Mirbaba Babayevdən Qubad İbadoğluya “nizamnamə zərbəsi”
Bizi izləyin

Nida.az

Mirbaba Babayevdən Qubad İbadoğluya “nizamnamə zərbəsi”

Müsavat Partiyasının Nizamnaməsinin əsas müəlliflərindən biri, son qurultayda seçki komissiyasının sədri olmuş Mirbaba Babayev Qubad İbadoğlunun Divanın qərarı əsasında partiyadan çıxarılmasının nizamnaməyə uyğun olub-olmamasını izah edib.


Publika.az xəbər verir ki, M. Babayev bununla bağlı izahını sosial şəbəkədə “Müsavatçılar” qrupunda paylaşıb.


Qubad İbadoğlunun çıxarılması nizamnaməyə uyğun idimi?


M. Babayev Divanın Qubad İbadoğlu barədə qərarının nizamnaməyə uyğunluğu və bu qərarın partiyanın mənafeyinə uyğun olub-olmaması barədə xeyli düşündüyünü bildirib.


“Bu mühüm məsələyə bitərəf mövqedən öz qiymətimi verməyə çalışdım. Hər iki tərəfdə olan möhtərəm dostlar, fikirlərimdə səhvə yol vermişəmsə, göstərin, səhvimi düzəltdiyiniz üçün minnətdar olaram. Müəyyən nöqsanlara yol verilsə də, həqiqətən, demokratik keçirilən seçkilərdə bir namizəd lazımi səs toplayaraq başqan seçildi, lakin ikinci namizədin səsləri başqan seçilən şəxsin səslərindən az fərqləndi. Normal cəmiyyətlərdə belə hal adi qarşılanır və uduzan tərəf qalibin əlini sıxıb, sonrakı seçkilərə qədər gözləyir. Partiyamızda böhran yaranmasının səbəbi bu oldu: uduzan tərəf, arxasında xeyli müsavatçının olduğunu görərək, seçkilərin nəticələrini tanımaq istəmədi. Yalnız bir şərt qoydu ki, yeni qurultay keçirilsin. Udan tərəf isə yeni seçki keçirilməsini lazım bilmədi.

Yaranmış vəziyyətdə kim haqlı idi? Nizamnamədə tələb olunan səsləri toplayıb, qurultayın qərarı ilə başqanlığı legitimləşən Arif Hacılı və tərəfdarları, yoxsa yeni qurultayın çağırılmasını tələb edən, başqa heç bir kompromislə razılaşmayan Qubad İbadoğlu və tərəfdarları? Nizamnaməyə və hüquqa əsaslanan cavab hamıya aydındır”, - deyə o bildirib.


“Arif Hacılının güzəştə getməsi xoşagəlməz presedent yaradardı”


M. Babayev əlavə edib ki, əgər Arif Hacılı və tərəfdarları güzəştə gedib yeni qurultay çağırılmasına razı olsaydı, başımız hazırlığa qarışacaq, əsas məqsədlər uğrunda mübarizə kənarda qalacaqdı. Onun fikrincə, bu güzəştin daha böyük zərəri, xoşagəlməz bir presedentin yaranması olardı: “Partiyanın başqanlığına və müxtəlif strukturlarına gələcək seçkilərdə müəyyən səs toplayan namizədlər, əsassız olsa da oxşar iddialar qaldırmaq fikrinə düşərdi. Seçkiqabağı kampaniyada bir-birinə “qurşaqdan aşağı zərbələr” vurmuş tərəflər qurultaydan sonra da bu davranışı davam etdirdilər. Tərəflər arasında çat böyüdü. Yaranmış vəziyyətdən yeganə çıxış yolu ancaq iki tərəfin birgə müzakirəsindən keçirdi. Bunun üçün tərəflər ən azı görüşməliydilər. Bunu başa düşən Arif Hacılı dəfələrlə Qubad bəyi birgə müzakirəyə dəvət etdi. Bu dəvətlərdən birinin mən şahidiyəm. Arif bəy dedi ki, sənin üçün hansı gün, hansı saat əlverişlidirsə, görüşək. Lakin Qubad İbadoğlu hay vermədi. Qubad bəy və tərəfdarları yeri gəldi, gəlmədi, partiya başqanının, eləcə də Məclisin, Divanın və MNTK-nın legitim olmadığını bəyan edir, bu təbliğat qəzetlərə, televiziyalara çıxırdı.

Bu, ciddi nizamnamə pozuntusu idi. Nizamnamənin 1.9 maddəsinin 4-cü bəndi: “Partiya üzvünün aşağıdakı vəzifələri var: partiyadaxili intizama riayət etmək və partiyadankənar fəaliyyətində partiyanın nüfuzunu qorumaq. Dörd aydan artıq müddətdə davam edən bu vəziyyəti aradan qaldırmaq üçün Divan Qubad bəyi öz yığıncağına çağırdı. Ancaq Qubad bəy özünü partiya orqanlarına qarşı qoydu. Divanın 02.02.15-ci il tarixli iclasına hansısa təşkilatın yığıncağında olmasını əsas gətirərək qatılmadı. Guya bu təşkilatın hansısa yığıncağı Qubad bəyin üzvü olduğu Müsavat Partiyasının Divanının yığıncağından daha mühümdür. Divan güzəştə getdi və onun xaricə səfərini nəzərə alıb növbədənkənar yığıncaq çağırdı. Qubad bəy Divana gəlsə də, onun 2 müşahidəçisinin iştirakına icazə verilsə də, Divanın iclasına qatılmadı. Bu artıq partiyaya, onun rəhbər orqanlarına meydan oxumaq deməkdi. Nizamnamənin Preambula hissəsinin 7-ci bəndi: “Partiya orqanlarının qərarları özündən aşağı orqanlar və partiya üzvləri üçün məcburidir”. Əslinə qalsa, 7-ci bəndin pozulması çoxdan - başqan seçkisi barədə qurultayın qərarına qarşı kampaniya aparandan başlamışdı”.


“Onun partiyadan çıxarılması haqda yayılan şayiələr əsassızdır”


M. Babayev Q. İbadoğlunun Divanı tərk etməsi səbəbini də şərh edib.


“Yeganə dəlili videoyazılışa icazə verilməməsi ilə bağlı idi. Divanın bu qərarını qüsurlu hesab edirəm. Lakin bu qətiyyən nizamnamə pozuntusu kimi qiymətləndirilə bilməz. Nizamnamənin 4.10 maddəsi: “ ... Divanın iş qaydasını onun özü müəyyən edir”. Divan hətta qapalı iclas da keçirə bilərdi, halbuki Qubad bəyin 2 müşahidəçisinə iştirak etməyə və audioyazılışa icazə verilib. Bunları nəzərə alaraq, özüm üçün belə bir qərara gəldim: Qubad İbadoğlunun partiyadan çıxarılmasını rəhbər orqanları tənqid etdiyinə görə izah edən şayiələr tamamilə əsassızdır”, - deyə o bildirib.


Söz azadlığı anarxiya gətirir?


Lakin M. Babayev Q. İbadoğlu kimi bir mütəxəssisin Müsavatdan çıxarılmasını böyük itki kimi qiymətləndirib: “Lakin 4 ayın təcrübəsi göstərdi ki, partiya ilə davranış tərzini dəyişmədən onun partiyada qalması daha böyük itkiyə, anarxiyaya səbəb olardı. Divanın qərarı partiyanın mənafeyinə uyğundur. Biz yeni bir təcrübə qazandıq. “Söz azadlığı” prinsipinə partiyada əsas prinsiplərdən biri kimi riayət olunmalıdır. Lakin tək bu prinsipi əsas götürüb nizamnamənin digər bəndlərinin pozulmasına yol vermək olmaz. Bu, anarxiyaya gətirər”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm