Azərbaycanlı ekstremistləri İŞİD üçün hazırlayan Makar düşərgəsi – ŞOK DETALLAR
Bizi izləyin

Nida.az

Azərbaycanlı ekstremistləri İŞİD üçün hazırlayan Makar düşərgəsi – ŞOK DETALLAR

“Yol boyu səndə vəsvəsələr olacaq. Amma heç nədən çəkinmə, çoxlu zikr et. Azərilər Suriya məsələsinə pis baxırlar. Səni gələndə Sabri camaatı qarşılayacaq. Biz bir-birimizi iki ay görməyəcəyik. Səni Makara aparacaqlar”.


Ötən həftə Publika.az-da yayımlanan xəbərə görə, bu mesaj Suriyadan Xudat şəhər sakini Zaur Məmmədov Oqtay oğluna göndərilib. Z. Məmmədovun anasının sözlərinə görə, oğlu Elçin Babayev adlı şəxs tərəfindən göndərilən bu mesaj əsasında ötən il iyulun 12-də evdən çıxaraq Suriyaya yollanıb. Hazırda İraqda olduğu deyilən Z. Məmmədov İŞİD sıralarında döyüşür (http://publika.az/p/63385).


Publika.az Sabri camaatı və Z. Məmmədovun getdiyi Makar adlı yerlə bağlı bəzi məlumatları öyrənməyə çalışıb.


Məmmədovu Suriyada qarşılayan Sabri camaatı, özbəklər və...


Sabri camaatı 2013-cü ildə yaradılıb. Əvvəlcə tərkibi əsasən özbəklərdən ibarət olan camaatın lideri Bəxtiyar Mirzabəy olub. B. Mirzabəy vaxtilə Əfqanıstanda mücahid olaraq döyüşüb. Sonra ABŞ əsgərləri tərəfindən tutularaq İraqda Amerikanın idarəçiliyində olan həbsxanaya salınıb. Bir müddətdən sonra Mirzabəy indiyə qədər bəlli olmayan yollarla həbsxanadan qaçmağı bacarıb. Daha sonra Türkiyə vasitəsilə Suriyaya gəlib. Suriyada mücahid olaraq döyüşən B. Mirzabəy 2013-cü ilin iyun ayının 18-də öldürülüb.

Onun ölümünə qədər Sabri camaatı ayrıca qrup olaraq döyüşürmüş və İŞİD-ə qarşı olub. Həmçinin İŞİD 2013-cü ildə indiki qədər məşhur və güclü deyildi. Lakin daha sonra Sabri camaatı İŞİD tərkibinə qatılıb və camaat olaraq ləğv edilib. Sadəcə olaraq, İŞİD tərkibində bu günə qədər Sabri camaatı olaraq tanınılır.


Sabri camaatı haqda daha bir informasiya 2014-cü ilin oktyabrında ortaya çıxıb. Post-sovet məkanından olan döyüşçülərin olduğu qruplaşma kimi təqdim olunan camaatda özbəklərlə yanaşı, Dağıstandan olan mücahidlər də cəmləşib.


Məlumatlara görə, İŞİD-ə biət etdikdən sonra camaatın tərkibi müxtəlif millətlərlə dəyişib. Yəni əvvəlki kimi özbək camaatı yox, İŞİD-in qurumu kimi fəaliyyət göstərib.


Camaatın tərkibində dağıstanlıların olması faktı, Z. Məmmədovun Suriyada qarşılanmasına müəyyən mənada aydınlıq gətirir. Çünki Azərbaycanın Şimal bölgəsindəki radikal dindarlar Dağıstan ekstremistləri ilə sıx bağlıdır. Güman ki, Z. Məmmədovun Suriyaya getməsi, qarşılanması və döyüşçü kimi hazırlığında bu faktor rol oynayıb.


Bölgə üzrə araşdırmaçı jurnalist Müqəddəs Mehdiyev də Publika.az-a açıqlamasında Şimali Qafqazdakı dini mənzərənin Azərbaycan sərhədlərinə təsir etdiyini deyib. Onun sözlərinə görə, Şimal bölgəsində radikallığın yayılmasında Dağıstanın təsiri var.


“Bu baxımdan, Suriyada dağıstanlıların da olduğu Sabri camaatının azərbaycanlıları qəbul etməsi inandırıcıdır”, - deyə o bildirib.


Azərbaycanlıların təlim keçdiyi İŞİD-in hərbi bazası: Makar


Zaur Məmmədova Suriyadan göndərilən mesajda Makar adının keçməsi də diqqət çəkir. Əvvəlcə bunun hansısa yer adının olduğu ehtimal olunsa da, araşdırmalar nəticəsində Makarın İŞİD-ə aid hərbi təlim bazası olduğu ortaya çıxdı.

Türkiyədəki mənbələrdən əldə etdiyimiz məlumata görə, Makar İŞİD-in Rakkada yerləşən hərbi bazasıdır. Mühacir döyüşçülər iki ay müddətində bu bazada təlim keçir. Daha sonra Suriyanın müxtəlif bölgələrinə, xüsusilə İraqa göndərilir.


Mesajda “Biz bir-birimizi iki ay görməyəcəyik. Səni Makara aparacaqlar” yazılması da hər şeyi açıq şəkildə ortaya qoyur. Görünür, Z. Məmmədov Suriyaya getdikdən sonra iki ay ərzində İŞİD-in Makar adlı hərbi bazasında təlim keçib. Daha sonra İraqa döyüşə göndərilib. Çünki o, evdən çıxandan 4 ay sonra yaxınlarına bu məzmunlu mesaj göndərib: “Mən İraqdayam, narahat olmayın. İnşallah, cənnətdə görüşərik”.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm