Rusiya səfiri: “Azərbaycanın müstəqil siyasətinin bütün nüanslarını yaxşı anlayırıq”
Bizi izləyin

Nida.az

Rusiya səfiri: “Azərbaycanın müstəqil siyasətinin bütün nüanslarını yaxşı anlayırıq”

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin RİA xəbər agentliyinə müsahibə verib. Səfir Rusiyanın Qərblə pisləşən münasibətləri fonunda Azərbaycan-Rusiya münasibətləri və Moskvanın Dağlıq Qarabağ münaqişəsində rolu barədə fikirlərini bildirib.

Publika.az Rusiya səfirinin müsahibəsini təqdim edir.

- MDB ölkələri ilə münasibətlər Rusiya diplomatiyasının çoxəsrlik tarixində tamamilə yeni fəsil və ya ən azından yeni səhifədir. Hazırda hansısa təcrübə haqqında danışmaq olarmı? Bu, Azərbaycan nümunəsində necə hiss edilir?

Əlbəttə, yeni fəsildir və bu səhifələr daha çox olacaq. SSRİ heç vaxt qayıtmayacaq və keçmiş sovet respublikaları beynəlxalq hüququn subyektləri olacaq. Hazırda Ukraynada baş verənlər aşkar şəkildə təsdiq etdi ki, Rusiya üçün onun yaxın ətrafında MDB məkanında baş verənlərdən daha əhəmiyyətli heç nə yoxdur. Biz bunu artıq 1991-ci ildən – SSRİ-nin dağılmasından sonra danışmağa başladıq. Müstəqil dövlətlər kimi Rusiya və Azərbaycanın münasibəti nümunə təşkil edir. Müstəqilliyinin birinci 10 il ərzində münasibətlər mürəkkəb idi. Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə Rusiya və rus dili haqqında yalnız mənfi tonlarda danışılırdı. Rusiyanın reaksiyası da buna uyğun idi. 2001-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin iki ölkə münasibətlərinin yeni prinsiplərini hazırladı. Bu, hər şeydən əvvəl bir-birinin müstəqilliyinə mütləq hörmət etmək, bir-birinin işlərinə qarışmamaq, ağıllı və qarşılıqlı əsaslarla əməkdaşlığın yaradılması idi. Bu prinsiplər zamanın sınağından çıxdı və bu günə kimi Rusiya ilə Azərbaycanın xeyrinə işləyir. Budur MDB məkanında diplomatik iş təcrübəsi.

Azərbaycanla münasibətlər müasir geosiyasi vəziyyət fonunda Rusiya üçün hansı mənanı verir?

Rusiya-Azərbaycan əlaqələrində hər şey sakit və stabildir. Rusiya Azərbaycanın müstəqil siyasətinin bütün nüanslarını yaxşı anlayır və eyni anlayış Bakıya da aiddir. Mən Bakıda artıq altı ildir işləyirəm. Hiss edirəm ki, Azərbaycanda da Rusiyaya eyni münasibət mövcuddur. Düşünürəm ki, bu, bizim xarici siyasətimiz üçün böyük üstünlükdür. 2014-cü ildə Rusiya-Azərbaycan münasibətləri üçün yaxşı il olub. Prezidentlər üç dəfə görüşüb. Rusiya və Azərbaycanın xeyli naziri qarşılıqlı səfərlər edib. Rusiyanın regionları da Azərbaycana böyük maraq göstərib. 2014-cü ildə Azərbaycanda Rusiyanın 22 nümayəndə heyəti olub və onlardan 12-nə regionların rəhbərləri başçılıq edib. Ticarət dövriyyəsinin həcmi artıb. Biz 4 milyard dollar kimi rekord bir səviyyəyə çatırıq. Azərbaycanda rus dilinin unikal vəziyyətinə əsaslanan humanitar əlaqələr yaxşı inkişaf edir. Məsələn, mən indiyə qədər Mixail Lermontovun anadan olmasının 200-cü ildönümü ilə bağlı Azərbaycanda keçirilən genişmiqyaslı tədbirlərin təəssüratlarını yaşayıram. Azərbaycanın birinci xanımının himayəsi altında və dövlət səviyyəsində keçirilən tədbirlər dünyanın heç bir ölkəsində keçirilmədi. Bizim xeyirxah münasibətlərimiz haqqında çox danışmaq olar. Amma ən əsası odur ki, irəli getmək lazımdır.

- Ukraynada baş verənlər Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edir?

- Azərbaycan müstəqil bir dövlət kimi Ukrayna da daxil olmaqla bütün məsələlər üzrə özünün siyasətinə malikdir. Bir çox məsələlərdə bizim qiymətləndirmələrimiz uyğun gəlir. Bəzi məsələlərdə isə uyğunsuzluq var. Amma mən prinsiplər haqqında danışıram. Biz maraqlarımız uyğun gəldiyi yerdə birgə işləməyi öyrəndik.

- Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Moskva və Bakının iqtisadi münasibətlərinə təsir etdimi?

- Birincisi, Azərbaycan sanksiyaları pislədi və Rusiya bunu qiymətləndirir. İkincisi, biz uzunmüddətli strateji maraqlara diqqət yönəldirik. Azərbaycan ötən il Rusiyaya ərzaq məhsullarının ixracını təxminən 20 faiz artırdı və bununla da sanksiyalara görə yaranmış kənd təsərrüfatı məhsullarının çatışmazlığının yerinin doldurulmasına imkan yaratdı. Hesab edirik ki, kənd təsərrüfatı sektorunda əlaqələri yeni strateji əsasa keçirmək lazımdır. Bu gün Azərbaycan Rusiyaya 300 milyon dollarlıq məhsul çatdırır və biz bundan bir neçə dəfə çox məhsulu qəbul etməyə hazırıq. “Qazprombank” Azərbaycanda neft emalı zavodunun tikintisi üçün 430 milyon dollar kreditin verilməsi haqqında sənədi imzalayıb. “Rusiya əmanət bankı” və “Azərbaycan beynəlxalq bankı” Rusiya tərəfinin Azərbaycan sahibkarlarına 1,2 milyard dollar kredit verməsi haqqında razılaşmanı imzalayıb. Daha əvvəl isə Azərbaycan Rusiyaya təxminən 1 milyard dollar sərmayə qoyub. Biz sanksiyalara baxmayaraq, bir-birimizə etibar edirik. Ən vacib olan da budur.

- Sirr deyil ki, Dağlıq Qarabağın probleminin həll edilməsi üçün Azərbaycanda Rusiyaya böyük ümid bəsləyirlər. Amma eyni zamanda narazılıq var və vasitəçi qurum olan ATƏT-in Minsk qrupu tənqid olunur. Qrupun üzvlərindən biri də Rusiyadır. Bu barədə nə deyə bilərsiniz?

- Bu həqiqətdir ki, Rusiyaya xüsusi ümidlər bəslənilir. Mən bunu hiss edirəm və düşünürəm ki, bu ümidlər əsaslandırılıb. Münaqişə yarananda Rusiya dövlətin bir hissəsi idi. Amma Rusiya qüdrətli deyil. Mümkün deyil ki, Rusiya kiməsə əmr etsin və münaqişə həll olunsun. Hər şey çox mürəkkəbdir. Münaqişənin həlli üçün ilk növbədə münaqişə tərəflərinin özləri razılığa gəlməlidir. Rusiya həll prosesinə yalnız kömək edə bilər və biz kömək etmək istəyirik. Rusiya mümkün olan hər şey etməyə davam edəcək ki, münaqişə ədalətli əsaslarla həll edilsin.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm