsun? Biz beynəlxalq təşkilatlarla, ilk növbədə vasitəçilərlə bu məsələlər üzərində işləməliyik. Ermənistan rəhbərliyinə çox aydın siqnal göndərilir: İşğalı dayandırın, işğal olunmuş ərazilərin geri qaytarılmasına başlayın. Azərbaycan bu təklifləri etdi. Biz hətta təkliflər irəli sürdük ki, Dağlıq Qarabağda müəyyən sosial proqramlar icra edə bilərik. Çünki oradakı insanlar çox pis vəziyyətdə yaşayırlar. Biz nəqliyyat, energetika sahələrində əməkdaşlıq edə bilərik. Biz açığıq. Biz Dağlıq Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət təklif edirik. Lakin bütün təkliflərimiz qəbul olunmur.

Prezident Borut PAHOR: Cənab Prezident, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində və Gürcüstan böhranında məqsədi varmı? Onun məqsədləri nədir? Bu sualı necə cavablandırardınız?

Prezident İlham ƏLİYEV: Bizim üçün ən əhəmiyyətlisi bu münaqişənin həll yolunun tapılmasıdır. Biz ümid edirik ki, həll yolunun tapılmasına şərait yaratmaq üçün Minsk qrupunun həmsədrləri daha çox iş görəcəklər. Hesab edirik ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunarsa və sülh bərqərar edilərsə bu, bütün tərəflərin maraqlarına xidmət edəcək. Buna görə də əlbəttə ki, regional əməkdaşlığı artırmaq üçün biz çoxlu işlər görürük. Məsələn, bizim Gürcüstanla ikitərəfli əlaqələrimiz regional əməkdaşlığın və Cənubi Qafqazda əməkdaşlığa necə nail olmağın çox yaxşı nümunəsidir. Əgər Ermənistan-Azərbaycan münaqişəsi öz həllini taparsa, o zaman Ermənistan enerji, təhlükəsizlik, nəqliyyatın təhlükəsizliyi kimi layihələrimizə qoşula bilər. Ümid edirik ki, Rusiya hökumətinin də eyni maraqları var. Çünki hər bir ölkə öz sərhədləri xaricində sülh və dostluq mühitinin olmasında maraqlı olmalıdır. Buna görə də hesab edirəm ki, münaqişənin həlli yolunun tezliklə tapılması çox vacibdir. Çünki süni gərginliklərin olması siyasətinin istənilən qonşuya fayda verməsini düşünmürəm. Qonşu sabitlikdə maraqlı olmalıdır, regionda sabitlik isə sizin ölkənizdə və bölgənizdə sabitlik deməkdir. Rusiyanın bir hissəsi Qafqazdır və Qafqaz da böyük bir yerdir. Burada üç ölkə var, lakin eyni zamanda, Rusiyada çoxlu muxtariyyətlər mövcuddur və Azərbaycan ilə Rusiya Federasiyanın Qafqazdakı respublikaları arasında güclü mədəni əlaqələr var.

Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi: Mənim sualım Prezident Əliyevədir və əlbəttə ki, Dağlıq Qarabağla bağlıdır. Prezident Əliyevin də düzgün qeyd etdiyi kimi, Minsk qrupu çərçivəsində ABŞ-ın Fransa ilə birlikdə Rusiya ilə əməkdaşlıq etməsi ola bilsin ki, nadir haldır. Bu üç vasitəçi ölkə - ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının üç əsas prinsipini göstəriblər. Bu üç əsas prinsip xalqların öz müqəddəratını təyinetmə hüququ, gücdən istifadə etməmək və gücdən istifadə etməklə hədələməmək və ərazi bütövlüyüdür. Vasitəçilər danışıqlar prosesinin tərəflərini həmin üç əsas prinsiplə bağlı üzərilərinə öhdəlik götürməyə çağırıblar. Ermənistan dəfələrlə bu prinsiplərin yerinə yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürüb. Mənim sualım cənab Prezidentədir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında əsas kimi bu üç prinsipin yerinə yetirilməsi ilə bağlı öz üzərinə öhdəlik götürməyə hazırdırmı?

Prezident İlham ƏLİYEV: Azərbaycan əlbəttə ki, bu münaqişənin həllində ən maraqlı tərəfdir. Çünki biz torpaqlarımızın geri qayıtmasını istəyirik. Biz qaçqın və məcburi köçkünlərimizin öz evlərinə qayıtmaq hüququna malik olmasını istəyirik. Baxmayaraq ki, onların evləri yoxdur və hər şey məhv edilib. Yeri gəlmişkən, ATƏT faktaraşdırıcı və qiymətləndirmə missiyasını iki dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə göndərib və hesabat yayıb. Bu hesabatda göstərilir ki, hər şey – bütün binalar, qəbiristanlıqlar, məscidlər məhv edilib. Beləliklə, işğal edilmiş ərazilər tamamilə boş torpaqlardır. Məcburi köçkünlərimiz torpaqlarına qayıdandan sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamalı olacağıq. Buna görə də ilk növbədə bizim insanların torpaqlarına qayıtmaq hüququ var və biz münaqişənin tez bir zamanda həll edilməsində maraqlı tərəfik.

Problem burasındadır ki, nəyə görə münaqişə öz həllini tapmır? Çünki Ermənistan münaqişənin həll olunmasını istəmir. Ermənistanı beynəlxalq hüquq normaları ilə razılaşmağa vadar edən heç bir mexanizm yoxdur. Hər bir münaqişənin həlli beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Beynəlxalq hüququn bu normaları çox aydın şəkildə BMT-nin Nizamnaməsində və Helsinki Yekun Aktında öz əksini tapıb. Helsinki Yekun Aktında ərazi bütövlüyü prinsipi və öz müqəddəratını təyinetmə ilə bağlı çox aydın tərif var. Biz öz müqəddəratını təyinetmə prinsipinə qarşı deyilik, lakin bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Dağlıq Qarabağ erməniləri və Ermənistan ordusu tərəfindən qovulan Dağlıq Qarabağ azərbaycanlıları öz torpaqlarına qayıtdıqdan sonra öz həyatlarını qurmaq hüququna malik olacaqlar. Lakin bu, ölkənin ərazi bütövlüyünü pozmamalıdır. Ermənistanın cəhd etdiyi kimi, hər hansı bir ölkənin ərazi bütövlüyü güc tətbiq olunaraq dəyişdirilə bilməz. Üstəgəl istənilən ölkənin ərazi bütövlüyü bu ölkə ilə razılıq əldə olunmadan dəyişdirilə bilməz. Bunlar əsas prinsiplərdir. Mən yenə də deyirəm, biz beynəlxalq hüququn əsas prinsiplərinə qarşı deyilik. Lakin Ermənistan ilk növbədə beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməni yerinə yetirməlidir.

Bosniya və Herseqovinanın Baş nazirinin müavini: Mən bir məsələyə toxunmaq istəyirəm. Biz Srebrenitsa soyqırımının 20 illiyini qeyd edirik. Bu soyqırımları keçmişi dəyişmir, bəs onların gələcəkdə bu cür faciələrin bir daha baş verməməsi və barışığa nail olunmasındakı rolu nədən ibarətdir?

Prezident İlham ƏLİYEV: Sualınıza görə çox sağ olun. Siz tamamilə doğru buyurursunuz. Elə bir vəziyyət olmalıdır ki, səhvlərdən nəticə çıxarılmalı və dünyanın digər yerlərində oxşar faciələrin yaşanmaması üçün beynəlxalq ictimaiyyət baş verənlərə biganə qalmamalıdır. Əfsuslar olsun ki, Xocalı faciəsi barədə xüsusilə Avropa ictimaiyyətində geniş məlumat yoxdur. Baxmayaraq ki, 10-dan çox ölkə Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bu soyqırımı nəticəsində 600-dən çox günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq qətlə yetirilib və bu insanların yeganə günahı ondan ibarət idi ki, onlar azərbaycanlı idilər. Təəssüflər olsun ki, bu günə kimi Ermənistan bu hərbi cinayəti törətdiyini etiraf etməyib. Onlar heç üzr də istəməyiblər. Onlar Xocalıda törətdikləri ilə bağlı beynəlxalq ictimai rəyi səhv istiqamətə yönəltmək istəyirlər. Avropa və ABŞ-dakı fəal erməni lobbisinin fəaliyyəti nəticəsində onlar beynəlxalq ictimaiyyətin bu faciədən diqqətini yayındırmağa nail olublar. Bu faciə ilə bağlı kifayət qədər məlumat yayılmamışdır, baxmayaraq ki, hər şey sənədləşdirilmişdi, lentə alınmışdı. Bu soyqırımından xilas olan adamların şahid ifadələri var. Xüsusi amansızlıqla qətlə yetirilən uşaq və qadınların lentə alınmış görüntüləri var. Ona görə də bu cür halların təkrar baş verməməsi üçün bunu törətmiş insanlar öncə ən azından üzr istəməli və bunun baş verməsini etiraf etməlidirlər. Bu hərbi cinayəti etiraf etməlidirlər ki, o yenə də təkrarlanmasın. Yalnız bundan sonra barışıq ola bilər. Belə olan təqdirdə barışmaq daha asan olacaq. Düşünürəm ki, bu, mümkündür, çünki biz bir yerdə yaşayırdıq. Biz ermənilərlə sülh şəraitində bir yerdə yaşayırdıq. İndi də Bakının mərkəzində təmir olunmuş erməni kilsəsi var. Lakin Şuşada, Ağdamda Azərbaycan məscidləri tamamilə dağıdılıb. İlk növbədə onlar bu məscidləri dağıtmamalı idi, amma indi onlar bunun yanlış olduğunu etiraf etməli və üzr istəməlidirlər. Sonra biz onlarla əlbəttə ki, barışacağıq, çünki gec və ya tez sülh olacaq, iki xalq yenə də birlikdə yaşayacaq.

Almaniya Bundestaqının üzvü: Mənim sualım ikili standartlarla bağlıdır. Biz demək olar ki, Krım məsələsinin müzakirəsinə bütün bir gün həsr etdik. Əgər biz Dağlıq Qarabağ münaqişəsindən danışırıqsa bunu Krım məsələsi ilə müqayisə etmək olar, ya yox?

Ermənistan nümayəndəsi: Mənim sualım cənab İlham Əliyevədir. Bir neçə gün bundan əvvəl ATƏT-in Minsk qrupu Azərbaycana müraciət edərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırmışdı. Bu müraciətin ünvanlanması təsadüfi deyil, çünki Azərbaycan tərəfi Dağlıq Qarabağla təmas xəttində və Ermənistanla sərhəddə atəşkəs rejimini davamlı olaraq pozur. Yanvar ayından etibarən atəşkəs ən azı 3 min dəfə pozulub və nəticədə hər iki tərəfdən bir neçə nəfər həlak olub. Mənim cənab Əliyevə sualım budur ki, Azərbaycan bu cür hərəkətlərlə münaqişəni kəskinləşdirmir ki? Bu, yaxın gələcəkdə münaqişənin sülh yolu ilə həll olunması ehtimalını azaltmırmı? Bayaq moderator belə bir sual verdi ki, bu münaqişənin həlli üçün biz minimum olaraq nə etməliyik. Mən Azərbaycanı atəşi dayandırmağa çağırıram.

Prezident İlham ƏLİYEV: Mən əvvəlcə Almaniya parlamentinin üzvünün sualına cavab vermək istəyirəm. Əlbəttə ki, Ermənistan-Azərbaycan münaqişəsinin lap əvvəlində üzləşdiyimiz problemlərdən biri də ikili standartlar siyasəti idi. Mən çıxışımın əvvəlində qeyd etdim ki, postsovet məkanındakı bütün münaqişələrə eyni mövqedən yanaşılmalıdır. Azərbaycanın ərazi bütövlüyü Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Əgər Ukraynanın ərazi bütövlüyü möhkəm dəstəklənirsə, Azərbaycan da onun ərazi bütövlüyünü çox güclü şəkildə dəstəkləyir. Ermənistandan fərqli olaraq biz BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyünün lehinə səs verdik. Ermənistan isə Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verdi. Bu da Ermənistanın ərazi bütövlüyü prinsipinə nə dərəcədə əməl etməsi ilə bağlı bu ölkənin buradakı digər nümayəndəsinin sualına cavabdır. Onlar hətta Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs veriblər. Bu da onların yürütdüyü siyasətin nəticəsidir. Çünki bu ölkə müstəqil deyil. Onlar özləri qərar qəbul edə bilmirlər və həmişə başqalarının arxasınca gedirlər. Lakin ikili standartlar reallıqdır. Xüsusilə sanksiyaların tətbiq olunduğunu gördüyümüzdə biz özümüzə sual veririk: Nəyə görə bu sanksiyalar Ermənistana qarşı tətbiq olunmur? Axı onlar da eyni əməli törədiblər. Niyə onların üzərinə sanksiyalar qoyulmur? Şübhəsiz cavab budur ki, dünyada Ermənistanı bütün potensial və adekvat məsələlərdən qoruyan çox güclü erməni diasporu var. Buna görə də ikili standartlar siyasəti beynəlxalq gündəlikdən çıxarılan kimi Dağlıq Qarabağ münaqişəsi də tez bir zamanda öz həllini tapacaq.

Ermənistan nümayəndəsinin atəş açılması ilə bağlı sualına cavab olaraq bildirim ki, əslində, həmişə günahı bizim üstümüzə atmaq Ermənistan tərəfinin taktikasıdır. Onlar bizim torpaqlarımızı işğal ediblər, beynəlxalq hüquq normalarını pozublar, Xocalıda soyqırımı törədiblər, tarixi və dini abidələrimizi məhv ediblər və bizi günahlandırırlar. Sual isə ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə Ermənistan əsgərlərinin nə işi var? Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin, olduğu yerdə qalsın, Yerevanda, Gümrüdə, öz ölkəsində qalsın. Sizin özünüz üçün ölkənizdə kifayət qədər yeriniz var. Ermənistanda o qədər də çox insan qalmayıb. Sizin Ağdamda, Füzulidə nə işiniz var? Gərginliyin kimin tərəfindən artırılması ilə bağlı suala cavab olaraq mən keçən ildən bir nümunə gətirə bilərəm. Keçən il beynəlxalq vasitəçilərin fəallığı nöqteyi-nəzərindən əlamətdar bir il olmuşdur. Ötən ilin avqust ayında Prezident Putin mənimlə prezident Sarkisyan arasında bir görüş təşkil etdi. Sentyabr ayında NATO sammiti zamanı ABŞ dövlət katibi Kerri üçümüzün iştirakı ilə belə bir görüş keçirdi. Oktyabrın sonunda Prezident Olland məni və prezident Sarkisyanı Parisə dəvət etdi. Bizim çox yaxşı və konstruktiv görüşümüz oldu. Hər iki tərəf – həm Azərbaycan, həm Ermənistan tərəfi ictimaiyyətə bu görüşün çox uğurlu keçdiyini və təmas xəttində gərginlikləri azaltmağa çalışacağını bəyan etdi. Bundan sonra nə baş verir? Heç 10 gün keçməmiş Ermənistan işğal olunmuş ərazilərdə, xüsusilə Ağdamda genişmiqyaslı hərbi təlimlər təşkil edir. Onların özlərinin verdiyi məlumata görə, işğal olunmuş ərazilərdə 47 minlik ordunun iştirakı ilə təlimlər keçirilmişdir. Aviasiyadan, helikopterlərdən istifadə olunmuşdur. Üç gün ərzində bizim ordumuz səbir edərək heç bir reaksiya göstərməmişdir. Sonra onlar “Mİ-24” hərbi helikopterlərini bizim mövqelərimizə istiqamətləndirərək hücuma keçdilər. Bizim ordumuz helikopterləri vurmaq məcburiyyətində qaldı və onlardan biri vuruldu. Onlar Azərbaycanı günahlandırmaq üçün bundan bəhanə kimi istifadə etdilər. Onlar təxribatlar törədir, bizi təhrik edir, bizi gərginliyi azaltmağa sövq etmək üçün çoxlu səylər göstərən Fransa, Rusiya və ABŞ-ın dövlət başçılarına hörmətsizlik edirlər, heç bir məhəl qoymurlar. Onlar hesab edirlər ki, istədikləri hər şeyi edə bilərlər və buna görə cəzalandırılmayacaqlar. Bu, əsas səbəbdir. İndi isə onlar bizi günahlandırırlar və bizə deyirlər ki, atəş açmayaq. Mənim Ermənistana mesajım odur ki, işğalı dayandırsın. İşğalı dayandırdığı an bizdə sülh də, qarşılıqlı ünsiyyət də, barışıq da olacaq. Bunun baş verməməsinin səbəbi odur ki, erməni əsgəri Ağdamda, Füzulidədir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR