• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İlham Əliyevin uzaqmənzilli manevri: “Cənub qaz dəhlizi” bizə nə verəcək? – TƏHLİL

  • Nida.az
  • 13 Fevral 2015 13:55
  • 657 Baxış
İlham Əliyevin uzaqmənzilli manevri: “Cənub qaz dəhlizi” bizə nə verəcək? – TƏHLİL

Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeganə mənbə olduğunu faktiki olaraq təsdiqlədi.


Publika.az xəbər verir ki, dünən Bakıda “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində ilk görüş keçirildi. Bu görüş layihənin reallaşdırılması istiqamətində işlərin sürətləndirilməsi üçün atılan addım idi. Son geosiyasi proseslər və dünyadakı enerji manevrləri Bakıdakı toplantı fonunda diqqət çəkir. Xüsusilə “Cənub axını” layihəsindən imtina və “Türk axını” layihəsinin gündəmə gəlməsi Avropanın “Cənub qaz dəhlizi”nə diqqətini bir qədər də artırdı. Bu, Qərb-Rusiya qarşıdurmasından irəli gələn məsələ olmaqla yanaşı, Avropanın enerji təminatında Azərbaycanın yeganə mənbə olduğunu anlamasından da irəli gəlir.


XXI əsrin müqaviləsi: “Cənub qaz axını”


Azərbaycan 1994-cü ildə “Əsrin müqaviləsi”nə imza atmaqla iki mühüm məsələni həll etdi. Heydər Əliyev hakimiyyətə gələndə ölkəni böhrandan çıxarmağın yeganə yolunun neft strategiyasında olduğunu bilirdi. Qərb və yeni dağılan SSRİ-nin varisi Rusiya arasında yenicə başa çatan “soyuq müharibə” fonunda rəsmi Bakının durumu o qədər də ürəkaçan deyildi. Lakin Heydər Əliyev ağıllı gedişlə “Əsrin müqaviləsinə” nail olmağı bacardı. Bu müqavilə Avropanın neftlə təmin olunmasında xüsusi rol oynadı və 20 il öncə reallaşan layihə bu gün də işləyir. Heydər Əliyevi isə Azərbaycanın maraqları və gələcəyi düşündürürdü. Məhz 20 il öncə atılan addım bugünkü müstəqil Azərbaycanın ilk təməl daşı oldu.


Üzərindən 20 il keçdi. Qərb-Rusiya savaşı hələ də davam edir və bu savaşda əsas faktor mavi yanacaqdır. Bu gün beynəlxalq gücləri dünya müharibəsi astanasına gətirən Ukrayna böhranının arxa planında da məhz bu faktor dayanır. Qərb avropalıları soyuqdan qorumaq üçün Rusiyanın hər qış istifadə etdiyi “qaz təzyiqindən” xilas olmaq istəyir, bunun üçün alternativ mənbələr axtarırdı. Ortaya “Nabucco” layihəsi çıxdı. Layihənin müəllifi Qərb idi və hesablamalara görə, Azərbaycan qazı Avropaya çıxarılacaqdı. Lakin “Nabucco”nun taleyi acınacaqlı oldu. Bu layihənin olduqca bahalı olması və reallaşmasında ortaya çıxan problemlər Bakını da narahat edirdi. “Nabucco” arxivə atılanda çoxları Azərbaycanın strateji əhəmiyyətinin azaldığını, Avropanın enerji axtarışında yönünü dəyişdirdiyini düşünürdü. Lakin bu vaxt İlham Əliyev faktoru meydana çıxdı və Azərbaycan lideri incə, həm də kifayət qədər ağıllı manevr etdi. Rəsmi Bakı Avropaya yeni layihə təklif etdi: bu layihənin müəllifi başqa yerdə yox, məhz Azərbaycanda idi. “Cənub qaz layihəsi”.

Layihə iki hissədən ibarət idi: TANAP və TAP. TANAP Azərbaycandan Türkiyəyə, TAP isə Türkiyədən Cənubi Avropaya Bakı qazını çatdıracaqdı. Avropanın üzləşdiyi maliyyə böhranı qərbli siyasətçiləri çətin duruma salmışdı. Onlara görə, hansısa nəhəng layihəyə kapital yatırmaq onsuz da pis vəziyyətdə olan Avropanı çökdürə bilərdi. Azərbaycan lideri beynəlxalq proseslərin inkişafını yaxşı izləyir və Avropanın düşdüyü uçurumda ona əl uzatmağın ölkənin uzunmüddətli strateji əhəmiyyəti üçün məqam olduğunu anlayırdı. Məhz belə bir vaxtda TANAP və TAP ortaya atıldı. Bakı və Ankara Avropanın taleyini öz əllərinə alırdı.


1994-cü ilin 20 sentyabr tarixindən 20 il sonra 2014-cü ilin 20 sentyabr tarixində Bakıda “Cənub qaz dəhlizi”nin təməli atıldı. Bu “XXI əsrin müqaviləsi” idi.


Milli Məclisin deputatı Zahid Oruc Publika.az-a açıqlamasında “Cənub qaz dəhlizi” layihəsinin Prezident İlham Əliyevin əsl strateq olduğunu sübut etdiyini bildirib. Onun sözlərinə görə, Avropa ilə çox ciddi savaş vəziyyətində olan Rusiya “Cənub axını”nı ləğv edərək üzünü Türkiyəyə çevirməli oldusa, bu proseslərdən öncə Azərbaycan prezidenti “Cənub qaz dəhlizi”nin reallaşması üçün mühüm addım atdı: “Ölkə başçısı bəyan edib ki, bu layihəyə maraqlı olan ölkələr qoşula bilərlər. Keçmişdə Orta Asiya bölgəsinin planlarında maraqlı olan, onları öz strategiyasına qoşmağa çalışan Qərb dairələri özlərini bu gün daha məhdud çərçivədə həyata keçirilən layihələrdən kənar saxlamağa çalışırlar. Hesab edirəm ki, bu layihə sülh layihəsi olmaqla münaqişələrə yol açmır, Azərbaycanın iqtisadi imkanlarını möhkəmləndirir. Həmçinin gələcəkdə digər potensial ölkələrin bu layihəyə qoşulmasına şərait yaradacaq. Bu baxımdan dövlət başçısının bu layihəni mühüm dəyərləndirməsi sözün əsl mənasında Azərbaycanın siyasi və iqtisadi maraqlarına cavab verməsinin göstəricisidir. Həm də layihəyə olan yüksək maraq onu təsdiqlədi ki, “Cənub qaz dəhlizi” Avropa üçün Bakı-Tibilisi-Ceyhan qədər əhəmiyyətə malikdir”.


“Cənub axını”ndan imtinadan sonra Rusiyanın Türkiyə marşrutunu seçməsi Azərbaycan qazına ciddi təhlükələrin yarandığı məntiqini ortaya çıxardı. İlkin ehtimala görə, bu təhdidlər real idi. Çünki Rusiya “Türk axını” layihəsinin maksimum qısa müddətə - 2018-ci ilə qədər reallaşmdırmaq istədiyini açıqladı. Bu, 2018-ci ildən sonra Azərbaycan qazını Avropaya çıxaracaq “Cənub qaz dəhlizi”nin qabaqlanması və Bakının bir addım geri düşməsi idi. Lakin Prezident İlham Əliyev öz strateq qabiliyyətini işə saldı. Əvvəlcə Türkiyəyə səfər edən dövlət başçısı bağlı qapılar arxasında həmkarı Ərdoğanla müzakirələr apardı. Rəsmi Ankara “Cənub axını layihəsi”nə sadiqliyini bəyan etdi. Daha sonra Avropaya səfərlər edən Azərbaycan strateqi yaranmış təhlükələri bir-bir dəf etdi.

Ən maraqlısı odur ki, Azərbaycan lideri bütün bu manevrləri yaxın qonşusu və tərəfdaşı olan Rusiyanı incitmədən etdi. O nə qədər bacarıqlı diplomat olduğunu bir daha sübut etdi.


“Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizindən çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır”.


Prezident İlham Əliyev dünən baş tutan Məşvərət Şurasının görüşündə çıxışı zamanı Azərbaycanın önəmini bir daha vurğuladı. Təbii ki, Azərbaycan liderinin əminliklə dediyi bu sözlərin arxasında uğurlu siyasətin nəticələri dayanır.


Xüsusilə Prezident İlham Əliyevin “Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə yeni qaz mənbəyi olacaq” sözləri diqqət çəkir.


Politoloq Natiq Miri Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin çıxışının arxasında mühüm mesaj dayanır: “Rusiyanın “Türk axını” ilə Bakı qazını vuracağı ehtimalı böyükdür. Lakin Məşvərət Şurasının toplantısı göstərdi ki, “Cənub qaz dəhlizi” layihəsi üzrə iş sürətləndirilir. Görünür, Avropa da Rusiya qazında xilas yolu kimi bunu görür. Lakin dövlət başçısı bu mesajı hər iki tərəfə verir. Yəni gələcəkdə mümkün geri çəkilmələr olmamalıdır. Azərbaycan güclü qonşusunu qarşısına alaraq bu addımı atırsa, Avropa da bunu unutmamalıdır. Yeganə mənbə Azərbaycandır”.


“Cənub qaz dəhlizi” layihəsinin Azərbaycanın şəxsi maraqları baxımından önəmi də xüsusi qeyd olunmalıdır. Belə ki, bu, ölkənin gələcəyinə yatırılmış ən yaxşı kapital hesab oluna bilər. Birincisi, Azərbaycana əlavə iqtisadi divident gətirəcək. Ölkəyə gələn kapital həm sosial yaşayış səviyyəsini yüksəldəcək, həm də ümumi iqtisadi mənzərəyə müsbət təsir edəcək. İkincisi, Azərbaycanın dünyada önəmini artıracaq. Xüsusilə, Rusiya və Qərbin Ukraynada qarşı-qarşıya gəlməsi fonunda Bakının ən unikal çıxış yolu olması artıq faktdır. Avropanı xilas edən rəsmi Bakının əsas istəyi isə ilk növbədə ərazi bütövlüyünün bərpasıdır. Azərbaycan lideri çox güman ki, uzaqmənzilli gedişlərlə bu siyasi addımları planlaşdırıb.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR