Bakı Moskvanı qabaqlayır – İlham Əliyev Qərbə nələri başa saldı?
Bizi izləyin

Nida.az

Bakı Moskvanı qabaqlayır – İlham Əliyev Qərbə nələri başa saldı?

Bu gün Bakıda “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçiriləcək.


Publika.az xəbər verir ki, rəsmi məlumata görə, iclasda “Cənub Qaz dəhlizi” layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr veriləcək. İclasda “Cənub qaz dəhlizi” layihəsinin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstanının enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “bp-Azərbaycan” şirkəti, Trans Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı nəzərdə tutulur.


Analitiklərin fikrincə, “Türk axını” gündəmə gələndən sonra Avropa “Cənub qaz dəhlizi” layihəsi üzrə işləri sürətləndirib.

Prezident İlham Əliyevin 51-ci Münhen təhlükəsizlik konfransında bu barədə çıxışı da diqqətçəkən idi. Xüsusilə Azərbaycan liderinin iki tezisi Avropaya mesaj olaraq qiymətləndirilə bilər.


Bu layihədə bizə səviyyədə çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP, “Şahdəniz-2” layihələri böyük investisiyalardır və təkcə Azərbaycan yox, bp, Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır. Beləliklə, biz bu sərmayələri geri qaytarmalıyıq”, - deyə dövlət başçısı bildirdi.


Bununla, rəsmi Bakı Avropaya “Türk axını” ilə yarışda daha çevik olmağın lazımlığını çatdırdı. Həmçinin, “biz bu sərmayələri geri qaytarmalıyıq” deməklə Prezident İlham Əliyev dünyada neftin qiymətinin aşağı düşməsi fonunda yaşanan böhranla səsləşən mesajını verdi. Yəni Azərbaycan qoyduğu sərmayəni geri qaytarmalıdır.

“Türk axını” gündəmə gələndən sonra Moskvanın əsas hədəfi Avropanın tarixə qovuşan “Nabucco”dan sonra bel bağladığı TANAP və TAP layihələrini qabaqlamaqdır. Belə ki, TANAP 2018-ci ilə, TAP isə 2020-ci ilə qədər hazır olacaq. “Qazprom” isə “Türk axını” layihəsini 2018-ci ilə qədər başa çatdırmaq niyyətini açıqlayıb. Bakı və Moskvanın arası nə qədər yaxşı olsa da, ümumi bazar uğrunda mübarizədə Rusiya bütün vasitələrdən istifadə edə bilər. “Türk axını”nın daha tez reallaşması bütün hallarda Azərbaycan qazının əhəmiyyətinə kölgə sala bilər. Göründüyü kimi, bu, Avropanın da marağında deyil.


“TANAP layihəsini 2018-ci ilə qədər icra etməyi, TAP layihəsini 2020-ci ilədək yerinə yetirməyi öhdəlik götürüblər. Lakin bizə bütün komanda üzvləri arasında əlaqələndirmə, daha çox dəstək və daha çox qarşılıqlı etibar lazımdır”, - deyə Azərbaycan lideri Münhendə işin ciddiliyini avropalı siyasətçilərin diqqətinə çatdırdı.

Görünür, qərbli siyasətçilər Bakının mövqeyi ilə razıdır.

Rusiyanın “Nezavisimaya qazeta” nəşri yazır ki, İlham Əliyev energetika layihələrini uğurla reallaşdırılmasından əminliklə danışmasına səbəb Azərbaycanın malik olduğu ciddi karbohidrogen ehtiyatları və Avropanın qaz təchizatında ən real mənbə olmasından irəli gəlir. Digər mənbələr məlumdur. Lakin onlardan istifadə perspektivi hələlik sual altındadır.


“Bakı qazının Avropaya çatdırılmasına gəlincə, bu istiqamətdə işlər gedir və müəyyən olunan vaxta hər şey həllini tapacaq. “Türk axını” layihəsi meydana gəlsə də, bunun reallaşdırılması yolları hələ müəyyən olunmayıb. Görünür, Bakı Moskvanı qabaqlayacaq və “Cənub qaz dəhlizi” “Türk axını”ndan daha tez həyata vəsiqə qazanacaq”, - deyə nəşr yazır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm