Sarkisyan devrilir, Qarabağ azad olunur – Vaşinqtonun yeni ssenarisi – TƏHLİL
Bizi izləyin

Nida.az

Sarkisyan devrilir, Qarabağ azad olunur – Vaşinqtonun yeni ssenarisi – TƏHLİL

ABŞ-ın Ermənistana yeni təyin olunan səfiri Riçard Maylz prioritetləri sırasında Dağlıq Qarabağ münaqişəsinin olduğunu da açıqladı. Ermənistan-Azərbaycan təmas xəttində ciddi qarşıdurmaların olduğu bir vaxtda Maylzın münaqişəyə hansı səviyyədə töhfə verəcəyi suallar yaradır.


Publika.az xəbər verir ki, 2015-ci ilin yanvar ayından etibarən Ermənistan tərəfi atəşkəs rejimini ciddi şəkildə pozur. Xüsusilə ağır artilleriyadan açılan atəşlər nəticəsində sərhədə yaxın ərazilərdə yaşayan mülki vətəndaşlar əziyyət çəkir. Azərbaycan tərəfi düşmənə layiqli cavab verir və qarşı tərəfin siyasətçiləri ordumuzun gücünü etiraf etmək məcburiyyətində qalıb.

Lakin rəsmi İrəvanın təxribatlardan əl çəkəcəyi ehtimalı azdır. Burda bir neçə səbəb var. Birincisi, qondarma “erməni soyqırımı”nın bu il keçiriləcək 100 illiyinə görə düşmən tərəfi aktivləşib. Bakı və Ankaranın bu iddialara qarşı səylərini birləşdirməsi İrəvanda narahatlıqla qarşılanır. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Serj Sarkisyanı Çanaqqalaya dəvət etməsi onun ciddi müqavimətlə qarşılaşacağından və xalqına verdiyi vədlərin boş çıxacağından xəbər verir.

Gümrüdə Rusiya əsgərinin bir erməni ailəsini qırmasından sonra başlanan etirazlar bir az səngisə də, davam edir. Digər tərəfdən, il başlayar-başlamaz Ermənistanı güclü yoxsulluq küləyi vurdu. Onsuz da çətin sosial şəraitdə olan sadə erməni üçün yaşamaq olduqca mürəkkəb suala çevrilib. Belə bir məqamda, əhalinin diqqətini cəbhəyə, daha doğrusu, xarici “düşmənə” yönləndirmək Sarkisyan üçün ən yaxşı çıxış yoludur.


Lakin Dağlıq Qarabağ münaqişəsi ətrafında proseslərin yeni inkişafı İrəvan üçün əlavə problemlər yaradıb. Qərb Ukrayna münaqişəsi fonunda post-sovet məkanında dondurulmuş münaqişələrə baxışını dəyişdirir. Bu isə Rusiyanın yanında yer alan İrəvanı qorxulu gələcəyin gözlədiyini deməyə əsas verir.

Misal üçün, Prezident İlham Əliyevin Almaniya səfəri zamanı Angela Merkelin Rusiyanı Ermənistanla birgə hərəkət etməkdə ittiham etməsi ciddi dəyişikliklərin anonsu idi.

İki gün öncə başa çatan 51-ci Münhen təhlükəsizlik konfransında da bu məsələ gündəmə gəldi və Prezident İlham Əliyev tərəfindən dünyanın diqqətinə çatdırıldı.

“Ukrayna münaqişəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir-birinin əksini göstərən güzgü kimidir”, - deyə Azərbaycan lideri prosesi açıq şəkildə bəyan etdi və konfransda iştirak edən Ermənistan nümayəndə heyətinə yerini göstərdi.


Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov Prezident İlham Əliyevin konfransda ermənilərə sərt cavabının Azərbaycan xalqının əhvali-ruhiyyəsini və dövlətin iradəsini əks etdirdiyini bildirib.


“Mənim Ermənistana mesajım budur: işğala son qoyun, siz işğala son qoyduğunuz andan etibarən sülh, qarşılıqlı təmas və barışıq bərqərar olacaq. Və bunun baş verməməsinin səbəbi erməni əsgərinin Ağdam və Füzulidə olmasıdır”, - deyə dövlət başçısı Münhendə sərt danışdı.

Rasim Musabəyovun fikrincə, Prezident İlham Əliyevin sərt çıxışı erməniləri himayə edənlərə də mesaj idi.


“Yəni təmkinli olmağa, dialoqa və sülh danışıqlarına sədaqətli olmağa çağırmaqla ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını azad etməyəcək”, - deyə R. Musabəyov bildirib.


Münhendə Cənubi Qafqaz ölkələrindən yalnız Ermənistanın xarici işlər naziri səviyyəsində təmsil olunması da Qərbin bu ölkəyə dəyişən münasibətinin göstərici idi.

Bir sıra ekspertlərə görə, Bakının Münhendə sərgilədiyi mövqe gələcəkdə ciddi proseslərdən xəbər verir.


Britaniyalı ekspert Lourens Broers hesab edir ki, Bakı Qərb-Rusiya qarşıdurmasında ağıllı manevr etməyi bacarır. Onun sözlərinə görə, Bakıda dünyanın dəyişən nizamını duymaq və buna uyğun gedişlər etmək qabiliyyətində olan insanlar var: “Görünür, uzun illər sonra Qarabağ münaqişəsinin həll olunması üçün yeni şanslar yaranıb. Xüsusilə Ukrayna münaqişəsi Qərbin bu məsələyə yanaşmasının dəyişdiyini ciddi şəkildə göstərir”.

Britaniyalı ekspertə görə, proseslərin yeni inkişafı Minsk qrupunun taleyini də ciddi suallar altında qoyur. Onun fikrincə, münaqişənin nizamlanmasında formatın dəyişməsi aktualdır.


Vaşinqtondan gələn yeni səfir Maylzın Dağlıq Qarabağı prioritetləri sırasına daxil etməsi diqqət çəkəndir. Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazır ki, yeni səfirin bu fikirləri Vaşinqtondan hazırlanmış ev tapşırığı ola bilər. Belə ki, Gümrü hadisələrindən sonra Vaşinqton İrəvanın, daha doğrusu erməni xalqının Moskvaya münasibətinin dəyişməsindən istifadə edir.

Maylzın Ermənistan iqtisadiyyatına töhfə vermək və əhalinin sosial rifahının yaxşılaşdırılmasına çalışmaq niyyətində olduğunu deməsi də təsadüfi deyil. Vaşinqton erməni xalqına yeni səfiri vasitəsilə mesajını çatdırmaq istəyir. Bu isə Ermənistanda Rusiyaya bağlı hakimiyyətin dəyişməsini aktuallaşdırır.

“Vaşinqtonda yeni ssenari hazırlanır. Ssenariyə əsasən, İrəvanda hakimiyyət dəyişikliyi ilə Ermənistan Rusiyanın əlindən alınır. Bu, avtomatik olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə nəticələnir və Rusiyanın Cənubi Qafqazda təsirlərinə ciddi zərbə vurulur. ABŞ bölgədə sabitliyə nail olmaqla öz imkanlarını genişləndirir”, - deyə nəşr Qərbdəki diplomatik mənbələrə istinadən xəbər verir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm