Deputat: “Prezidentin çıxışı cəsarət və reallığı ilə diqqəti cəlb etdi”
Bizi izləyin

Nida.az

Deputat: “Prezidentin çıxışı cəsarət və reallığı ilə diqqəti cəlb etdi”

“Prezident İlham Əliyev 51-ci Münhen Təhlükəsizlik Konfransına qatılması, burada keçirilən “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda paneldə çıxışı, ayrı-ayrı dövlət və hökumət rəsmiləri ilə keçirdiyi görüşlər son dərəcə ciddi əhəmiyyət kəsb edir”.

Bu sözləri Publika.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, bütövlükdə ölkə prezidentinin bu tədbirdəki çıxışı və verilən suallara cavabı sensasiyalı xarakter daşıyır. F.Ağamalı deyib ki, Azərbaycan prezidentinin çıxışları cəsarəti və reallığı ilə konfrans iştirakçılarının əksəriyyətinin də diqqətini cəlb edib: “Xüsusi olaraq, Prezident Münhendə Sloveniya prezidentinin sədrliyi ilə keçirilən “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda paneldə çıxışı və suallara cavabı, işğal edilən torpaqlarımızın azad olunması baxımından bütün situasiyanı açıq formada ortaya qoyması ilə Azərbaycan dövlətinin prinsipial mövqeyi qətiyyətli şəkildə ifadə etdi. İlham Əliyevə panelə sədrlik edən Sloveniya prezidenti, Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi və digər iştirak edən rəsmi şəxslər suallar veriblər. Burada ən yaddaqalanı hadisə Ermənistanın Xarici İşlər Nazirliyi nümayəndəsinin Azərbaycan Prezidentinə 2 dəfə təxribat xarakterli suallar verməsidir. Ancaq cənab Prezident erməni nümayəndəyə çox ağıllı, təmkinli, arqumentli və yüksək peşəkarlıqla cavab verdi.

Azərbaycan Prezidenti Sloveniya prezidentinin Krım və Ukrayna münaqişəsi və Dağlıq Qarabağ münaqişəsinin müqayisəsi ilə bağlı verdiyi suala cavabında tam açıq formada bəyan etdi ki, indi Ukraynada davam edən hadisələr Azərbaycanda 1988-ci ildə başlanan və torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələnən hadisələrin oxşarıdır. Çünki o zaman Ukrayna kimi Azərbaycanın da ərazi bütövlüyü pozulub, Azərbaycana qarşı xarici dövlətin müdaxiləsi olub və bu separatizmlə müşayiət olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində vaxtilə baş vermiş proseslər indi də Ukraynada təkrarlanır. Əgər vaxtilə Azərbaycanın işğal edilmiş torpaqlarının geri qaytarılmasına beynəlxalq birlik tərəfindən ciddi təsir göstərilsəydi, bu istiqamətdə səmərəli addımlar atılsaydı, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilsəydi və Azərbaycanın ərazi bütövlüyü təmin olunsaydı, bəlkə, indi Ukraynada da bu hadisələr baş verməzdi. Bütün bunlar tamamilə ciddi və kifayət qədər dəmir məntiqə söykənmiş fikirlər idi. Ölkə Prezidentinin Almaniya Bundestaqı üzvünün verdiyi suala cavabı da möhtəşəm idi. Cənab Prezident bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasının əsas səbəblərindən biri Azərbaycana qarşı ikili standartların davam etdirilməsidir. Bu gün Ermənistanın yürütdüyü işğalçı siyasət dünya birliyi tərəfindən lazımi səviyyədə pislənilmir, qınanmır, Ermənistana qarşı sanksiyalar tətbiq olunmur.

Necə olur ki, bu gün Ukrayna ilə bağlı Rusiyaya sanksiyalar tətbiq olunur, amma eyni vəziyyətdə Azərbaycan ərazilərini işğal edən Ermənistan 20 ildən çoxdur ki, təcavüzkar siyasətini indi də davam etdirir, ancaq ona sanksiyalar tətbiq edilmir? Necə olur ki, BMT Təhlükəsizlik Şurasının başqa ölkələrlə bağlı qəbul etdiyi qətnamələr bir neçə günə icra olunur, amma Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının 20 ildən çoxdur qəbul etdiyi 4 qətnamə kağız üzərində qalır? Buradan çıxarılan nəticə odur ki, ikili standartlar Azərbaycana qarşı hələ də davam edir və Ermənistan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən himayə edilir. Ona görə də Azərbaycan Prezidenti Sloveniya prezidentinin NATO və Avropa İttifaqı ilə bağlı verdiyi suallara da cavabında bildirib ki, Azərbaycan beynəlxalq birlikdən ərazi bütövlüyünün təmin olunmasını gözləyirdi və buna böyük ümidlər bəsləyirdi. Amma hadisələrin sonrakı gedişində bunun əksini gördük. Gördük ki, dünya birliyi daha çox işğalçı Ermənistanı dəstəkləyir. Azərbaycana qarşı biganə münasibət mövcuddur.

Azərbaycan işğala məruz qalmasına baxmayaraq, münasibət Ermənistan ilə eyniləşdirilir. Biz başa düşdük ki, problemin həllinin yeganə yolu Azərbaycanın güclənməsindən keçir. Ona görə də biz iqtisadiyyatı gücləndirməklə o qənaətə gəldik ki, işğal edilmiş torpaqları özümüz azad edək. Azərbaycanı bu cür mövqeyə çıxaran beynəlxalq birlikdir, ATƏT-in Minsk qrupudur, bir sıra dövlətlərdir. Bütün bunlar isə dünya birliyinə, işğalçı Ermənistana arqumentli cavablar olub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm