Dərbənddə fövqəladə toplantı: “Sadval” oyuna girir – Ciddi qarşıdurma
Bizi izləyin

Nida.az

Dərbənddə fövqəladə toplantı: “Sadval” oyuna girir – Ciddi qarşıdurma

Bu gün Dərbənd şəhər məclisinin sədri İmam Yarəliyev tərəfdarları ilə birgə fövqəladə toplantı keçirəcək.


Publika.az-n Dərbənddən əldə etdiyi məlumatlara görə, Ağsaqqallar Şurası adı altında baş tutacaq toplantıda məqsəd İmam Yarəliyevi müdafiə etməkdir. Onun müdafiəçiləri arasında ləzgilərlə yanaşı, tabarasanlılar və vəzifədə olan bir neçə azərbaycanlı var.


“Bir neçə gün öncə Moskvada səfərdə olan Yarəliyev Kremlin dəstəyini ala bilməyib. Onun haqqında açılan cinayət işi davam etdirilir. Buna görə də o, indi güc nümayiş etdirir və özünü ictimai dayağı olan şəxs kimi göstərir”, - deyə mənbə bildirib.


Ən maraqlısı isə Yarəliyev tərəfində olan Ağsaqqallar Şurasının bir neçə gün öncə yaydığı bəyanatdır.


“Son vaxtlar bəzi qüvvələr Dərbənddə sabitliyi pozmaq istəyirlər. Bu cür cəhdlər İmam Yarəliyevə qarşıdır. Məqsəd onun nüfuzdan salınmasıdır. Bu cür davam edərsə, Cənubi Dərbənddə etnik-dini qarşıdurma yaşana bilər”, - bəyanatda qeyd edilir.


Məlumata görə, bu bəyanat Yarəliyevin özü tərəfindən hazırlanıb. Xüsusilə sonuncu “etnik-dini qarşıdurma yaşana bilər” cümləsi yuxarılara mesajdır: “Yarəliyev çəkisini artırmaq üçün bu addımlara gedir. Çünki faktiki olaraq onun postdan salınmasında maraqlı qüvvələr var və xırda bir səhvi acınacaqlı nəticələrə səbəb ola bilər. Dərbənddə vəziyyət xeyli gərginləşib və bu savaşdan şəhərin əsas yerli əhalisi olan azərbaycanlılar da ziyan görə bilər”.


Digər xüsusi məqam isə “sadval”çıların Dərbənddə aktivləşməsidir. Belə ki, separatçı təşkilatın üzvləri İ. Yarəliyevin müdafiəsi üçün son günlər şəhərin müxtəlif yerlərində, şəxsi mənzillərdə və obyektlərdə toplaşırlar.


“Bu ciddi təhlükələrdən xəbər verir. Görünür, Yarəliyev postunu itirməmək üçün bütün yollara əl atacaq. “sadval”çıların aktivləşməsi xüsusilə təhlükəli məsələdir. Çünki “Sadval” İmam Yarəliyevə karyerası boyunca ən böyük dəstəyi verən qüvvə olub”, - deyə mənbə bildirib.


Qeyd edək ki, 1990-cı illərin əvvəllərində “sadval”çıların qurultayında bütün sənədləri, qətnamələri Yarəliyev hazırlayıb. Bu barədə “Sadval”ın qurucularından olan Hacı Abdurrəhimovun “Lovğa və tənqidçiyə cavab” kitabında təfsilatlı məlumat var.

Kitabda qeyd olunur ki, İmam Yarəliyev Dağıstan baş prokurorunun birinci müavini, daha sonra baş prokuror olmasında “Sadval”ın əməyi böyük olub. Təşkilat Yarəliyevin bu postda oturması üçün 1992-ci ildə Bakı-Rostov yolunu təzyiq vasitəsi olaraq bağlayıbmış.


Məlumatlara görə, İ. Yarəliyev “Sadval”a yaxın “Şarvili” fondunun fəxri sədridir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm