Asim Mollazadə: “İstənilən müdaxilə dünya müharibəsinə səbəb ola bilər”
Bizi izləyin

Nida.az

Asim Mollazadə: “İstənilən müdaxilə dünya müharibəsinə səbəb ola bilər”

“Ukrayna probleminin həllinin açarı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindədir”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsilə yaranan Dağlıq Qarabağ münaqişəsinə dünya birliyinin susqun mövqeyi sonradan yeni münaqişə ocaqlarının yaranmasına gətirib çıxarıb. A.Mollazadə deyib ki, Ukraynada uzun müddətdir müharibə gedir, Krım işğal olunub, hər gün Ukraynada onlarla insan öldürülür, yüzlərlə qaçqın var: “Vəziyyət kifayət qədər ağır olaraq qalır. Bu vəziyyətin daha da kəskinləşməsi gözlənilir. Mən bu vəziyyətdən çıxış yolunu elə də asan sanmıram. Çünki bu istiqamətdə Qərb tərəfindən hər hansı ciddi qərarlar qəbul edilməyib”.

Deputat onu da bildirib ki, indiki halda Rusiya heç bir güzəştə getməyə hazır deyil: “Mənə elə gəlir ki, bu proseslər hələ uzun müddət davam edəcək və nəticəsi ağır olacaq. Ola bilsin ki, ABŞ Ukraynaya hər hansı hərbi kömək etsin və silahlar versin. Ancaq hələlik belə bir yardım mövcud deyil”.

A.Mollazadə qeyd edib ki, bütün bunların əsas səbəbi dünya ictimaiyyətinin və beynəlxalq birliyin bu cür münaqişələrə vaxtında müdaxilə etməməsidir: “Azərbaycan da 20 ildən çoxdur ki, belə bir vəziyyətlə üzləşib. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilib, bir milyon qaçqınımız var. Yəni, dünya birliyi tərəfindən təcavüzkar Ermənistana qarşı heç bir addım atılmayıb, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin tələbləri işğalçı ölkə qarşısında qoyulmayıb. Bu halda dünyada hüququn aliliyi qüvvədən düşür və dərəbəylik yaranır. Bu da dünyada yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur. Azərbaycandan sonra yeni münaqişə ocaqları Gürcüstanda, Moldovada yaranıb, bu gün isə Ukraynada yaranır. Əgər vaxtında beynəlxalq ictimaiyyət və təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin yaranmasının qarşısını alsaydı, sonra və bu gün bu hadisələr baş verməzdi. Biz bu cür hadisələrdə bir daha beynəlxalq hüquq aliliyinin pozulduğunun şahidi oluruq. Ancaq bu cür münaqişələrin həllinin açarı Qarabağ probleminin həllindən başlaya bilər.

Bunun üçün də beynəlxalq təşkilatlar ilk növbədə Dağlıq Qarabağ münaqişəsini həll etməlidir. Çünki Qarabağ münaqişəsinin həlli ilə digər münaqişələrinə həllinə də nail olmaq olar. Hesab edirəm ki, dünya birliyi sülhə necə nail olunması barədə çox ciddi düşünməlidir. Bunun üçün də dünya liderləri ilk növbədə Qarabağ münaqişəsinin həllinə diqqət yönəltməlidir. Çünki Ukrayna və buna oxşar bütün münaqişələrin həllinin açarı Qarabağ münaqişəsinin həllindədir”.

Litva prezidenti Dalya Qribauskaytenin “Ukraynadan sonra Rusiya bizi də işğal edəcək” barədə verdiyi açıqlamaya da toxunan deputat söyləyib ki, Baltikyanı ölkələr NATO-nun üzvüdür: “Onların ərazi bütövlüyünə hər hansı müdaxilə isə üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər. Hazırda çox təhlükəli vəziyyət yaranıb. Hələlik Rusiya bununla bağlı təhdidlər edir. Hər şey dünya birliyinin Ukraynaya olan reaksiyalarından asılı olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm