Qubad İbadoğlu yıxıb-sürüdü: “Arif Hacılı, şər, böhtan, nifrət, irin və çirkab...”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu yıxıb-sürüdü: “Arif Hacılı, şər, böhtan, nifrət, irin və çirkab...”

Müsavat Divanı tərəfindən partiyadan çıxarılan başqanlığa keçmiş namizəd, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu Arif Hacılının “Yeni Müsavat” qəzetində ona qarşı yazdığı məqaləyə cavab verib.


Publika.az xəbər verir ki, Q. İbadoğlu “facebook” səhifəsində “Arif Hacılının “qəzəb gəldi, ədəb getdi” missiyası” adlı yazıda fikirlərini paylaşıb.


“Arif Hacılı 90-cı illərdən qalma klassik üslubuna bir daha sadiqlik nümayiş etdirib, pafos və böhtan dolu bir yazını “bizim missiyamız” adı altında gün üzünə çıxarıb, elə hey məni anti-Müsavat kampaniyası aparmaqda, təhqir və böhtan yazmaqda ittiham edib. Hətta yazdıqca bir az da cuşa gəlib, uydurma fikirlərini dırnaq içərisinə salaraq məni qaralamaq üçün ictimaiyyətə nələrisə təlqin etməyə çalışıb. Arif Hacılıya gələn vəhyə görə, “Sizin saxta seçkilərdən danışmağa haqqınız yoxdur”, “Hakimiyyətin korrupsiya fəaliyyətindən danışmayın” kimi absurd ittihamları guya mən ya yazmışam, ya da demişəm. Diqqətinizə bir daha çatdırıram, bütün “Facebook” açıqlamalarım səhifəmdədir, silməmişəm, mətbu orqanlara dediklərim isə müvafiq saytlarda qalır. Gedin bir də oxuyun. Görün ki, bütün açıqlamalarımın ruhunda partiya daxilində barışa, sülhə, həmrəyliyə çağırış var”, - deyə o bildirib.


Q. İbadoğlu hesab edir ki, A. Hacılı həmin yazıları yüz dəfə də oxusa, həqiqəti görə bilməyəcək: “Yüz dəfə də oxusanız, bu işığı görə bilməyəcəksiniz. Çünki mənə və ədalət, şəffaflıq, yenilik, dəyişiklik istəyən müsavatçılara olan nifrətiniz gözünüzü pərdələyib, qan çanağına döndərib. Sizin missiya adlandırdığınız 4 min 500 işarəlik yazınız birinci cümləsindən sonuncuya, təpədən-dırnağa kimi şər, böhtan, nifrət, irin və çirkabla doludur. Tapşırığınızı icra edən simasızları qoyuram bir qırağa, təkcə iki qardaşınızın mənim ünvanıma söylədikləri uydurma böhtan və təhqirlərə görə şeytan da onlara həsəd aparar. Bunlar heç şeytanın da ağlına gələ bilməzdi! Mənim bütün fəaliyyətim açıqdır, şəffafdır, göz qabağındadır. Mən bağlı qapılara arxasında sövdələşmələrə getmirəm, sözümü, fikrimi açıq, üzbəsurat deyirəm. Missiyanızı oxuyub, “təsirlənməmək” əldə deyil”.


ADR təsisçisi Arif Hacılıya xitabən “Demokratiya faizlə ölçülmür” deyə qeyd edib.


“Arif Hacılı, az və ya çox demokratiya yoxdur. Demokratiya ya var, ya da yoxdur! Sizdən fərqli olaraq mənim yeganə istinad mənbəyim ədalətdir. Ona görə də ölkədə insan haqlarının pozulmasına da etiraz edirəm, 100 illik Müsavatın bu günə qalmasına da. Çünki ədalət istəyən, ilk növbədə, özü ədalətli olmalıdır! Qaldı yazdığınız “anti - Müsavat mövqeyi ilə seçilən Rəsul Quliyev, Zərdüşt Əlizadə, iqtidar təbliğatının ruporu olan televiziya kanalları, mətbuat orqanları” ittihamına, mən nə Rəsul Qulyevin, nə də Zərdüşt Əlizadənin həqiqi Müsavata qarşı çıxdıqlarını görməmişəm.

Məgər Rəsul bəy, Zərdüşt bəy və məni müdafiə edən onlarla digər siyasətçilər düşündüklərini söyləmək üçün Arif Hacılıdan ərizələrinə dərkənar qoymağı gözləməlidirlər?! İftira atırsınız, mən iqtidara yaxın olan televiziya kanallarına, mətbuat orqanlarına müsahibə verməmişəm. Partiyada barışıq olması, ocağın körüklənməməsi naminə dəfələrlə onların dəvətini geri çevirmişəm. Yalnız ANS kanalında danışımışam. Onda da həmişəki kimi sizə səslənmişəm: “Müsavatı parçalamayaq, gəlin oturub, hər şeyi müzakirə edək, problemdən yeganə çıxış yolu ədalət istəyən müsavatçıların partiyadan qovulması deyil, açıq müzakirədir” demişəm, bütün sivil vasitələrdən istifadə etməyə çağırmışam. Gedin yazdıqlarınızı soyuq başla bir də oxuyun, ya da ədalətinə ən çox güvəndiyiniz adama oxutdurun. Onda biləcəksiniz ki, bu irin-qan yığnağı Müsavatın missiyası ola bilməz, bu sizin “qəzəb gəldi, ədəb getdi” missiyanızdır. Bu missiyanın isə Müsavata dəxli yoxdur!” - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm