Davudoğlunun İrəvana jesti – Bakı və Ankara erməniləri susduracaq
Bizi izləyin

Nida.az

Davudoğlunun İrəvana jesti – Bakı və Ankara erməniləri susduracaq

“Ermənistan Azərbaycanın işğal etdiyi bir rayonunu azad etsəydi, Türkiyə bu ölkə ilə sərhədi aça bilərdi”.


Publika.az xəbər verir ki, Davudoğlu bu barədə Türkiyədə yaşayan dini azlıqlarla görüşündə deyib.


Onun sözlərinə görə, İrəvan-Ankara münasibətləri Türkiyədə yaşayan ermənilərə təsir etməməlidir.


Rusiyanın “Vestik Kafkaz” nəşri Davudoğlunun bu çıxışını şərh edərkən Ermənistanda məsələyə birmənalı münasibət olmadığını yazıb.


Belə ki, erməni politoloq Sergey Minasyan sayta açıqlamasında Ermənistanın hazırkı rəhbərliyinin bu varianta getməyəcəyini deyib. Lakin erməni politoloq ölkədə bunun əksini düşünənlərin olduğunu da istisna etməyib.


“Açıq şəkildə dilə gətirməsələr də, Rusiyanın təsirindən qurtulmaq üçün Türkiyəyə xilas yolu kimi baxanlar var. Xüsusilə Gümrü hadisələrindən sonra bu tezis güclənib. Müəyyən kəsim sərhədlərin açılması qarşılığında Ankaranın bütün şərtlərini qəbul etməyin vacibliyi fikrini müdafiə edir. Hazırda fikir ayrılığı yaranıb”, - deyə erməni politoloq vəziyyəti şərh edib.


Politoloq Toğrul İsmayıl Publika.az-a açıqlamasında Ermənistanla sərhədin açılmasının ermənilərin özlərinə və Türkiyəyə də sərf etdiyini deyib: “Ermənistan düşdüyü acınacaqlı vəziyyətdən çıxa bilər. Türkiyənin də burda regional maraqları var. Lakin rəsmi Ankara dəfələrlə bəyan edib ki, Ermənistan bunun üçün işğalçı siyasətindən imtina etməlidir. Ən azından işğal etdiyi Azərbaycan torpaqlarının bir qismini boşaltmalıdır. Davudoğlunun bu açıqlaması Ermənistana jestdir. Türkiyə etdiyi jestin cavabını gözləyir”.


Politoloq qeyd edib ki, Türkiyə ilə Ermənistan sərhədləri 1993-cü il Kəlbəcərin işğalından sonra bağlanıb.


“O vaxtdan Türkiyə Ermənistana dəfələrlə çağırış etsə də, İrəvan reaksiya verməyib. Ermənistan Türkiyədən ilkin şərt olmadan danışıqlar aparmağı tələb edir. Hansı ki, burda ilkin şərtdən yox, bütöv bir təcavüzdən söhbət gedir. Ermənistan qondarma “soyqırımı” iddialarından əl çəkməli, işğal etdiyi əraziləri boşaltmalıdır. Qonşularına qarşı özünü yaxşı aparmalıdır. Lakin Ermənistan Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddiaları irəli sürür. Bu, beynəlxalq hüquqa ən pis yanaşmadır. Buna görə də Ermənistan aclıq məngənəsindən yalnız daha sivil ölkə olacağı təqdirdə qurtula bilər”, - deyə politoloq qeyd edib.


Rusiya saytı isə Bakı və Ankaranın Ermənistana qarşı sərt manevrlər edəcəyini yazıb.


“Çanaqqala savaşının 24 apreldə qeyd olunması “erməni soyqırımı”nın neytrallaşdırılması üçün atılan ilk addımdır. Şübhəsiz ki, bu işdə Ankaraya ən böyük dəstək Bakıdan gələcək. Prezident İlham Əliyevin Ankara səfəri zamanı da Ərdoğanla bu məsələ müzakirə olunub. Analitiklərin fikrincə, Ermənistanın “soyqırımın” 100 illiyində dünyaya səs salmaq istədiyi bir vaxt bu, onların özlərinə qarşı çevrilə bilər. İrəvanın Avropaya üz çevirməsi də buna təsirsiz ötüşməyəcək”, - deyə sayt bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm