"Əli Kərimli hakimiyyətlə gizli danışıqlar aparmaq istəyir"
Bizi izləyin

Nida.az

"Əli Kərimli hakimiyyətlə gizli danışıqlar aparmaq istəyir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı iqtidar-müxalifət dialoqunu qəbul etməyən şəxslərlə bağlı “Facebook” sosial şəbəkəsində açıqlama verib.

“Əli Kərimli bu görüşə qəsdən qatılmayıb. O, bu addımı ilə Azərbaycan dövlətinin imicini korlamaq istəyir. İstəmir ki, beynəlxalq təşkilatlar və bir çox qurumlar Azərbaycan hakimiyyətinin ölkədə demokratik ənənələrə uyğun olaraq iqtidar-müxalifət dialoqu təşkil etdiyini, siyasi partiyalarla görüş keçirdiyini, ölkədə mövcud olan problemləri birgə müzakirə apardığını görsün. Əli Kərimli görüşə qatılmamasına bəhanə kimi göstərir ki, görüşdə iştirak edən başqa partiyalar da var. Bunun sənə nə adiyyatı? Görüşün təşkilatçısı Azərbaycan iqtidarıdır. Hansı partiyanı görüşə dəvət etmək hüququ onlardadır. Əli Kərimli, təsəvvür et ki, görüşdə YAP-ın bir nümayəndəsi deyil, 17 nümayəndəsi iştirak edir. Görüş iştirakçılarının sayının məsələyə nə adiyyatı? Get, sözünü de, etirazını et. Nədən istəyirsən danış. Kimdir əlini sənin ağzına soxub danışmağa qoymayan? Nə məqsədin var ki, sən 17 nəfərin yanında deyil, 1 nəfərlə görüşmək istəyirsən? Gizli danışıqlar aparıb sövdələşmələr etməyə öyrəşmisən. Axı sən gizli danışıqlar da edib, sonradan xəyanət edənsən...”

Niyaməddin Orduxanlı Müsavat Partiyasının da görüşə qatılmamasına toxunub: “Müsavat isə Əli Kərimlinin şantajından qorxub görüşə qatılmadı. Bunun başqa səbəbi ola bilməz. Fikirləşirlər ki, Əli Kərimli görüşlə bağlı bütün beynəlxalq təşkilatlara “Müsavat Partiyası hakimiyyətlə yaxınlaşıb, onların maraqlarından çıxış edir” kimi donosçuluq edəcək. Məhz bu qorxudan görüşə qatılmadılar. Guya ki, Əli Kərimli kimin əsl müxalifət olması ilə bağlı sertifikat paylayanıdır. Milli Şuranın sədri Cəmil Həsənliyə gəldikdə isə o, Əli Kərimlinin şöbə rəhbəridir və onun dediklərini öz adı ilə deyir”.

N.Orduxanlı təmsil etdiyi partiyanın mövqeyini bir daha açıqlayıb: “BAXCP olaraq bəyan edir ki, iqtidarın həmin şəxslərlə dialoqa getməsinə tərəfdar olmamışıq. 2013-cü il prezident seçkilərində Əli Kərimli və bu qüvvələr Rusiyanın əlində bir alət olaraq istifadə olunublar. Bu, artıq real faktdır. Özləri acıq şəkildə bəyan edirdilər ki, Rüstəm İbrahimovun Milli Şura layihəsi Rusiyanın layihəsidir və Rüstəm İbrahimbəyovun liderliyi altında bu siyasi layihə gerçəkləşdirildi. Xarici dövlətin əlində alətə çevrilən siyasətçilərlə milli məsələləri birgə müzakirə etmək olarmı? Birmənalı şəkildə deyirəm ki yox! Məncə, iqtidar bu qüvvələri görüşə dəvət etməməli idi. Sabah onlara başqa tapşırıq gəlsə, onlar başqa mövqedən çıxış edəcəklər. Odur ki, mən də bu qüvvələrlə dialoqun aparılmasının əleyhinəyəm”.

“İqtidar-müxalifət görüşü çox əhəmiyyətlidir. Hətta Prezident Administrasiyasının nümayəndəsi Əli Həsənov bildirib ki, belə görüşlər Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında keçirilir. Belə tədbirlər ölkədə demokratiyanın, siyasi sistemin və qanunların aliliyinin təmin olunmasına birbaşa təsir göstərir” – deyə, BSXCP sədrinin müavini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm