• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Fövqəladə Dərbənd toplantısının detalları: azərbaycanlılar hədəfdə - ÖZƏL

  • Nida.az
  • 12 Fevral 2015 16:01
  • 785 Baxış
Fövqəladə Dərbənd toplantısının detalları: azərbaycanlılar hədəfdə - ÖZƏL

Dərbənd şəhər məclisinin sədri İmam Yarəliyev Dağıstan rəhbəri Ramazan Abdulatipova savaş açıb. Şəhərdə azərbaycanlılarla digər millətlər arasında süni qarşıdurma yaradıla bilər.


Dərbənd şəhər məclisinin sədri İmam Yarəliyevin Ağsaqqallar Şurasının üzvləri ilə dünən keçirdiyi fövqəladə toplantının detalları bəlli olub.


Publika.az-a Dərbənddəki mənbələrdən daxil olan məlumata görə, əvvəlcə tədbirin keçiriməsinə icazə verilməyib. Lakin son anda razılıq əldə olunub.


“Toplantı Moskva vaxtı ilə saat 13:00-da Ləzgi dövlət musiqi və dram teatrında baş tutub. Təxminən 210 nəfər iştirak edirdi. Olduqca gərgin keçən toplantıda Yarəliyev Abdulatipova savaş açdı”, - deyə toplantıda iştirak etmiş mənbə bildirib.


Onun sözlərinə görə, toplantıda Abdulatipovun ünvanına olduqca sərt ifadələr işlədilib, Yarəliyevin postundan uzaqlaşdırımasının hər vəchlə qarşının alınacağı diqqətə çatdırılıb: “Bildirildi ki, Ramazan Abdulatipov inzibati resurslar vasitəsilə Yarəliyevə təzyiq edərək onu postunu təhvil verməyə çağırır. Maraqlıdır ki, toplantı Dərbənd üzrə nəzərdə tutulsa da, orada Cənubi Dağıstandan olan nümayəndələr də iştirak edirdi. Lakin tədbirin miqyası Abdulatipova güc nümayiş etdirdiyini göstərdi”.


Məlumata görə, toplantı iştirakçıları Rusiya prezidenti Vladimir Putinə, Rusiya Baş prokuroru Yuri Çaykaya, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikova və Putinin Şimali Qafqaz üzrə xüsusi nümayəndəsi Sergey Melikova müraciət ünvanlanıb.


“Müraciətdə İmam Yarəliyevin xidmətləri sadalanır. O cümlədən Dağıstan rəhbərliyinin Yarəliyevə qarşı təzyiq göstərdiyi vurğulanır. Abdulatipov millətçilikdə ittiham olunur. Müraciətə Dərbənd konyak zavoduna nəzarət edən, Dövlət Dumasının deputatı, milliyətcə dargin olan Murad Hacıyevin adı daxil edilib. Bu şəxs Dərbəndə qarşıdurma yaratmaqda ittiham olunur”, - deyə mənbə bildirib.


Məlumata görə, toplantıda xüsusi nümayəndə heyəti yaradılaraq, Abdulatipovla danışıqlar aparılması qərara alınıb. Yarəliyev qrupu Dağıstan rəhbəri qarşısında öz tələblərini qaldıracaq. Əgər tələblər nəzərə alınmazsa, Yarəliyevə qarşı təzyiqlər davam etsə, Cənubi Dağıstanda etiraz aksiyaları başlayacaq: “Toplantıda Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Dağıstan bölməsinin rəhbəri Seyran Rəhimovun iştirakı diqqət çəkirdi.

Onun bu addımı Dərbənd azərbaycanlıları arasında narazılıqla qarşılanıb. Çünki hazırkı situasiyada bir neçə azərbaycanlı alət kimi istifadə olunur. Buna görə də azərbaycanlılar arasında fikir ayrılığı var. Ehtimallara görə, Yarəliyevi qorumaq üçün son anda etnik qarşıdurma yaradılsın. İlk hədəf isə azərbaycanlılar olacaq. Çünki toplantıda azərbaycanlıların Yarəliyevi istefaya çağıran aksiyalar keçirilməsi pislənildi. Yarəliyev azərbaycanlıları hədəfə almaqla həm öz qisasını alacaq, həm də Kremlə bölgədə nə qədər lazımlı adam olduğunu nümayiş etdirəcək”.


Qeyd edək ki, ötən il Dağıstan rayon icra hakimiyyətini başçısı, Azərbaycan əsilli Qurban Qurbanovun “vurulmasında” Abdulatipovla Yarəliyev eyni cəbhədə yer almışdı. Hazırda onlar arasında ciddi qarşıdurmanın yaranması suallar yaradır.


Publika.az-a danışan mənbə bunun əsl səbəblərini açıqlayıb.


“Abdulatipov Qurbanovun yerinə keçmiş ədliyyə naziri Azadi Rəhimovu gətirmək istəyirdi. Yarəliyev şəhər məclisinin sədri seçiləndən sonra Abdulatipov onu yanına çağırıb və Azadi Rəhimovu Dərbənd rəhbərliyinə gətirilməsi tapşırığını verib. Yarəliyev isə bundan qəti imtina edib. Həmin vaxtdan bu iki şəxs arasında müharibə başladı. Dünənə qədər ehtiyatlı davranan Yarəliyev Abdulatipova qarşı açıq savaş başlatdı”, - deyə məlumatda bildirilir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR