ADR siyasi partiyalara “yox” dedi: “Yeni sultan, padşah, əvəzolunmaz lider...”
Bizi izləyin

Nida.az

ADR siyasi partiyalara “yox” dedi: “Yeni sultan, padşah, əvəzolunmaz lider...”

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının fevralın 21-də keçiriləcək təsis konfransına siyasi partiya sədrləri dəvət olunmayacaq.


Bunu Publika.az-a açıqlamasında ADR-in Təşkilat Komitəsinin üzvü, Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.


S. Əlisoy bunu ADR-in siyasi partiya yox, hərəkat olması ilə əsaslandırıb: “Cəmiyyətdə nüfuza malik bitərəf ziyalılar, bəzi gənclər təşkilatları və QHT-lər dəvət olunacaqlar. Hərəkatın təsisçiləri dəvət məsələsini müzakirə edərək bu qərarı verib. Bu gediş təkcə təsis konfransı üçün nəzərdə tutulmayıb. Biz siyasi partiyalardan izolyasiya xətti götürürük”.


ADR üzvü siyasi partiyaların ictimaiyyət arasında nüfuzunun aşağı olduğunu bildirib.


“Hərəkat siyasi partiyadan da böyük anlayışdır. Ona görə də hazırda siyasi partiyaya çevrilmə məsələsi aktual deyil. Gələcəkdə hərəkat kimi qalmağı və ya siyasi partiyaya çevrilməyi müzakirə edəcəyik. Lakin bizimlə birləşmək üçün mesaj verən siyasi qüvvələr var. Hazırda konfransa hazırlıq getdiyi üçün bu məsələləri sonraya saxlamışıq. Bütün gücümüzü təşəbbüs qruplarının yaradılmasına yönləndirmişik. Azərbaycanın ən azı 30 rayonunda təşəbbüs qruplarının yaradılmasını qarşıya məqsəd qoymuşuq. İndiyə qədər 26 rayonda təşəbbüs qrupu yaradılıb. Təsis konfransına qədər hədəflədiyimiz məqsədə çatacağımızı düşünürəm. Təsis konfransımızı yüksək səviyyədə keçirəcəyik”, - deyə o bildirib.


S. Əlisoy qeyd edib ki, heç bir siyasi partiya ADR kimi sürətlə təşkilatlanma işini həyata keçirə bilməyib: “Azərbaycanın 30-dan yuxarı rayonunda heç bir siyasi partiya indiyədək bu şəkildə təşkilatlana bilməmişdi. Bu gün bizdə dəqiq məlumat var ki, 15-ə qədər rayon təşəbbüs qrupu yaratmaq istəyir. Amma vaxt məhdudiyyəti var. Azərbaycanın bütün rayonlarında təşkilatlanma prosesinin gedişində hansı gücə malik olduğumuz üzə çıxacaq”.


S. Əlisoy ADR-in hədəfləri ilə bağlı maraqlı açıqlamalar verib.


“Bizim yeni sultan, padşah, əvəzolunmaz lider yetişdirmək kimi planımız yoxdur. ADR kollegial qaydada idarə olunur, bundan sonra da belə olacaq. Şəffaf olacağıq və baş verən hadisələrlə bağlı dəqiq məlumatı ictimaiyyətlə bölüşəcəyik. ADR rəhbərliyində ortaq məxrəcə gəldiyimiz bir fikir də var. Bu, pozitiv enerjimizi Müsavatda sərsəm fikirlərə yönəltməyəcəyimizlə bağlıdır. Onların yalnız bir dili var - cəzalandırmaq və partiyadan qovmaq. Dialoq dilləri yoxdur.

Bu, saxtakarlara xas olan danışıq tərzidir. Adama sual verərlər, sən kimsən? Demokratik partiyasan, yoxsa cəza dəstəsinin, terror qruplaşmasının üzvüsən, gestaposan, “ETTALAT”san? Demokratiyada fikrə görə cəzalandırmaq harada yazılıb? Bir adam hərəkatı dəstəkləyirsə, ona cəza düşür? Sadəcə olaraq, narahatlıq içindədirlər. Müsavatın intellektual kəsiminin böyük qisminin ADR-də təmsil olunması onları ciddi narahat edir. Buna görə də onların bir danışıq dili qalıb: yalnız cəza”, - deyə ADR üzvü bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm