"Saakaşvili ölkəyə gələn kimi tutulacaq” – azərbaycanlı deputat
Bizi izləyin

Nida.az

"Saakaşvili ölkəyə gələn kimi tutulacaq” – azərbaycanlı deputat

Gürcüstan parlamentinin iqtidardakı “Gürcü Arzusu” koalisiyasından seçilmiş azərbaycanlı deputatı Mahir Dərziyev sabiq prezident Mixail Saakaşvilinin Ukrayna prezidentinin müşaviri təyin edilməsinə münasibət bildirib.

Deputat M.Dərziyev Publika.az-a açıqlamasında deyib ki, Mixail Saakaşvilinin Ukrayna prezidentinin ştatdankənar müşaviri təyin edilsə də, bu, indiki Ukrayna-Gürcüstan hakimiyyəti münasibətlərinə heç bir təsir etməyəcək: “Bizim dövlət və hökumət rəhbərlərimiz bu məsələ ilə əlaqədar öz münasibətini bildirib. Yəni biz Ukraynaya bu cür adamları məsləhət görmürük. Çünki Saakaşvili və onun komandasının bir çox üzvləri hazırda axtarışdadır. Bundan əlavə, Saakaşvilinin Gürcüstanda reytinqi 2-3 faizdən də aşağıdır. Ona görə də biz dost ölkə olan Ukrayna rəhbərliyinə bu cür adamları yaraşdırmırıq. Amma yenə də onların qərarlarına qarışmaq niyyətində deyilik, özləri bilərlər. Gürcüstan rəsmiləri də dəfələrlə bəyan ediblər ki, bu cür addımlar Ukrayna ilə münasibətlərə heç bir mənfi təsir göstərməyəcək. Ancaq bu cür addımlar olmasa, daha yaxşı olardı”.

M.Dərziyev M.Saakaşvilinin yaxın gələcəkdə Gürcüstanda hakimiyyətə qayıtmaq planları ilə bağlı məsələyə də toxunub: “İndi Saakaşvili Gürcüstana qayıtmağı əsla istəməz. Çünki onun haqqında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digər tərəfdən isə, hazırda Gürcüstanda fəaliyyət göstərən hakimlərin əksəriyyəti Saakaşvili dövründə təyin olunan şəxslərdir. Yəni indi müxalifət bəhanə gətirib bizə deyə bilmir ki, sizin həmin hakimlərə təzyiqiniz var. Çünki bu hakimlər Saakaşvili dövründə təyin edilən adamlardır. Ali Məhkəmə sədrinin səlahiyyətləri də bu ayın sonunadək başa çatır. İndi onun yerinə kimin təyin edilməsi ilə bağlı Gürcüstan prezidenti ilə məsələhətləşmələr aparılır”.

Gürcüstan Parlamentinin deputatı qeyd edib ki, indi M.Saakaşvili bir neçə ağır cinayətdə ittiham olunur: “Gürcüstanda da Saakaşvilinin gəlməsini gözləyirlər. Amma Saakaşvili Gürcüstana əsla gəlməz. O, bura gələn kimi tutulacaq. Saakaşvilinin hakimiyyətə qayıtmaq iddiası isə boş bir xülyadır. Bütün rəy sorğularının nəticələri də onu deməyə əsas verir ki, indi Gürcüstanda Saakaşvilinin reytinqi ən çoxu 7-8 faiz təşkil edir. İndi Gürcüstanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı söhbətlər gedir. Əgər belə bir parlament seçkiləri keçirilsə, o zaman M.Saakaşvilinin partiyası bu gün malik olduğu mandatların yarısını belə itirəcək”.

Gürcüstan Parlamentinin digər azərbaycanlı deputatı, Milli Hərəkat Partiyasının funksioneri Azər Süleymanov sabiq prezident Mixail Saakaşvilinin Ukrayna prezidentinin müşaviri təyin edilməsinə münasibət bildirib.

A.Süleymanov Publika.az-a açıqlamasında deyib ki, Mixail Saakaşvilinin Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən özünə müşavir təyin edilməsi indiki Gürcüstan iqtidarını narahat edir: “Nəinki Saakaşvili, hətta onun komandasının 100-dən çox üzvü bu gün Ukrayna hakimiyyətində yüksək vəzifələr tutublar. Onların arasında nazir və nazir müavinləri də var. Bütün bunlar isə indiki Gürcüstan hakimiyyətinin xoşuna gəlmir. Artıq 2 ildən çoxdur ki, M.Saakaşvilinin Gürcüstanda qurduğu dövlət batmağa başlayıb. Ona görə də Ukrayna rəhbərliyi yaxşı anlayır ki, dağılmış ölkəni yenidən və tez bir zamanda qurmaqda N.Saakaşvilinin təcrübəsi onlara kömək ola bilər. Çünki vaxtilə M.Saakaşvili dağılmış Gürcüstanı qısa müddət ərzində yenidən qura və inkişaf etdirə bilmişdi. Amma çox təəssüf ki, bu gün Gürcüstanda hakimiyyətdə olan rəhbər şəxslər buna çox paxıllıq edirlər. Özləri bir iş görmürlər, görmək istəyən şəxslərə də imkan vermirlər”.

A.Süleymanov qeyd edib ki, bu gün Gürcüstan hakimiyyəti ilə Ukrayna hakimiyyəti arasında heç bir dostluq əlaqələri qalmayıb: “Bu əlaqələr indi aşağı səviyyəyə edib. Gürcüstan hökuməti Ukrayna səfirini çağırıb, ona narazılıqlarını bildirib. Ancaq bütün bunlar heç nəyi dəyişməyəcək. Bu yaxınlarda M.Saakaşvili və keçmiş baş prokuroru İnterpolun axtarışına vermişdilər. Amma M.Saakaşvili Avropadan sığınacaq aldığı üçün onları indiki Gürcüstan hökumətinə ekstradisiya etmədilər.

Bu gün də Gürcüstan hakimiyyəti Saakaşviliyə qarşı xoşagəlməz işlərlə məşğul olur. Dövlətin daxilindəki koalisiya da dağılmaq üzrədir. İndiki Gürcüstan hakimiyyəti Ukrayna ilə təzyiq yolu ilə danışa bilməz. Əgər bu cür danışacaqsa, bunu özünə qarşı etmiş olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm