• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qüdrət Həsənquliyev: “Prezidentlə görüş barədə təklif oldu”

  • Nida.az
  • 12 Fevral 2015 16:51
  • 485 Baxış
Qüdrət Həsənquliyev: “Prezidentlə görüş barədə təklif oldu”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Milli Şuranın sədri Cəmil Həsənlinin müxalifət-iqtidar dialoqunu qəbul etmədikləri barədə söylədiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, Milli Şuranın sədri Cəmil Həsənli və bu qurumda yer alan AXCP funksionerləri iqtidar-müxalifət dialoquna qatılmayıb. Görüşdən öncə isə sözügedən təşkilatların ayrı-ayrı nümayəndələri bu dialoqu qəbul etmədiklərini bəyan ediblər.

Publika.az-ın məlumatına görə, BAXCP sədri iqtidarın həmin şəxslərlə dialoqa getməsinə tərəfdar olmadığını söyləyib: “Çünki onlar son prezident seçkilərində xarici güclərin əlində bir alət olaraq istifadə olunub. Bu, artıq sözlə deyil, siyasi proseslərdəki hərəkətlərlə öz təsdiqini tapıb. Azərbaycan xalqı, hər kəs bilir ki, Milli Şura Rusiyanın ideyası idi. Rüstəm İbrahimbəyovun liderliyi altında bu siyasi layihə gerçəkləşdirildi. Ona görə də başqa dövlətlərin əlində alətə çevrilən siyasətçilərlə biz nələri, hansı milli məsələləri müzakirə edəcəyik? Odur ki, mən onların növbəti dəfə də görüşə dəvət olunmasının əleyhinə idim. Ancaq, təəssüf ki, həmin qüvvələr də görüşə dəvət edildi. Bu səbəbdən də qərar başqa cür oldu, onlar da dəvət olundu”.

Q.Həsənquliyev deyib ki, milli olmayan qüvvələrlə hər hansı milli məsələləri müzakirə etmək mümkün deyil: “Milli olmayan təşkilatlarla ölkənin həyatı, siyasi sistemin inkişaf etdirilməsi ilə bağlı nələri müzakirə etmək olar? Sabah onlara başqa tapşırıq gəlsə, onlar başqa mövqedən çıxış edəcəklər. Odur ki, mən onlarla dialoqun əleyhinəyəm”.

Bu gün Bakıda keçirilən iqtidar-müxalifət dialoqunda hansı məsələlərin müzakirə edilməsi məsələsinə də toxunan BAXCP sədri bildirib ki, görüşdə əsasən iki məsələ müzakirə olunub: “Daha doğrusu, iki təklif səsləndi. Bir təklif ondan ibarət idi ki, növbəti görüşlər prezidentin özünün iştirakı ilə baş tutsun. Yəni prezidentin özü də siyasi partiyaların sədrləri ilə görüşsün, özü partiya sədrlərini dinləsin. İkinci təklif problemli məhbus hesab olunan şəxslərin əfv məsələsinə baxılması ilə bağlı oldu”.

Q.Həsənquliyev qeyd edib ki, qarşıdan Avropa Oyunları gəlir: “Azərbaycanın əleyhinə olan ayrı-ayrı qüvvələrin bundan istifadə etməsinə imkan vermək olmaz. Odur ki, həmin şəxslərin əfv edilməsi və ya barələrində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə fikirlər oldu. Bununla bağlı siyasi partiyaların adından prezidentə müraciət olunması məsələsi razılaşdırıldı”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR